Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Sen

    ÜMİDLƏR DOĞRULACAQ

    Pambıqçılıq çətin və məsuliyyətli bir sahə olsa da, Tərtər rayonunda təsərrüfatın bu qoluna maraq çoxdur. Ona görə ki, illərin təcrübəsi var: insan bütün çətinliklərə sinə gəlib zəhmətinin əvəzini görəndə, gəliri yaxşı olanda, evinə yaxşı qazanc, ruzi-bərəkət aparanda heç bir çətinlik gözünə görünmür.
    Elə bu il də tərtərlilər ümumilikdə Ağdərə rayonu ilə birlikdə 2436.53 hektar ərazidə pambıq əkiblər. İstehsalçılar müqavilələri MKT İK MMC-nin Tərtər filialı, “Azərpambıq” ASK MMC-nin Pambıq istehsalı və tədarükü məntəqəsi və “Elakoton” MMC ilə bağlayıblar. Rayon üzrə ən çox müqavilə MKT ilə bağlanıb. 364 nəfər bu MMC-yə daha çox güvənib.
    Vaxt yetişdikcə pambıq əkən fermerlərin həyəcanı da artır. Bunun səbəbləri var. Cari təsərrüfat ili pambıqçılar üçün heç də əlverişli olmayıb. Xüsusən səpin mərhələsində yağan yağışlar bitişlərin alınmasını gecikdirib və hətta bəzi fermerlər təkrar əkin aparıblar. Ancaq, necə deyərlər, bunların hamısı arxada qalıb. Hazırda yamyaşıl pambıq tarlalarında son becərmə işləri görülür.
    Tərtərin Poladlı kəndinin sakini İntiqam Əzimov ixtisasca aqronomdur. 7-8 ildir pambıq əkini ilə məşğuldur. Həm nəzəri bilikləri, həm də kifayər qədər təcrübəsi var. Ona görə də özünün dediyi kimi, hər il bu sahə ailə büdcəsinə xeyli gəlir gətirir:
    – Cari ildə çiyid səpinindən sonra sahələri suvardıq. Ardınca başlayan yağışlar isə vəziyyəti çətinləşdirdi. Bitiş gec alındı. Sahələrdə alağın həddən çox olduğuna görə pambıq bitkisini görmək mümkün deyildi. 3 dəfə əllə kətmənləmə apardıq. Bununla yanaşı, kultivasiya, sovkaya, müxtəlif xəstəliklərə qarşı aparılan tədbirlər də vaxtlı-vaxtında görüldü. Şükür Allaha, çətinliklər arxada qalıb. Düzdür, arxayınlaşmamışıq, ancaq artıq demək olar ki, zəhmətimiz bəhrə verəcək.
    Fermerdən onu da öyrəndik ki, o, “Azərpambığ”ın Pambıq istehsalı və tədarükü məntəqəsi ilə müqavilə bağlayıb. Hələ ki, bütün xərcləri şirkət özü ödəyir. Sonda əldə olunan gəlirdən xərclər çıxılacaq və ailəyə xalis gəlir qalacaq.
    İntiqam Əzimov deyir ki, bəzən fermerlər yüksək məhsul yetişdirmək üçün lazımi tədbirləri bir neçə dəfə həyata keçirir və xərcləri hesablamırlar. Nəticədə məhsul olsa da, qazanc əldə edə bilmirlər. Odur ki, becərmə zamanı mütləq mütəxəssislərdən məsləhət almaq vacibdir.
    Azadqaraqoyunlu kəndindən olan fermer Elmixan Quliyevlə də söhbətimiz maraqlı oldu. Onun sözlərinə görə, cari mövsüm iqlim cəhətdən pambıqçılıq üçün o qədər də əlverişli deyil: “Lakin əsl əkinçinin hünəri də elə budur ki, çətin şəraitdə məhsul götürə bilsin”. Fermer bildirdi ki, uzun illərdir pambıqçılıqla məşğul olur. Uğur qazandığı illər çox olub. Cari mövsümdə də əlindən gələni edir. 13 hektar sahədə məhsul becərir. Suvarmanı artezian vasitəsilə aparıb. Hazırda tarlalarda üçüncü suvarma başa çatıb. Fermer deyir:
    – Ən çox xərcimiz əl ilə kətmənləməyə çıxır. Bu tədbiri üç dəfə aparmışıq. Alağa qarşı istifadə olunan dərmanların keyfiyyəti yaxşı olsa, texniki üsulla becərməyə üstünlük vermərik.
    Yuxarı Qapanlı kəndinin sakini Zabil Quliyev isə MKT-nin Tərtər filialı ilə müqavilə bağlayaraq, 10,5 hektarda pambıq becərir. Deyir ki, MKT ilə müqavilə bağlayan fermerlər əkin sahələrini təbii hadisələrə qarşı sığortalayıblar. İndiki çətin hava şəraitində bu, olduqca vacib məsələdir. Belə ki, iyulun son 10 günü yağan intensiv yağışlar nəticəsində bitkilərdə inkişaf yaxşı getmədi. Ona görə də bəzi mülkiyyətçilər təkrar səpin apardılar, bəzi yerlərdə isə hələ də boş sahələr qalıb. Fermer onu da bildirdi ki, gözünü açandan əkinçiliklə, xüsusən də pambıqçılıqla məşğul olur. Bu mövsümdə olduğu qədər çətinliklər görməyib. İndi bütün fermerlər kimi, o da diqqətini sov-kaya, digər zərərvericilərə qarşı dərmanlama işlərinə yönəldib.
    Beləcə, Tərtərdə pambıq tarlalarında əməksevər əkinçilər alın təri ilə məhsul becərməsini davam etdirirlər. İnanırlar ki, sonda ümidlər doğrulacaq, çəkdikləri zəhmət hədər getməyəcək.

    Lazım QULİYEV,
    Azərbaycan

    Müəllif: Redaktor, 13:03

İsmarıclar bağlıdır.