Qədim Alban irsini özündə ehtiva edən, tari-xin cansız şahidlərindən daha biri olan Ballıqaya kəndinin keçmişi və bu günü olduqca maraq doğurur.
Ballıqaya (əvvəlki adı: Kiçan) oykonimi Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır. Etimologiyaya görə qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. Sahəsi 674 hektardır. Əsas məşğuliyyət maldarlıq və əkinçilik olmuşdur. Kənddə orta məktəb, klub, yardım stansiyası və s. mövcuddur.
Daha qədim mənbələrdən biri isə onu deməyə əsas verir ki, ərazi alban ərazisi olduğu üçün Ballıqaya oykonimi burada məskunlaşmış bal tayfasından adını almış etnotoponimdir. Bir qədər tarixə ekskurs edək. Nəzərinizə çatdırım ki, mənbənin bu hissəsi olduqca maraqlıdır:
Yazılı mənbələrdə ballar ilə Artsax arasında IX əsrdə baş vermiş hərbi toqquşma-lar qeydə alınmışdır. Çox güman ki, bu toqquşmalar ballar öz heyvan sürülərini dədə-babalarına məxsus olan Artsax yaylaqlarına sürdükləri zaman baş verirdi. Belə hərbi münaqişələrin birində Amaras vilayəti çox böyük dağıntılara məruz qalmışdı. Lakin sonralar bal – Artsax münasibətləri diplomatiya yolu ilə nizamlanmışdı. Gəncəsər məbədində 1266-cı ildə həkk edilmiş yazıdan məlum olur ki, Artsaxın alban hökmdarı Həsən Cəlal Bal hökmdarının nəvəsi Mamkan ilə evlənmiş, bu nigahdan onların Atabəy adlı oğulları dünyaya göz aç-mışdı. Həmin Atabəy atasının ölümündən sonra Artsax hökmdarı olmuşdu. Beləliklə, Atabəy və Mamkanın simasında sakların Qarabağın dağlıq ərazisində hakimiyyəti bərpa olunmuşdur. Qarabağın dağlıq ərazisinin alban hökmdarı ilə Bal hökmdarının nəvəsinin ailə qurması müəyyən dərəcədə rəmzi məna daşımışdır. Burada Qarabağın dağlıq ərazisinin etno-mədəni inkişafının iki müxtəlif mərhələlərinin varisliyi, bütövlüyü öz əksini tapmış olur. Sak mənşəli ballar ayrıca bir etnik qrup kimi mövcudluqlarını son dövrlərə kimi qoruyub saxlaya bilmişlər. XIX əsrdə Qarabağ düzündə türk dilində danışan, yarıköçəri həyat tərzi keçirən maldar bir qəbilə ballılar adı altında qeydə alınmışdır Ağdam rayonunun indiki Ballar kəndinin əhalisi həmin qəbilənin törəmələridir. Beləliklə, ballar (ballılar) qəbiləsi Qarabağda məskunlaşmış müxtəlif dilli və mənşəli xalqlar arasında adı tarixi yazılı mənbələrdə zaman baxımından birinci qeyd edilən etnik qrupdur və onların istər Qarabağın dağlıq ərazisini, istərsə də, Aran Qarabağı öz doğma yurdları hesab etmələri üçün başqalarından daha çox haqqları vardır.
Ballıqaya kəndində tanınmış abidə alban memarlığına və tarixinə məxsus Ballıqaya (Kiçan) monastırıdır. Kəndin ərazisindəki bu tarixi monastır kompleksi XII əsrə aid edilir. Monastır ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aiddir. Kitabə kilsə ərazisindəki xaçdaşların birinin üzərindədir. Bütövlükdə Ballıqaya (Kiçan) monastırından 10 kitabə aşkar edilmişdir. Abidə üzərindəki kitabələrin birində monastırın XVIII əsrin ortalarında bərpa edildiyi məlum olur. Ballıqaya (Kiçan) monastırı inşa texnikası, nalvari apsidaları kimi bir sıra digər xüsusiyyətlərinə görə V-VII əsrlər Qafqaz Albaniyası kilsələrinin xüsusiyyətlərini daşıyır. Ballıqaya (Kiçan) monastır kompleksinin memarlıq xüsusiyyətlərini tədqiq etmiş memarlıq doktoru, professor Gülçöhrə Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyası memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir. Ballıqaya (Kiçan) monastırının baş kilsəsini digər alban kilsələrindən fərqləndirən əsas cəhət odur ki, abidənin yan otaqlarının əsas kilsə həcminə birləşdirilməsi sayəsində kilsə binası xaçvari forma almışdır. Kompozisiyanın mürəkkəbləşdirilməsi, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması IX-XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur. Belə ki, Ərəb xilafətinin zəifləməsilə IX əsrdən etibarən dağılmış və zədələnmiş erkən orta əsr kilsələrinin bərpası və genişləndirilməsi prosesi vüsət almışdır. Bu məqsədlə kiçik zal kilsələrinin həcminin böyüdülməsi üçün onlara tikilinin eni boyunca düzbucaqlı formalı yan otaqlar əlavə edilməyə başlanmışdır.
Ballıqaya (Kiçan) monastır kompleksi Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi Mamrux kilsəsi memarlığını xatırladır. Mamrux kilsəsinin memarı da Kiçan monastırının başkilsəsinin memarı kimi yan otaqlar və yan keçidlərin portalları arasında iki kiçik otaq inşa etməklə kilsə üçün ayrılmış ərazinin daha səmərəli istifadəsinə nail olmuşdur. Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır.
Ballıqaya (Kiçan) monastır kompleksinə iki kilsə, böyük yemək zalı, narteks, rahib hücrələri və böyük qəbiristanlıq daxildir. Ballıqaya (Kiçan) monastır kompleksinin ən əhəmiyyətli tikilisi olan başkilsə tağtavanlı örtük və nalvari formalı apsidaya malikdir. Monastır kompleksində şimal-şərq tərəfdən kilsəyə birləşən iki uzadılmış yan otaqlar da oxşar formalı apsida ilə təmin olunmuşdur. Yan otaqlar kiçik qapı vasitəsiylə narteksin şərq hissəsi ilə əlaqələndirilmişdir. Narteksin bu hissəsi böyük tağlı divar vasitəsilə digər hissədən ayrılmışdır. Qərb tərəfdən kilsə binasına bitişik narteks inşa edilmişdir.
Narteks və kilsə arasındakı boşluğu memar daha iki kiçik otağın yaradılması üçün istifadə etmişdir. Kilsə binasının divarları kobud işlənmiş yerli daşlardan hörülmüş və daxildən əhəng məhlulu ilə suvanmışdır. Kilsənin içəri divarlarında yeddi niş vardır. Kilsənin maraqlı memarlq xüsusiyyətlərindən biri də, altarın tağa keçid hissəsinin yarımqalxanvari formada olmasıdır. Monastır kompleksinə daxil olan ikinci kilsə binası kompleksin cənub tərəfində yerləşir. Tağtavanlı zal kilsəsi quruluşuna malik olan bu abidə üzərindəki kitabədən onun XVIII əsrin ortalarında bərpa edildiyi məlum olur. Kilsənin şimal divarına kiçik əlavə otaq inşa edilmişdir. Yaxşı yonulmuş daş bloklardan hörülmüş dayaq tağları istisna olmaqla, kilsənin bütün divarlarının inşasında kobud çay daşlarından istifadə edilmişdir. Kilsə girişində timpan yerinə XII-XIII əsrlər üçün xarakterik dekora malik xaç daşından istifadə edilmişdir. Kompleksin cənub küncündə 7.6 x 4.9 metr ölçüyə malik yemək zalı yerləşir. Zal tağtavana və divarlarında çoxlu nişlərə malikdir. Yemək zalının yanında sıra ilə rahib hücrələri düzülmüşdür. Monastırın yerləşdiyi təpənin qərb ətəyində orta əsrlərə aid böyük xristian qəbiristanlığı vardır. Ərazidə daha bir tarixi abidə-Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidə Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisində Xaçın-çayın sahilində yerləşən Axmaxi kurqanlarıdır.
Ballıqaya kəndi 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üç-tərəfli bəyanata uyğun olaraq Ballıqaya kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ballıqaya kəndi Azərbaycana qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Türkan Qasımova,
BDU-nun dissertantı