Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    (Sənədli hekayə)

    1990-cı illərin əvvəli idi. Tərtər rayonunda Borsunlu təpələrinin o tərəfində ermənilər, bu tərəfində isə azərbaycanlılar yaşayırdılar. Kənddə əli silah tutan kişilərin hamısı növbə ilə gecə-gündüz burada kəndi qoruyurdular.
    Hər ailə gündə bir dəfə onlara xörək hazırlayıb gətirirdi. 1991-ci il, avqustun 17-si növbə Bəhməngilin idi, ancaq nahar vaxtı çatsa da, gələn olmamışdı. Kəndin ağsaqqalı Surxay kişi vəziyyəti görüb, Bəhmənə dedi:
    – Gecədən başlayan atışma yenicə dayanıb, fürsətdir, indi uşaqlar nahar edib, bir az dincəlməlidirlər. Bəlkə özün kəndə gedib, bir xəbər gətirəsən?
    Elə bu vaxt aşağıdan qaça-qaça gələn bir oğlan uşağı göründü. O, təpədəkilərə çatıb, tövşüyə-tövşüyə, ancaq sevincək bildirdi:
    – Bəhmən əmi, sənin oğlun oldu. Qadınların başı qarışıb, xörəyi bizimkilər hazırlayırlar. Yarım saata kimi gətirəcəklər.
    Uşağın adını Elman qoydular. Bu körpə dünyaya gələndə ilk eşitdiyi “Alazan” raketlərinin gurultusu oldu. Hadisədən bir il sonra, 1992-ci ildə Surxay kişi kolxoz sədri seçildi. Həmin axşam Surxay müəllim kəndin ağsaqqallarını bir yerə yığıb, gecədən xeyli keçənədək söhbət etdi. Qərara aldılar ki, kənddən kənarda yaşayan bütün cavanları geri çağırsınlar. Birinci olaraq bu addımı o, özü atdı. Vol-qoqradda yaşayan oğlu İsmayıla zəng vurub, təcili kəndə qayıtmasını xahiş etdi. Qəmbər müəllimin oğlu Cəmaləddin Mingəçevirdə həkim işləyirdi, o da gəldi. Beləliklə, bütün cavanlar doğma ocağa qayıdaraq, kəndin müdafiəsinə qoşuldular, həm də yerli özünümüdafiə batalyonuna maddi dəstək oldular.
    Balaca Elman atasından bir addım belə ayrılmaq istəmir, özündən böyük– 13-15 yaşında uşaqlarla kişilərin yanına getməyə can atırdı. Ataları bu uşaqların əlindən avtomatı ala bilmirdilər. Qadınlar isə çiyinlərində döyüş sursatı ilə dolu yeşikləri və hazırladıqları xörəyi daşıyıb gətirirdilər.
    Həmin uşaqlar böyüdülər, kənddə isə hələ də hamı onları “balaca döyüşçü”lər deyə çağırırdı. Gün gəldi, bu “balaca döyüşçü”lər atalarının başa çatdıra bilmədikləri vəzifəni qanları, canları hesabına sona qədər yerinə yetirərək, tarix yazan qəhrəmanlara çevrildilər.
    Onlardan biri də 44 günlük Vətən müharibəsinin şəhidi Elman Bəhmən oğlu Məmmədovdur.
    Elman onu tanıyanların hər birinin xatirində qorxmaz, igid, eyni zamanda çox şən bir insan kimi qalıb. Anası ilə həmişə zarafat edib deyərmiş ki, gözümü açıb müharibə görmüşəm, onun başa çatmasında da özüm iştirak edəcəyəm.
    Uşaqlıqdan kəndin kişiləri ilə Borsunlu təpələrində, təbiətin bu füsunkar guşəsində vaxt keçirən Elman təbiəti, ümumiyyətlə gözəlliyi çox sevirdi. Böyüyüb orta məktəbi bitirdikdən sonra fotoqraf peşəsini seçmişdi. Adi gözlə görə bilmədiyini fotoobyektivinin gözü ilə görür və olduqca maraqlı şəkillər çəkirdi.
    Günlərin birində qonşuda nişan mərasimi idi. Qız-gəlinlər bir-birindən gözəl görünür, hamısı da xatirə şəkli çəkdirmək istəyirdi. Onun diqqətini isə bunlardan yalnız biri– Ələsgərlidən olan və onların kəndinə qonaq gələn Xanım çəkirdi. O, fotoobyektivində görünən bu qıza baxdı və anladı ki, həyatında bundan başqa heç kəs ola bilməz. Onlar çox az bir müddətdə xoşbəxt ailə həyatı yaşadılar.
    Oğlu Adəm dünyaya gələndən sonra, o, Xanımı itirdi. Ancaq oğlunu da özü böyüdə bilmədi. Xanımın valideynlərinə təsəlli olsun deyə, Adəmin tərbiyəsini onlara tapşırdı.
    Bundan sonra Elman orduya getmək qərarına gəldi. Əslində o, bu qərarı lap çoxdan vermişdi. Evdəkilər də bunu bilirdilər.
    O, əsgərlikdə sülhməramlılarda xidmət etmişdi. Ali təhsili olmasa da, ordu sıralarında xeyli bilik əldə etmiş, nümunəvi xidməti ilə fərqlənmişdi. Ordu həyatı onu yenidən özünə cəlb edir, hələ uşaqlıqdan anasına verdiyi vədi yerinə yetirməyə can atırdı.
    Beləliklə də, 2020-ci il iyunun 17-dən o, Azərbaycan Ordusu sıralarında müddətdən artıq xidmətə başlayır.
    Orduya getməmişdən əvvəl yoldaşları ilə birlikdə yenidən kəndin ətrafındakı təpələrə çıxır. Bu, o təpələr idi ki, uşaq vaxtı yıxıla-yıxıla atasının dalınca bura gələr, böyüklərin erməni vəhşiliyi haqqında söhbətlərinə qulaq asardı. İllər keçdikcə isə erməni qəddarlığını öz gözlərilə görmüşdü. 30 il müddətində onlar onun doğma kəndinə, nəinki bu kəndə, elə bütün Azərbaycan xalqına olmazın zülmünü etmişlər.
    Elman orduya yola dü-şərkən yaxşı bilirdi ki, bir gün o cəlladlar öz əməllərinə görə cavab verməli olacaqlar.
    Deyirlər ki, həmin gün dumanlı, çiskinli bir havaydı, sanki təbiət boz bir pərdəyə bürünmüşdü. Elman qollarını geniş açır, bütün bu gözəllikləri bir daha görməyəcəyini düşünərək, vidalaşır və deyir: “Duman, salamat qal, çən, salamat qal”.
    Bundan sonra Elman qonşu kəndə gedib, orada baba və nənənin himayəsində olan oğlu Adəmlə görüşüb. Evlərinə qayıdıb və yenə də anasına Adəmi tapşırıb.
    Onun ikinci ordu həyatı Beyləqandan başlayıb. BMP tuşlayıcısı idi. Foto-obyektivdən baxmağa öyrənmiş gözündən heç nə yayınmazdı. Həmişə də irəliyə doğru can atırdı.
    Anası deyir ki, Vətən müharibəsi başlayanda, bir müddət Elmanla əlaqə saxlaya bilməyiblər. Sonra Füzulidən zəng vurub. Yenə də Adəmi soruşub və deyib ki, hər şey mən dediyim kimi olacaq, tezliklə bu müharibə başa çatacaq, övladlarımız əmin-amanlıq şəraitində yaşayacaqlar.
    Döyüşlərin birində onların BMP-si düşmən tərəfindən vurulub və alışıb. Özünü itirməyən Elman komandirini odun-alovun içindən sağ-salamat çıxarıb. Ancaq çətin müharibə şəraitində ekipajın bir növ evi sayılan texnikanı təmir etmək mümkün olmayıb.
    Bundan sonra BMP tuşlayıcısı Elman kəşfiyyatçı kimi fəaliyyətini davam etdirib.
    – Kim kəşfiyyata getmək istəyir? – sualına birinci cavab verən Elman dərhal irəli çıxıb və 6 nəfərlik dəstə ilə düşmənin arxasına keçib. Həmin dəstədən yalnız bir nəfər geri dönüb. O, yoldaşlarının tapşırığı layiqincə yerinə yetirərək, qəhrəmancasına şəhid olduqlarını söyləyib. Döyüş başa çatdıqdan sonra həmin hərbçiləri, Elman da aralarında olmaqla, götürmək mümkün olub. Hadisə Füzulinin Alıxanlı kəndində baş vermişdi.
    Elmanın qardaşı Rahil də Vətən müharibəsi iştirakçısıdır. İki qardaş eyni istiqamətdə, eyni cəbhədə vuruşsalar da, görüşmək onlara qismət olmayıb.
    Elman Məmmədov 4 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Borsunlu kənd qəbiristanlığında dəfn olunub.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elman Bəhmən oğlu Məmmədov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Səhifənin materiallarını hazırladı: Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.