Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    Bir il əvvəl – 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma baş verdi.
    24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13.00-da əldə olunan razılığa əsa-sən dayandırıldı. Bununla da xalqımızın Qarabağ həsrətinə birdəfəlik son qoyuldu. Torpaqlarımız bütövləşdi. Suverenliyimiz tam bərpa olundu.
    Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi.
    Sentyabrın 19-20-də Qarabağda aparılan antiterror əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhidliyə qovuşdu, 511 hərbi qulluqçu isə yaralandı.
    Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağdakı erməni birləşmələrinə məxsus olduğu silah-sursat və hərbi texnikanın təhvil verilməsinə başlanılıb.
    Sonuncu Qarabağ əməliyyatlarından sonra rəsmi Bakı etnik ermənilərin təhlükəsizliyinə zəmanət versə də və Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda erməni sakinlər üçün təhlükəli vəziyyətin olmadığını desə də, yerli əhalinin çoxu oranı tərk etməyə üstünlük verib.
    Bu proses dinc şəraitdə, tamamilə könüllü olaraq həyata keçirilib. Rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında iki dəfə –Yevlax və Xocalıda görüşlər keçirilib. Görüşlərdə erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı planlar müzakirə edilib. Qarabağın erməni sakinlərinə Azərbaycan vətəndaşlığını qəbul edib evlərində yaşamaq təklif olunub. Bu yerlərdən köçmək qərarını onlar özləri veriblər. Prosesi televiziya vasitəsilə dünya izləyib. Ona görə də bu gün bir sıra ölkələrin, xüsusilə Fransanın, Qarabağın erməni əhalisinin diskriminasiyası ilə bağlı iddiaları tamamilə əsas-sızdır.
    Bu iddiaları irəli sürən siyasətçilər yaxın keçmişimizi yada salıb, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından, öz dədə-baba yurdlarından köçürülməsinə aid dəhşətli səhnələri xatırlasalar, pis olmaz.
    Hazırda Tərtər rayonunun Bəyimsarov kəndində yaşayan Qərbi Azərbaycandan olan qaçqınlar deyirlər ki, biz illərlə tikib-qurduğumuz, zəhmətlə başa gətirdiyimiz ev-eşiyimizi, mal-heyvanımızı qoyub bura gəlmişik. Bizlərə qarşı terror aktları törədirdilər, milliyətimizə görə alçaldırdılar.
    Bəyimsarov kənd İƏD üzrə icra nümayəndəsi Aqil Şərifov deyir:
    – Vətən həsrəti heç zaman bitmir. Dünyadan köçənlərimiz də bu həsrətlə gediblər. Ermənilərin bizə qarşı törətdikləri vəhşilikləri saymaqla qurtaran deyil. İndi kimsə deyəndə ki, “yazıq Qarabağ erməniləri” zorla oradan çıxarılıb, ancaq təəccüb etmək olar. Axı, onlara orada “güldən ağır” söz deyən olmamışdı. Öz xoşları ilə gediblər. Biz hazırda doğma yurdumuzdan uzaqda yaşasaq da, inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində o yerlərə qayıdacağıq.
    Antiterror əməliyyatı zamanı rayonumuzdan 6 nəfər gənc şəhidliyə ucalıb, 23 nəfər qazi olub.
    Ruslan Lalayev, Elnur İbrahimov, Emin Abbaszadə, Cavid Səfərov, Rəşad Vəlizadə və Kənan Ağayev. Onların hər biri bir ailənin ümidi, gələcəyi idi. Arzularını, gələcəklərini qurban verdilər ki, Vətən torpaqları bütövləşsin, bu yerlərdə erməni terroruna birdəfəlik son qoyulsun.
    Dövlətimiz, xalqımız şəhidlərimizi və onların ailələrini heç zaman unutmur. Onların hər biri vətənin yüksək mükafatları ilə təltif olunub.
    Gənc yaşlarında döyüşlərdə yaralanan oğullarımız da qürurumuz, fəxr yerimizdir. Onlardan biri, Qaynaq kəndinin sakini Hüseyn Süleymanlı ilə görüşüb söhbət etdik. O dedi:
    –Həqiqi hərbi xidmət vaxtımın başa çatmasına 3 ay qalırdı. Sentyabrın 19-da antiterror əməliyyatının başlaması bizim üçün gözlənilməz olmadı. Biz bu məqamı gözləyirdik. Hər birimizin arzusu düşməndən şəhidlərimizin intiqamını alıb, işğal altında olan torpaqlarımızı geri qaytarmaq idi.
    Cəmi bir sutka ərzində Hüseyn iki dəfə yaralanıb. Döyüşün 2-ci saatında ayağından yaralanıb və özü-özünə yardım edərək yenə də odun-alovun içinə atılıb. Yenə də döyüşüb. İkinci dəfə budundan daha ağır yaralanıb.
    Onun vəziyyətini görənlər ayağının xilas olunacağına inanmırdılar. Ancaq həkimlərin səyi nəticəsində xeyli əməliyyatlardan sonra Hüseyn indi öz ayaqları üstündə yeriyir. Həm özü, həm də həkimlər səhhətinin daha da yaxşılaşması üçün mübarizəni davam etdirirlər.
    Prezident İlham Əliyevin dediyi kimi, müasir tariximizin yeni dövrü məhz 2023-cü ilin sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi.
    Bəli, bu gün Xocalıda, Xocavənddə, Xankəndidə, Ağdərədə, Azərbaycanımızın bütöv ərazilə-rində böyük qürurla Azərbaycan Bayrağı dalğalanır. Bu o deməkdir ki, qisas qiyamətə qalmadı, şəhidlərimizin qisası alındı.
    İndi isə qurub-yaratmaq, şəhər və kəndlərimizi dirçəltmək zamanıdır. Cəbhədə olduğu kimi, dinc şəraitdə də xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, o müqəddəs torpaqlarda möcüzələr yaradır.

    Svetlana Bağırova

     

    Müəllif: Redaktor, 12:58

İsmarıclar bağlıdır.