Cari tədris ili məktəbimizin kollektivi üçün sevincli hadisələrlə yadda qaldı. Belə ki, dərslərə Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan binada başladıq. Məktəb binasının özü ilə yanaşı, bütün avadanlıqlar da yenilənib. Sinif otaqlarında, idman zalında, fizika laboratoiyasında uşaqların yaxşı oxumaları və sağlam böyümələri üçün hər cür şərait yaradılıb.
Qeyd edim ki, şagirdlərimizdə elmə olan maraq çox yüksəkdir. Cari ildə məktəbi bitirən 18 məzundan 9-u universitetlərə, 2-si kolleclərə, 1 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə olmasını, burada tələbələrlə görüşünü də maraqla izlədik. Qürur hissi ilə bildirmək istəyirəm ki, məktəbimizin bir məzunu hazırda bu universitetdə təhsil alır.
Universitetdə çıxışı zamanı dövlətimizin başçısı vətənpərvərlik tərbiyəsində iki amili xüsusilə vurğuladı – ailə və müəllim. Çoxillik müəllimlik təcrübəm bu sözlərin nə qədər düzgün olduğunu təsdiqləyir.
Dövlətimiz yaşamaq, işləmək və təhsil almaq üçün çox gözəl şərait yaradıb, ölkəmizdə sülh və əminamanlıqdır. Bu günlərdə Azərbaycanın Suverenlik Gününün təsis edilməsi isə xüsusi bir sevinc hissi ilə qarşılandı. Bütün bunlara görə sevimli Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Var olsun suveren, bütöv Azərbaycanımız və onun Prezidenti!
Məmməd Məmmədov,
Bəyimsarov kənd
tam orta məktəbin riyaziyyat müəllimi