“O SƏHNƏLƏRİ ÖMRÜM BOYU UNUDA BİLMƏYƏCƏYƏM…”
Bu sözləri görüşümüz zamanı Xalidə xanım dedi.
Xalidə Budaqova 2004-cü ildən Müdafiə Nazirliyinin Tərtər Regional Məhkəmə Tibbi Ekspertiza Bölməsinin tərkibində hərbi tibbi sanitar işləyir. Bizim onunla ilk tanışlığımız 2009-cu ilin dekabr ayına təsadüf edir. Ehtiyatsızlıq qurbanı olan bir əsgərimizin nəşini şəriət qaydasıyla yola salmaq üçün bizə müraciət etmişdilər və axundumuz Hacı Sadiqlə Ekspertiza Bölməsinə getdik. Düzü, biz Xalidə xanımı orada görəndə təəccüb etmişdik. Etiraf edək, bir xanım üçün belə bir yerdə işləmək məsuliyyətli olduğu qədər də çox ağrılı və əziyyətlidir.
Bu arıqcüssəli xanımın özündən dəfələrlə böyük olan qəlbi rastlaşdığı insanların ona dərin hörmətlə yanaşmasına səbəb olur.
Xalidə Budaqova 31 mart 1971-ci ildə Azərbaycanın ən gözəl, səfalı guşələrindən olan Kəlbəcərdə dünyaya göz açıb. Sonralar ailəsiylə birgə Tərtərə köçüb. 2004-cü ildən, yəni çalışdığı vaxtdan üzübəri ermənilərlə bizim aramızda neçə döyüş baş veribsə, o, öz zəhmətiylə, yorulmazlığıyla qüsursuz xidmətini yerinə yetirib. Elə buna görə də dəfələrlə rəisləri tərəfindən fəxri fərmanlarla təltif edilib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsi tərəfindən “Vətən naminə” medalı da bu xanıma təqdim edilib.
Xalidə xanımla söhbət edən hər kəs istər-istəməz nəyin şahidi olur? Müharibənin xalqımıza yaşatdığı dəhşətlərin, məhrumiyyət-lərin, övlad itkisi acısının və daha nələrin. Bu xanımda neçə-neçə igidlərimizin xatirəsi var. Qarşımda sanki canlı bir ensiklopediya əyləşib. Söhbətimiz zamanı göz yaşlarına sahib ola bilmir, nə gizlədim, elə məni də kövrəltdi Xalidə bacı. Soruşdum ki, sizə ən çox təsir edən və xatirinizdə dərin iz buraxan hansı hadisələr olub? Bir neçə hadisə danışdı, çox kövrək, çox təsirli. Deyir ki, bir şəhidin cibindən balaca qızının corabları və saç sancağı, digər şəhidimizin də cibindən yenə qızının saç sancağı çıxdı, bu, mənə çox təsir etdi. Həmçinin düçmənlə ağır döyüşdə şəhid olan tankçımızın əli çənəsinə dayanıqlı halda qalması da çox təsirli mənzərəydi, sanki igidimiz dərin bir düşüncəyə dalıb gələcəyə baxırdı.
Xalidə xanım 2020-ci ilin Vətən müharibəsi zamanı Tərtər, Bərdə, Yevlax rayonlarında gərgin xidmətdə olmuşdur. O, həmçinin müharibədən sonra namərd ermənilərin ordumuza xain hücumu zamanı şəhid olan igidlərimizin hüquqi qiymətləndirilməsi zamanı həkim heyəti ilə birgə Göygölə ezam olunmuş, orada da ona tapşırılan işin öhdəsindən layiqincə gəlmişdir. Deyir ki, qardaş, insanıq, hər xasiyyətdə insanla rastlaşdıq, amma Yevlax MRX-nın yeməkxana müdirəsi Gülçin xanım və onun işçiləri qədər diqqətli, qayğıkeş insanlar görmədim. Allah onlardan razı olsun. Amin!
Bu yaxınlarda Xalidə bacının yaşadığı mənzildə yanğın olub, çox əşyaları yanıb külə dönüb. Bu şücaətli xanımın yanan evdən çıxardığı və bu gün də sevə-sevə saxladığı nə olub?! O gözəl, müqəddəs və Şəhidlərimizin son örtüyü olan Bayrağımız! Deyir ki, bu bayraq 2020-ci ilin müharibəsindən mənə qalan yadigardır!
Allah sizi qorusun, əziz Xalidə xanım! Biz sizinlə qürur duyuruq. Nə yaxşı ki, varımızsınız. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, sizə duaçı olsun onlar. Amin!
Saleh Ədilov