Hümbətzadə Vüsal Nurəddin oğlu. Onunla məni Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tanış etdi. Bildirdi ki, rayonumuzun Hacıqərvənd kəndindəndir, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bu il bitirib və İsveçrənin Sürix Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub. Ancaq təhsilini hərbi xidmətdən sonra davam etdirəcək.
Rayon rəhbəri onu da bildirdi ki, yaşı az olsa da Vüsalın uğurları çoxdur.
O, bu il İsveçrənin Sürix universitetində baş tutan qlobal yarışda Azərbaycanı təmsil edib və 1-ci yeri tutub.
Qeyd edək ki, Sürix Federal Texnologiya Universiteti (ETH Zurich) dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb. Al-bert Eynşteyn də həmin universitetin məzunu olub.
Azərbaycan Dillər Universitetinin tələbəsi Vüsal Hümbətzadə Pakistanın Azərbaycandakı səfirliyində səfir köməkçisi kimi təcrübə keçib. Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee tərəfindən təcrübə sertifikatı ilə təltif edilib.
Bu haqqda mediada müxtəlif paylaşımlar edilib.
Azərbaycan Dillər Universitetinin saytından:
“Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayee təcrübəçi Vüsal Hümbətzadənin təcrübə müddətindəki səmərəli fəaliyyəti haqqında danışıb: Vüsal Hümbətzadə 16.02.2024-cü il tarixində Pakistan Səfirliyində mənim köməkçim kimi 3 ay müddətindən çox təcrübə keçmişdir. O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edib. Yüksək iş etikası, problemlərin səmərəli həlli, problemlərin aşkarı və aradan qaldırılması, özünə inam, analitik düşüncə, təqdimat, motivasiya, qərar vermək, yüksək ünsiyyət, məntiqi düşüncə, şəxslərarası münasibət, stressə davamlı, kollektiv ilə işləmə, açıq fikirlilik kimi xüsusi bacarıqları olduğunu deyə bilərəm. O, gördüyü bütün işləri fərəhlə, zövqlə və böyük məsuliyyətlə yerinə yetirib. Mən inanıram ki, Vüsal Hümbətzadə gələcəyin ən uğurlu diplomatlarından biri olacaq”.
Vüsal oxuduğu nüddətdə fəal ictimaiyyətçi kimi özünü təsdiq edib. O, əvvəllər universitetdə”Gənc politoloqlar “ qrupunun sədri kimi fəaliyyət göstərib, sonra isə fəaliyyətini Pakistan Mədəniyyət Mərkəzində davam etdirib.
Ulu Öndərin 98-ci ildönümünə həsr olunmuş “Qələbəyə aparan yol”–esse müsabiqəsində iştirak edən mindən çox tələbənin içərisində qalib olub. O, həm də çəkdiyi gözəl rəsmlərlə tanınır.
Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə Taekvando idman növü üzrə “Fortis Cgroup”un təşkil etdiyi klublararası döyüşlərdə gənclər arasında 57 kq çəki dərəcəsində birinci yerə layiq görülüb. Azərbaycan Respublikasının Baş Naziri, Elm və Təhsil Naziri, Pakistan səfirliyi, Pakistan Mədəniyyət Mərkəzi tərəfindən ictimai-siyasi həyatda fəal iştirakına, tədbirlərin təşkili və keçirilməsində fəllıq göstərdiyinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanla təltif olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da Vüsal kimi gənclərlə qürur duyduğunu bildirərək, ona rayon icra hakimiyyəti adından xatirə hədiyyəsi təqdim edib.
Vüsal gələcəyin diplomatı, fəxrimizdir.İnanırıq ki,o hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək, arzularna qovuşacaq. Ona bu yolda ugurlar diləyirik.
Svetlana ƏZİZOVA