Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Apr

    ScanƏvvəllər də qeyd etmişdik ki, indi dəbdə ən çox iki peşə var– müğənni və jurnalist. Oxuya bilir və ya oxuya bilmir, nə fərqi varmış ki? Təki adı çıxsın.

    Mən adını jurnalist qoyan və cibində «Redaktor», şöbə müdiri, «müxbir» vəsiqələrini gəzdirən elə adamlar tanıyıram ki, öz tərcümeyi-halında və yaxud bir ərizədə neçə səhvə yol verir, məqalə nədir, oçerk, zarisovka, feyleton, novella, hekayə, xəbər… nədir bilmir, kəmsavad və ruslar demiş «tupoy»dur, bir sözlə, jurnalistika məsələlərindən başı çıxmır.
    Di gəl ki, iddiası «göynən gedir», dolanışığı superdir, əsil jurnalistləri bəyənmir, həyasızlığı da ki, öz yerində… Belələri jurnalistlərin adına qara ləkədir, onlara xəcalət gətirir. Kaş belə «jurnalistlər» bircə qırıq utana bilələr, adam deyə ki, ayıbdır, bizi biabır etməyin! Şirməmməd Hüseynov kimi halal və qürurlu jurnalistlərimizdən ibrət götürün, yaltaq və tamahkarlığınıza görə yerə girin, qızarın, tər tökün! Amma…çifayda!

    Haşiyə. Redaksiyada iş otağında oturub işləyirdim. Qapı döyüldü. «Buyurun»–dedim. İçəri lap çoxdan tanıdığım, digər bir sahədə ad qazanmış bir nəfər girdi. Xoş-beşdən sonra dedi ki, mən də sizin sahəyə keçmişəm. Və cibindən 3 müxtəlif vəsiqə çıxartdı. Birində hansı qəzetinsə redaktoru olduğu, birində digər bir qəzetin təsisçisi və redaktoru olduğu üçüncüsündə isə bir jurnalın müxbiri olduğu qeyd edilmişdi. Mən bu adamın necə yazı savadı olduğunu bildiyimdən vəsiqələrə məəttəl qaldım. O, öz soyadını, adını və atasının adını yazanda bir neçə hərfi buraxırdı.

    Soruşdum:

    – Bu vəsiqələri sənə həmin redaksiyalar verib?

    İncik halda dilləndi:

    – Əlbəttə. Özün bilirsən ki, mənim saxta işlə aram yoxdur.

    Bir də soruşdum:

    – Bu redaksiyaların hamısından əmək haqqı alırsan?

    – Yox, əşşi! Hardaydı elə beh-bazar? Vəsiqəni verirlər və deyirlər ki, get özünü də dolandır, bizi də.

    – Bəs axı, sənin yazı işindən başın çıxmır.

    – Çox sağ ol, vallah. Niyə çıxmır ki? Mən yaza bilmərəm ki, «filankəs yedi, dağıtdı» və yaxuda da «filankəs yaxşı işləyir?» Şəkillərini də yapışdır səhifəyə, qurtardı-getdi.

    Daha sözün qurtaran yeri idi.

    O gedəndən sonra fikirləşdim ki, insanın şüurunu düşdüyü mühit formalaşdırır. İndi ölkəmizdəki söz və mətbuat azadlığından istifadə edərək istəyən hər kəs bir qəzet və ya jurnal təsis edib, oraya dələduz və fırıldaqçı, savadsız və reket adamları toplaya bilirsə, bir adamın 3 media vəsiqəsi gəzdirməyində təəccüblü nə var ki?!

    Bütün bunlara görədir ki, jurnalist hörmətdən düşüb. Ona görə də qəzetçi adı eşidəndə bir çox idarə rəhbərləri qaçmağa yer axtarır. Çünki bilir ki, gələn müxbir ondan pul almamış əl çəkməyəcək.

    Bir çox qəzetlərin dırnaq arasındakı müxbirləri öz çirkin niyyətlərinə çatmaq üçün, yəni pul almaq üçün reket yolunu, şantaj üsulunu seçirlər. Məsələn, kiminsə adından şikayət ərizəsi yazırlar və yaxud özündən «faktlar» «toqquşdurub» gəlirlər idarə midirinin yanına: «Səndən yaman yazıblar, mən də sənə hörmət bəsləyən adamam, ərizəni götürüb gəldim ki, görək neyləyə bilirik?». Və yaxud  da: «Səndən camaat yaman şikayət eləyir. Deyirlər ki, dövlətin pulunu sağa-sola dağıdır, heç kimi saymır. Bu, nə işdir belə? Mətbuatdan qorxmursan?»

    Bunlar da baş tutmayanda gedirlər öz səviyyəsiz qəzetlərində anonsu anonsa calayırlar: «Filankəs filan əməllərin sahiibidir, dövlət əmlakını mənimsəyib, insanların hüquqlarını pozub və s. və i.a. Gələn nömrələrimizi izləyin!» Beləliklə bir xof yaradırlar; nədir-nədir, rekertçiliklə pul qazansınlar. İdarə müdirləri də qorxur ki, dilə-dişə düşərlər, «bərzeyi-xuda» deyib, bu fırıldaqçıların istəklərini yerinə yetirirlər. Həm də ona görə ki, idarə rəhbərlərinin hamısı düz işləmir ha! Belə «əldəqayırma jurnalistlər» də bəzi rəhbərlərin «zəif yerlərini» öyrənəndən sonra «öz əməliyyatlarına» başlayırlar. Bəlkə də düz eləyirlər? Hamı düz işləsə, hansı qəzetçi cürət edib, gəlib ondan təmənna umar?!

    Heç bir əsil aşığımızın, mollamızın, müğənnilərimizin və jurnalistimizin xətrinə dəyməsin. Çünki bu çəkəcəyim misal hamıya aid deyil.

    Əhvalat. Keçmişdə bir kişi öz oğlunu götürüb gətirir mollanın yanına və deyir:

    – Buna mollalıq öyrət.

    Molla kişiyə deyir ki, qoy əvvəlcə uşağın fərasətini yoxlayım, sonra şəyirdliyə götürərəm.

    Yoxlamadan sonra molla kişiyə deyir:

    – Bu uşaq çox utancaqdır. Ondan molla olmaz. Apar onu biraz sırtıqlaşdır, sonra gətirərsən.

    Kişi oğlunu götürüb geri qayıdır. Üç aydan sonra yenə uşağı ilə birlikdə mollanın yanına gəlir. Molla uşağı yoxlayandan sonra atasına deyir:

    – Pahooo! Oğlun həddindən çox sırtılıb, indi ondan molla yox, yaxşı bir aşıq olar.

    Adımıza ləkə gətirən «jurnalistlər» bəzi mollalardan və aşıqlardan daha çox sırtıqdırlar. Onlardan yaxşı «palatka müğənniləri» olar.

    Və çox qəribədir ki, belə üzdəniraq qəzet və jurnal yazarlarının, onlara vəsiqə verənlərin qarşısını almaq üçün elə bir ciddi təsir mexanizmi yoxdur. Buna görə də onlar yayda çirkli sularda əmələ gələn ağcaqanadlar kimi artırlar. Mənə elə gəlir ki, belə «jurnalistlərlə» biz hamımız elliklə mübarizə aparmalıyıq. Yoxsa bu «ebola virusu» kimi artan «xəstəliyin» qarşısını almaq mümkün olmayacaq. Və ən ağrılı yerimiz orasıdır ki, bu «xəstəliyə» ən çox xanımlarımız tutulublar. Nə yazdıqları beş şahıya dəyməz, nə də varlıqları. «Üç badam, bir qoz»dan başqa heç nə yaza bilməyən, kəmsavad (bəlkə bəziləri heç orta məktəb də bitirməyiblər), mənəviyyatsız və şərəfsiz jurnalist vəsiqəsi gəzdirənlərə görə adam öz halal vəsiqəsindən imtina etmək istəyir. Bunun bir sonu olacaqmı?!


                                                        Tofiq Yusif                                                                                                                                              

    Müəllif: Redaktor, 15:30

    Teqlər:

İsmarıclar bağlıdır.