Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Apr

    (Xatirə)

    Babam Əliş Kazımov Ağdamın Keşdazlı kəndində anadan olmuşdu. Nənəm Tamamla ailə qurduqdan sonra Tərtər rayonunun Evoğlu kəndinə gələrək bu kənddə məskunlaşmışlar. Əliş babamın beş oğlu dünyaya gəlmişdi. Ailə xoşbəxt günlərini yaşayırdı.Qesem Ancaq nə biləydilər ki, onları əzablı, məşəqqətli bir həyat gözləyir. Atamgil beş qardaş idilər. Qəşəm, Bahadır, Xanlar, Şahmar və sonbeşik Şahlar. Sovet hökuməti qurulan vaxtı böyük əmim Qəşəm Evoğlu kənd orta məktəbində  müəllim işləyirdi. Atam danışırdı ki, hamı işdən, dərsdən gəlib təzəcə evə yığışmışdı. Bərk qar yağırdı. Qəfil qapı döyüldü. Qara maşından tökülüb evə doluşdular. (Günahları da bu idi ki, babam din xadimiydi) Hamımızı ailəlikcə evdən çıxarıb maşına doldurdular. Qoymadılar ki, evdən bir şey də götürək.DSC_1679

    Bizi gəmi ilə Qırğızıstana,  ordan da Qazaxıstana apardılar. Qazaxıstanda insan yaşamayan bir düzənlikdə tökdülər. Soyuq bir qış günü idi. Hər yer ağappaq qarla örtülmüşdü. Soyuq adamı qılınc kimi kəsirdi. Donmamaq üçün hər ailə özünə daldalanacaq– daxma  tikməyə  başladı. Ancaq sə-hər oyandıq ki, daxmaların çoxu çö-küb, bütöv ailələr məhv olub. Kim ki, zəif idi, dözə bilmirdi bu əzablara.
    Elə bil tanrının da qarğışı keçmişdi. O qədər qar yağırdı ki, daxmalar uçur, şaxtadan, aclıqdan, xəstəlikdən hər gün nə qədər ölənlər olurdu. Bu əzab-əziyyətə  babam Əliş, balaca əmim Şahlar, böyük əmim Qəşəmin 2 yaşlı qızı da dözə bilmədilər, öldülər. Xeyli müddət keçəndən sonra əmim Qə–şəm ərizə yazıb hökumətdən xahiş edir ki, sürgündə olanlar üçün məktəb açsınlar. Əmimin bu arzusu yerinə ye-tir. Qəşəm əmim bu məktəbdə direktor işləyir.

    Bir gün bir dövlət nümayəndəsi əmimgilə gəlir. Birdən həmin qonağın gözləri əmimin evindəki   bir fotoşəkilə sataşır. Yeni faciələr də burdan başlayır.Sorğu-sual  edirlər. Demə əmimnən şəkli olan adam  « xalqa düşmən»imiş.  Deyirlər ki, sən də  sovet hökumətinin düşmənisən. Elə həmin gün əmimi evdən aparırlar. O gedən əmimi bir də görmürlər. Nənəm, atam, bir də Bahadır əmim bütün həbsxanalardan soraq eləyirlər  gördüm deyən olmur ki, olmur. Beləliklə Qəşəm əmimin nə öldüsündən, nə də qaldısından xəbər olmur. Tamam nənəm ölənə kimi oğlunu gözləyirdi. Son nəfəsində də  onun adını çağırırdı. Biz də həmişə Qəşəm əmimin sorağındayıq ki, bəlkə kimsə onun haqqında bir söz, bir soraq verər.

    Atamgil sürgündən qayıdandan sonra gəlib görürlər ki, evlərini söküb kolxoz idarə heyətinə bina tikiblər, evin içindəki əşyaları da dağıdıblar. Nənəm ağlaya –ağlaya danışırdı ki, evimdəki gəbəni bir nəfərin evində gördüm.

    Nənəmgilin çarəsizliyini görən bacısı Təzəgül onları yığıb evinə gətirir, qayğılarına qalır. Sonralar əmim Bahadır və atam Xanlar bir az torpaq götürüb daxma tikir və ailə öz evlərinə yığışır. Təzə-təzə özlərinə gəlirdilər ki, Böyük Vətən müharibəsi başlayır. Əmim Bahadır və atam Xanlar da vətəni qorumaq üçün müharibəyə gedirlər. Atamı Gürcüstana, ordan da Ukrayna cəbhəsinə aparırlar. Danışırdı ki, Gürcüstandan Ukranyaya  yüz kilometrlərlə yolu piyada getmişik. Komandir beş dəqiqəlik dincəlmək üçün vaxt verirdi. Yağışın, palçığın içindəcə  güya dincəlirdik. Ukranyaya çatmışdıq ki, göyün üzü qaraldı. Baxdıq ki,  bombardmançı təyyarələr göyü necə tutubsa, yerə qaranlıq çöküb. Əsil dəhşət idi, dəhşət! Bombardman başladı. Özümə gələndə məni dəhşət bürüdü, gözlərimi qan tutmuşdu, Əvvəl bilmədim nə olub. Ətrafa baxanda… Torpağın, ağacların üstü qol, qıç, insanların başqa əzaları ilə dolu idi. Elə adam var idi ki, ağlını itirmişdi. Mən də bu bombardmanın nəticəsində bir gözümü itirdim…

    Atamı və digər yaralıları xəstəxanaya aparırlar. Sağalandan sonra arxa cəbhəyə göndərirlər. 1947-ci ilə kimi  dağılmış şəhər və kəndlərin bərpasına kömək edirdilər.

    Əmim Bahadır da bu müharibədə yaralanır. Güllə boğazının bir tərəfindən dəyib o tərəfindən çıxır.

    Bahadır əmim və atam  müharibədən qayıdandan sonra kolxozda işləyirlər. İşləyə-işləyə də oxuyurlar. Əmim  Tərtərdə sığorta idarəsində, atam isə  kolxozda  mühasib işləyir. Kiçik əmim Şahmar əvvəl texnikumu, sonra isə Gəncə Pedaqoji İnstitutunu bitirir. Sonra aspiranturaya qəbul olur. O vaxtkı  Stepanakert Pedaqoji İnstitutunda müəllim işləyir. Erməni–müsəlman davası başlayanda bu institut Şuşaya köçür və Şahmar əmim də Şuşaya gedir.  Sonra yolun uzaqlığına görə öz yaşadığımız kəndə  müəllim gəlir. Ömrünün sonuna qədər  kəndimizdə şagirdlərə  bilik öyrədir.

    Mən özüm də Şahmar müəllimin şagirdi olmuşam və bununla fəxr edirəm. Universitetdə imtahan verəndə məndən soruşdular ki, ədəbiyyat müəllimin kim olub? Mən də dedim ki, Şahmar müəllim. Dedilər ki, sənin müəlliminə halal olsun! İndi də əmimin  Füzulinin «Leyli və Məcnun» po-emasından öyrətdiyi ayrı-ayrı par-ça- ları, «Söz» qəzəli yadımdadır.

     

     

                              Zəminə Kazımova,

                         Tərtər  Rayon Mədəniyyət

                        Evinin metodisti

     

     

    Müəllif: Redaktor, 08:45

    Teqlər:

İsmarıclar bağlıdır.