Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28May

    2fcc903849bf
    Ermənilər qondarma soy-qırımını dünyaya zorla sırıyırlar, gecə-gündüz saxta təbliğat maşınlarını işlədərək “zavallı”, “fağır” ermənilərin nəslini-kökünü kəsən, qətliam törədən türklərin necə “qaniçən”, necə “cəllad” olduqlarını bəşəriyyətə pərçim eləyirlər, bu sahədə bütün vasitələrdən televiziyadan, radiodan, mediadan, hətta anahidlərindən, marqolarından, yəni “axçik”lərindən də istifadə edirlər. Onlar özləri üçün “saxta tarix” yaradaraq dünya ölkələrinə “Böyük Ermənistan” ideyasını yeridə bilirlər, buna görə də Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Rusiya… hətta az qala Amerika dövlətlərinə qarşı torpaq tələbi irəli sürürlər və ikili standartlar müstəvisində haqlı da çıxırlar; ərazilər işğal edirlər, 200 ildir ki, azərbaycanlıları olmazın vəhşiliyi ilə, min bir qəddarlıqla qətlə yetirirlər və nəhayət, ağlasığmayan, tarixin qara səhifəsi olan dəhşətli Xocalı soyqırımını tö-rədirlər, yenə də bəzi dövlətlər onları “haqlı” sayırlar. Biz isə dədə-baba yurdlarımızın, bir mil-yondan çox didərginimizin, şəhidlərimizin, əlillərimizin, girov və əsirlərimizin, Qarabağ boyda sızıltılı yaramızın dərdini çəkmək əvəzinə televiziya ekranlarında yarımlüt “xanım”larımızı saatlarla göstərməkdən, ulduzları tutaşdırmaqdan yorulmuruq. Əksər kanallarımız “Dəli yığıncağı” düzəldib, bu xalqın əsəbləri ilə oynamaqdan əl çəkmirlər. Adını da qoyuruq “şou…”, nə bilim nə. Səsini çıxarana da deyirlər ki, bazar iqtisadiyyatıdır, özümüz-özümüzü dolandırmalıyıq. A balam, gərək özünü əxlaqsız, həyasız, tərbiyəsiz verilişlərlə dolandırasan?! Ayrı qazanc yeriniz yoxdur?! Niyə bu ədəbsiz verilişlərinizlə ulu bir xalqın milli-mənəvi dəyərlərini təhqir edirsiniz?! Əgər bədəninizi, biədəb sözlərinizi nümayiş etdirmək istəyirsinizsə, gedin özünüzə ayrı yer tapın. Xalqın, hətta dünyanın baxdığı verilişləri niyə bazara çevirirsiniz? Dədənizin evi deyil ha! Bəs gənclər, yeniyetmələr, uşaqlar sizdən nə əxz etsin?! Məgər sosial şəbəkələrdəki biabırçılıq bəs deyilmi?
    Biz də bilirik ki, qloballaşan dünyada, yəni yeni dünya düzəmində bir çox milli ölçülər ucuz-laşır, mənəvi dəyərlər itir, mental nizam-tərəzi əyilir. Lakin bu qədər də olmaz, axı! Bir yandan deyirik ki, gənclər bizim gələcəyimizdir, onlar dövlətimizin dayağıdır, o biri yandan da onların tərbiyəsinə pis təsir edən faktorların qarşısını almırıq. Beləliklə də gəncləri əyri yollardan və zərərli vərdişlərdən xilas edə bilmirik. Məhz bu sə-bəblərdəndir ki, hazırda bizim respublikamızda, həmçinin rayonu- muzda hələ də oğurluqla məşğul olanların, narkomanların, dələduz-ların kökü kəsilməyib. Ölkəmizdə, demək olar ki, hər gün qətl hadisələri baş verir. Erkən nigahlar, boşanmalar baş alıb gedir. Bunlar isə cəmiyyətimizin inkişafına ağır zərbə vurur.
    Biz isə gecə-günüz gənclərimizə düşmənin nə cür qəddar və amansız vəhşi olduğundan, türklərin və azərbaycanlıların zaman-zaman başlarına gətirdikləri müsübətlərdən, tarixi gerçəkliklərdən, Qərbi Azərbaycanda törədilən qırğınlardan, Bakı, Şamaxı, Quba soyqırımlarından, deportasiyalardan və s. və i.a danışmaq əvəzinə, görün nələr edirik. Bu sahədə dövlətimiz ardıcıl işlər görür. Ölkənin televiziyası da, mediası da, bütün mərdləri və namərdləri də Vətən məsələsində çəkici bir yerə vursaydılar, çox güman ki, dərdlərimiz bu qədər ağır olmazdı.
    Gənclərimizin bir vətəndaş kimi formalaşması həm bu, həm də digər şərtlərdən asılıdır.
    Insan dünyaya gələndə onun şüurunun ilkin formalaşması ailədən başlayır. Burada hansı abu-hava varsa, uşaq da ona uyğun tərbiyə alır. Hələ bir az da irəli getsək, ana bətnindən əxlaq öyrənir. Ailədən sonra küçə və məktəb mühiti gəlir. Daha sonra kənd, şəhər və beləliklə cəmiyyət. Bu mühitlər insanın keyfiyyət baxı-mından xarakterini şərtləndirir. Deməli, ailədən başlayan tərbiyə insanın ömür yolunda cəmiyyətdəki yeri ilə tamamlanır. Gərək bu ömür yoluna təsir edən amillər elə saf, elə rəvan və elə halal olsun ki, gənclərin vərdişləri də bunlara uyğunlaşsın.
    Haşiyə: Şeyx Şamildən soruşanda ki, sən adi bir aulda doğulmuş adam idin. Necə oldu ki, belə el hörməti qazandın?
    O, cavabında deyir ki, bu hörmət ailəmizdən başladı. Mən əvvəlcə valideynlərimə böyük hörmətlə yanaşdım. Onlar da bunun qarşılığını elədilər. Sonra həyat yoldaşıma və uşaqlarıma səmimi münasibət göstərdim. Onlar da mənə çox yüksək diqqət və qayğı ilə yanaşdılar. Bizim uşaqlara baxıb, qonşunun uşaqları və sonra onların valideynləri mənə böyük hörmət-izzət bəslədilər. Bu qonşuya baxdı digər qonşu eyni münasibət göstərdi. Sonra bütün kənd mənə ehtiramla yanaşdı. Belə-belə bu kəndə baxdı o biri kənd, mahal və nəticədə bütöv elin hörmətini qazandım.
    Bu əhvalatla demək istəyirəm ki, nəinki tərbiyənin, hər şeyin təməli ailədə qoyulur. Ona görə də ailələrin möhkəmliyi və mehribanlığı gənclərin pis vərdişlərə qur-şanmasının qarşısını ala bilər.
    Bu sahədə məktəbin də rolu az deyil. Açığını deyək, elə məktəblərimiz var ki, uşaqlarımız elə orda pozulurlar. “Müəllim-şagird pərdəsi” gözlənilmir, dərslər vaxtında və keyfiyyətlə keçirilmir, süni qiymətlər verilir və s. Təlim-tərbiyənin yarıtmaz vəziyyəti, məktəblərdə baş alıb gedən özbaşınalıq mühiti uşaqlar tərəfindən pis vərdişlərə meyilliliyi artırır, narkomanlığa, alkoqolizmə, siqaret çəkməyə, hətta oğurluq və qətl hadisələrinə yol açır. Bunların qarşısını almaq üçün təhsil sistemində əsaslı islahatların aparılmasına ciddi ehtiyac vardır.
    Gəncləri pis vərdişlərdən çəkindirmək üçün onların asudə vaxtlarının səmərəli təşkili ən vacib amildir.
    Bu sahədə bizim Tərtər rayonunda silsilə tədbirlər həyata keçirilir. Əsaslı rolu isə şəhərimizdə fəaliyyət göstərən “Gənclər Mərkəzi” oynayır. Rayon rəhbərliyinin tapşırığı və nəzarəti ilə həmin Mərkəzdə demək olar ki, hər gün müxtəlif və maraqlı tədbirlər təşkil olunur və bu da gənclərin asu-də vaxtlarının səmərəli keçirmələrinə şərait yaradır.
    Gənclərin məşğulluğunun təmin olunmasında da düşünülmüş siyasət yeridilir.
    Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərlə bağlı bir sıra Dövlət Proqramlarının qəbul edilməsi və onların yerinə yetirilməsi onu sübut edir ki, bu aktual və prioritet məsələ dövlətimizin də daim diqqət mərkəzindədir. Yuxarıda adını çəkdiyimiz “Gənclər Mərkəzi”nin açı lışında ölkə başçısının şəxsən iş tirak etməsi, orada bölgə rayonlarının gəncləri ilə görüşməsi də dediklərimizin məntiqi təzahürüdür.
    Ölkədə və eləcə də rayonumuzda xeyli yeni iş yerlərinin açılması da gənclərin məşğulluğunu təmin etmək məqsədini güdür.
    Bütün bunlara baxmayaraq, insanlarımızın arasında yenə pis vərdişlərə qurşanan və bu yoldan çəkinməyən gənclərimiz vardır. Əlbəttə, respublikamızda da, rayonumuzda da intellektual səviyyəsi çox yüksək olan ağıllı, bacarıqlı, işgüzar, məntiqli gənclərimiz az deyil. Onlar dövlət səviyyəsində, elmdə, idmanda və digər vacib sahələrdə çox böyük işlər görürlər. Lakin bunun əksindən də xali deyilik. Azərbaycanda kriminal vəziyyəti gərginləşdirənlərin əksəriyyəti məhz gənclərdir.
    Adını gah “Avropa mədəniyyəti”, gah “Qərb sivilizasiyası” qoyaraq, Azərbaycan xalqının tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə tamamilə yad və yabancı olan o qədər açıq-saçıqlığı, bizdə qəbul edilməyən iyrənc hərəkətləri, hətta cəmiyyətimiz tərəfindən pozğunluq kimi qiymətləndirilən əxlaqımıza zidd həyat tərzini məddahlıqla təbliğ edirlər və bunlara da hamıdan tez gənclərimiz “yoluxurlar”. Çünki insan pis vərdişlərə daha tez meyl edir
    Gəncləri pis vərdişlərdən çəkindirmək üçün çox işlər görülməlidir. Televiziya ekranlarında “ağ laşma”, “xoruz döyüşdürmə”, “qiybətqırma”, dingiş, bir sözlə, ucuz və duzsuz verilişlərə son qoyulmalıdır. Mobil telefonlarda, kompüterlərdə və əxlaqsız saytlarda yayılan biabırçılıqlara və ümumiyyətlə gənclərin psixologiyasına təsir edən bütün yaramazlıqlara qarşı birgə mübarizə aparmalıyıq. Yoxsa yenə də bəzi gənclərimizin sorağı Dubaydan, Suriyadan, Livandan, Misirdən, Əfqanıstandan, xarici terror təşkilatlarından, radikal dini cərəyanlardan gələcək. Bu isə Azərbaycanın imicinə və xalqımızın hörmətinə xələl gətirəcək.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 10:09

    Teqlər:

İsmarıclar bağlıdır.