Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28May

    12mmTərtərin Xoruzlu kəndində zəhmətsevər ailələrdən biri də Maqsud kişinin ailəsi idi. Bu ocaqda üç qız, bir oğul böyüyürdü. Həyat yoldaşı Tavad kəndin uşaq bağçasında işləyir, pambıq tarlalarında çalışırdı. Evə gələndə isə ailə qayğıları ilə məşğul olurdu. Beləcə illər-illərə calanırdı. Maqsud kişinin yeganə oğlu tez böyümək, ali təhsil almaq, ailəsinə layiq övlad olaraq valideynlərinin çəkdiyi bütün zəhmətin qarşılığında qürur yerinə çevrilmək istəyirdi. Belə də oldu…
    Maarif Məmmədov 1952-ci ildə o zamankı Kirovabad şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil oldu. Tələbəlik illərində gənc oğlan müəllimlərin mühazirələrinə diqqətlə qulaq asır, verilən tapşırıqları layiqincə yerinə yetirirdi. 1957-ci ildə Maarifin arzusu reallaşdı. O, institutu alim-aqronom kimi bitirdi.
    Maarif Məmmədov 1957-ci ildə yaşadığı Xoruzlu kəndində (“Oktyabr” kolxozunda) baş aqronom vəzifəsi ilə fəaliyyətə başlamışdır. Hər şey onun üçün doğma idi. Yaxşı bilirdi ki, taxılın, pambığın əkilib becərilməsində hansı aqrotexniki tədbirlər lazımdır. Axı, onun uşaqlığı elə taxılın, pambığın içində keçmişdir. İşgüzarlığı az bir müddətdə bacarıqlı mütəxəssisi rayon, hətta respublika səviyyəsində tanıtmışdır.
    Sonralar Maarif Məmmədovun əmək kitabçasına kənd təsərrüfatı istehsalat idarəsinin rəisi, rayonlararası təbiəti mühafizə müfəttişliyinin rəisi, kolxoz sədri, sovxoz partiya komitəsinin katibi, pambıq məntəqəsinin müdiri, aqrar-sənaye birliyində hüquq məsləhətçisi, tədarük müfəttişi, baş texnoloq, aqrokombinatın baş direktoru vəzifələri yazılmışdır. O, işlədiyi müddətdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək bir mütəxəssis kimi aqrotexniki tədbirlərin təsərrüfatlarda tətbiqinə nail olmuşdur. Bu gərgin zəhmətin nəticəsində “Sosializm yarışının qalibi”, “Kommunist əməyi zərbəçisi” döş nişanlarına və Fəxri Fərmanlara layiq görülüb. “Volqa” QAZ-24 markalı minik maşını ilə mükafatlandırılıb.
    Maarif müəllim işlədiyi müddətdə təkcə savadlı bir mütəxəssis kimi deyil, həm də sadə, təvazökar, qayğıkeş insan, tələbkar rəhbər ki-mi tanınmışdır. Gərgin zəhmətdən sonra təbiət qoynunda istirahət etməyi çox sevərdi. Bunu onun müxtəlif istirahət məkanlarında çək- dirdiyi fotolar da təsdiqləyir. Təbi-ətin gözəlliyindən, əsrarəngiz mənzərələrdən zövq alardı. Hər il yay aylarında Kəlbəcər rayonunun ağ örpəkli dağlarını yaxından seyr etmək, sərin bulaqlarından içmək, təmiz havasından udmaq üçün can atardı ki, ora getsin və gedərdi də…
    Baloğlan Çıraqlının dediklərindən: Azərbaycanın müxtəlif rayonlarından Kəlbəcərə, möcüzəli “İsti su” kurortuna gələnlərin sayı ilbəil artırdı. Bir dəfə gələn, təkrar bir də gəlirdi. Belə insanlardan biri də Maarif Məmmədov idi. Mən onunla doğma, indi həsrət qaldığım Kəlbə-cərimin qoynunda tanış olmuşdum. Xatirimdədir ki, istirahət günlərinin çoxunu dostları ilə birgə bu gözəl məkanda keçirərdi. Sonralar azğın ermənilərin füsunkar dağlarımızı, bulaqlarımızı əsir etməsinə dözə bilmirdi Maarif müəllim. Həmişə o yerlərin intizarını çəkirdi…
    Maarif müəllim dostluqda sadiq insan idi. Qaçqın-köçkün düşən zaman məni ilk axtaranlardan biri elə o olmuşdu. Bizə təskinlik verib evlərinə qonaq apardı. “Hər zülmət gecənin bir işıqlı sabahı var,”–dedi. Aradan 10-15 gün keçəndən sonra gördüm məskunlaşdığımız həyətə bir maşın gəldi. Sürücü məndən soruşdu:
    –Baloğlan müəllim sizsiniz?
    Bəli,–deyə cavab verdim.
    Həmin şəxs maşından 4 baş buzovlu inək və 20 baş quzulu qoyun düşürdüb dedi ki, bunları Maarif müəllim sizə göndərib. Dünyada 2 şey heç vaxt yaddan çıxmır. Yaxşılıq və pislik. Mən və ailəm bu yax-şılığı ömrümüz boyu unutmayacağıq. Əməlləri düz, əqidəsi təmiz, vicdanı pak olan xeyirxah bir adamı yaddan çıxarmaq insanlığa yaraşan deyil. Bu gün də mən onun xatirəsini əziz tutaraq övladları ilə əlaqə saxlayıram. Allah qorusun, çox layiqli qızları və yeganə oğlu Azər var.
    Milli adət-ənənələrimizdən ən vacibi valideynlərə hörmət göstərmək, ata-ananın yolunu saxlamaq və ailəyə, vətənə layiq övlad tərbiyə etməkdir. Bunlar hansı ailədə varsa, həmin ailəni xoşbəxt hesab etmək olar. Maarif müəllimin ailəsini bu mənada nümunə göstərmək yerinə düşər. Burada ailə dəyərləri həmişə qorunub saxlanmışdır.
    Haqqında hər kəs tərəfindən xoş sözlər söylənilən Maarif müəllim təkcə tələbkar və savadlı rəhbər, etibarlı dost, hər kəsin rəğbətini qazanmış ziyalı deyil, həm də ata-anasına layiqli övlad, övladlarına qayğıkeş ata, 11 nəvəsinin sevimli babası olub. Bu, qızlarının, oğlu Azərin, hətta nəvələri Gülhanənin, Rəvanın xatirələrində də bir daha təsdiq olunur.
    Həmin xatirələri oxuduqdan sonra belə bir fikrə gəlmək olur ki, Maarif müəllimin sevgisi təkcə işinə, ailə-sinə, yaxın dostu, həm də həyat yoldaşı Zabiləyə qarşı olmayıb.
    Oğlu Azərin xatirələrindən:–Atam torpağına, vətəninə, xalqına layiqli insan idi. Poeziyanı, musiqini sevirdi. Gözəl qarmon çalardı. Hərdən şeir parçaları yazırdı. Masaüstü kitabları ensiklopediyalar olurdu. Şərq ədəbiyyatına daha çox vurğun idi. Təbabətlə maraqlanırdı. Bizi də mütaliəyə həvəsləndirirdi. Ibadət etmirdi, lakin Allahı sevən bir insan idi. Təkəbbürdən uzaq, sadə, vüqarlı, dəyanətli, var-dövlət düşkünü olmayan, amma yaxşı yaşamağı xoşlayan şəxsiyyət idi. Bu gün atamız bi-zimlə bir olmasa da, fəxr yerimiz, qürur mənbəyimizdir. Sağlığındakı kimi onsuz yaşadığımız həyatda da fəxr edirik ki, məhz belə bir atamız olub. O, həmişə ağıllı fikirləri və məsləhətləri ilə bizimlədir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.
    İman Almuradovun dediklərindən: Mən Maarif Məmmədovla əvvəlcə narçılıq sovxozunda (1980-1987-ci illər), sonra isə rayon kənd təsərrüfatı idarəsində bir yerdə işləmişəm. O, tabeliyində olan insanlara qarşı qayğıkeş, ixtisasını gözəl bilən insan idi. Maarif Məmmədovla bağlı çox xatirələrim var. Sözü üzə deyən, qorxmaz adam idi. Rayonda sayılıb-seçilən idi…
    Oğlum hərbi xidmətdə olarkən bir gün evə gəldi. Təəccübləndim. Soruşanda bildirdi ki, incidildiyindən icazəsiz gəlib. Mən bunu bir dost kimi Maarif müəllimə dedim. Biz ikimiz də uşağı hərbi hissəyə apardıq. Orada komandirlə danışıb, işi qaydasına qoyduq. Mənim üçün bundan böyük yaxşılıq olmazdı.
    Maarif müəllimi bir dost, qardaş kimi xatırlayıram. Mənim qəlbimdə özünə xüsusi yer tutmuş bir şəxsiyyət idi. Allah ona rəhmət eləsin.
    Maarif müəllim ömrünün nurani çağında-73 yaşında dünyasını dəyişdi. Bu itki hər kəsin qəlbini sızlatdı.

                                                                                                                                                       Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.