Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasda giriş və yekun nitqləri söyləyib.
    Ölkə başçısı deyib: “Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığımız inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq”.
    Seçkilərə kölgə salmaq istəyənlərin növbəti dəfə iflasa uğradığını bildirən cənab Prezident deyib ki, “xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləcəyək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.
    Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində olan uğurlardan bəhs edərək göstərib ki, “Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabər-hüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur”.
    Cənab Prezident öz nitqində həmçinin Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışıb. O deyib: “Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onun qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu”.
    Qeyd olunub ki, “iki il bundan əvvəl aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif–guya onların ordusu güclü ordudur,–darmadağın edildi. Biz bu mifi məhv etdik”.
    Münaqişənin həlli ilə bağlı Prezident deyib: “Bunun bir yolu var. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır”.
    Cənab Prezident bildirib ki, “bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim ordumuz maddi-texniki silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir”. Ölkə başçısı deyib: “2016-cı ilin aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi– bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciətləri, əslində, öz məğlubiyyətlərinin etiraflarıdır”.
    Cənab İlham Əliyev həm-çinin ilin altı ayı ərzində əldə edilmiş iqtisadi göstəriciləri ictimaiyyətin nəzərinə çatdırıb. Qeyd olunub ki, aparılan islahatlar gözəl nəticələr verir. Xüsusən qeyri-neft sektorunun 2 faiz artması yaxşı göstəricidir. Bu o deməkdir ki, həmin sahəyə qoyulan investisiyalar öz bəhrəsini verir.
    Ötən altı ay ərzində kənd təsərrüfatı 7,6 faiz, o cümlədən birkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir.
    Yekun nitqində Prezident İlham Əliyev deyib: “Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq, hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün, qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”.
    Prezident İlham Əliyev yekun nitqində qarşıda duran vəzifələrdən danışaraq inkişafın yeni hədəflərini də bəyan edib. Bildirb ki, iqtisadi və maliyyə sektorlarında maksimum səffaflıq təmin olunmalıdır. Vergi və gömrük sistemlərində islahatların aparılması davam etdirilməlidir. Kadr dəyişikliyi aparılmalıdır. Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Prezident deyib: “Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır”.
    Prezident Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza barədə ətraflı məlumat verib və bildirb ki, hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır.
    Yekun nitqinin sonunda Prezident deyib ki, “bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək”

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:38

    Teqlər:

İsmarıclar bağlıdır.