Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    O,HEÇ ZAMAN UNUDULMAYACAQ

    Redaksiyamıza ağsaçlı, nurlu bir ana gəlmişdi. Onu görən kimi tanıdıq. Şəhid Rafiq Nuriyevin anası idi.
    Rafiq haqqında dəfələrlə qəzetimizdə yazmışıq. Ancaq şəhidlərin qəhrəmanlığı haqqında nə qədər danışılsa, azdır. Axı, bu ananın ağarmış saçlarının hər teli yarımçıq bir ömrün yazılmamış səhifəsidir.
    Bəsirə ana özü ilə çoxlu saralmış qəzet və fotoşəkil gətirmişdi. Bunlardan birini göstərib, dedi:
    –Rafiqi şəhidliyə aparan yol, bax, bu kiçik qəzet yazısından başlayır.
    Həmin yazıda deyilirdi ki, Azərbaycan Respublikasının torpaqlarını erməni işğalçılarından qorumaq üçün Əfqanıstan müharibəsi döyüşçüləri Milli Orduya daxil olmalı və təcili surətdə silahlanaraq müharibə rayonlarına göndərilməlidirlər.
    Rafiq bu çağırışa birincilər sırasında qoşuldu. Təhsilini, iş yerini atıb, Tərtərə, evlərinə gəldi. Valideynlərinə fikrini bildirib dedi: “Mən istəyirəm ki, Nuriyevlər soyadını daşıyanlardan biri qəhrəman olsun. Bu qəhrəmanlığı öz vətənim, xalqım yolunda göstərəcəyəm. Şəhid olsam, ağlamayın. Mən cəbhəyə öz arzumla gedirəm”.
    Rafiqi şəhidliyə aparan yol beləcə başladı. O, 1991-ci ilin noyabrında könüllü olaraq Milli Ordu sıralarına yazıldı və müstəqil Azərbaycan Respublikasının ilk ordu hissəsi olan birinci batalyonda kəşfiyyatçı kimi Şuşada, habelə Nəbilər, Kosalar, Cəmilli, Kərkicahan, Malıbəyli kəndlərində erməni qəsbkarlarına qarşı vuruşdu. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında snayper gülləsindən yaralandı və şəhid oldu.
    Rafiq Tərtər şəhər 6 saylı tam orta məktəbini bitirmişdi. Anası Bəsirə xanımın böyük qayğı ilə qoruyub saxladığı fotoalbomda onun bu məktəbin həyətində çəkilmiş çoxlu sayda şəkilləri var–sinif yoldaşları ilə çəkilmiş fotoşəkilləri. Bu uşaqlar artıq çoxdan ata-ana, baba-nənə olublar. Rafiq isə onların xoşbəxt həyatı uğrunda canından keçib.
    İndi onun adını daşıyan məktəb, o cümlədən həmin məktəbin həyətindəki bulaq yenidən təmir olunub. Bulağın üzərində Rafiqin şəkli var. Şəhid məzun doğma məktəbində təhsil alan şagirdlərə baxaraq sanki anasına demək istəyir: “Mən sözümə əməl etdim, ana. Mən qəhrəman oldum. Narahat olma. Bu uşaqlar məni heç zaman unutmayacaqlar. “Vətən”, “Ana” sözləri ilə yanaşı “Rafiq Nuriyev adına məktəb” yazacaqlar”.
    Məktəbli dəftərləri üzərində Rafiq Nuriyevin adını yazan bu uşaqlar qəhrəmanın ömür yolunu xatırlayacaqlar. O, heç zaman unudulmayacaq.
    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:56

    Teqlər:

İsmarıclar bağlıdır.