Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq

    Qəzetçini qəzetsiz təsəvvür etmək, balığı susuz təsəvvür etmək kimi bir şeydir. Elə biz də 7 il beləcə susuz balıq kimi yaşadıq.
    2005-ci ilin isti avqust günləri kollektivimiz üçün çiçəkli bahara döndü. Rayon qəzetinin ikinci həyatı başladı, uzun fasilədən sonra onun çapı bərpa olundu. 13 il əvvəl o zamankı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin otağında kollektivi-miz bir yerə toplaşanda, hamı-mız həyəcanlıydıq. Bu, sevinclə yanaşı, həm də məsuliyyət hissindən doğan həyəcan idi.
    Artıq geriyə baxmaq, görülmüş işlərə qiymət vermək olar. Özümüzdən əvvəl işə, əlbəttə, bu qiyməti oxucular verir.
    13 ildə nəyə nail olmuşuq? “Yeni Tərtər” Tərtərin tarixində nələrlə yadda qalacaq?
    Mənə elə gəlir ki, az iş görülməyib. Əlbəttə, başlıca vəzifəmiz rayonumuzun müasir dövrünü qəzet səhifələrində yaşatmaq olub. Əvvəlki ənənəmizi davam etdirərək, “Yeni Tərtər”in də ətrafına həm mətbuat sözünün qədrini bilən, həm də vətənpərvər, savadlı insanları toplaya bilmişik. Zabil Süleymanoğlunun, Vəsilə Mehdiyevanın, Nubar Mədətlinin, Fitat Əliyevanın, Səbuhi Kərimovun, Saleh Ədilovun imzaları oxucularımıza yaxşı tanışdır. Bu da tədiidir. Axı, qəzet yalnız bir neçə nəfərin əməyinin məhsulu deyil. Onun məqsədi xalqı maarifləndirməkdir. Bu işdə isə yaradıcı ziyalılara həmişə ehtiyac olub.
    Qəzetimizin hər sayını diqqətlə izləyən, oxuyan, ayrı-ayrı materiallar barədə öz fikirlərini söyləyən və dəyərli məsləhətlər verən insanlar da var ki, bunlardan biri də hörmətli ziyalımız, rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadədir. Rauf müəllimi nəinki rayonumuzda, eləcə də respublikamızda ensiklopedik biliyə, fenomenal yaddaşa malik və ən başlıcası, ürəyi vətən məhəbbəti ilə dolu olan bir insan kimi tanıyırlar. Ona görə də xüsusilə tarixi materialların hazırlanmasında onun tövsiyələri daim köməyimizə çatır.
    Qəzetimizin dostları sırasında həmyerlimiz, professor Rasim Axundovun adını da çəkə bilərik. Rasim müəllim “Yeni Tərtər”i Bakıda yaşayan tərtərli ziyalılar və həmçinin Elmlər Akademiyasının əməkdaşları arasında təbliğ edir. Bunun müqabilində maraqlı diskussiyalar, tanışlıqlar yara-nır. Biz də öz növbəmizdə pay-taxtımızda yaşayan dəyərli həmyerlilərimizin, elm adamları-nın rayon ictimaiyyətinə tanıtdırılması üçün əlimizdən gələni edirik.
    Bu sırada qəzetimizin yaxın dostu, təcrübəli təhsil işçisi Maarif İbrahimovun da adını qürurla çəkməliyik. O, qəzetimizin hər sayını birinci cümlədən sona qədər oxuyan və hər yazıya öz obyektiv fikirlərini bildirən bir ziyalıdır.
    Bu siyahıya YAP Tərtər Rayon Təşkilatının məsul işçisi, hörmətli ziyalı Surxay Vəliyevi də əlavə etmək olar.
    Müharibə veteranları, əlilləri və şəhid ailələri mövzusu bizim işimizin əsas istiqamətidir. Çünki cəbhə bölgəsində yaşayırıq. Atəşkəs olsa da, müharibə hələ başa çatmayıb. Bu gün Tərtərin hər vətəndaşı bir əsgərdir. Təsadüfi deyil ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərinə daim “qəhrəman tərtərlilər” deyə müraciət edir. O da təsadüfi deyil ki, qəzetimizin baş redaktoru Tofiq Yusif “Tərəqqi” medalı ilə yanaşı “Vətən naminə” medalına, fotomüxbir Kənan Hüseynzadə “Vətən naminə”, qəzetin baş redaktorunun müavini Svetlana Bağırova isə “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalına layiq görülüblər.
    Bu gün “Yeni Tərtər” zamanın tələbi ilə ayaqlaşaraq rayonun hüdudlarından çox kənara çıxmağa nail olub. “Yeni Tərtər”in elektron saytı artıq 20-dən çox xarici ölkədə izlənir. Bu isə məsuliyyətimizi daha da artırır. Çünki söz nə qədər geniş yayılarsa, onun sambalı, məlumatların dolğunluğu bir o qədər yüksək olar.
    13 il çox tez keçdi. Bu müddətdə biz nə etdik? Bu sualların cavabları qısa bir məqaləyə sığmaz. Amma qəzetimiz haqqında oxucularımızın fikirlərini də eşitmək maraqlı olar.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:30

    Teqlər:

İsmarıclar bağlıdır.