Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq

    MÜSTƏQİL AZƏRBAYCANDA QANUNÇULUĞUN TƏMİN EDİLMƏSİNDƏ AZƏRBAYCAN PROKURORLUĞUNUN ROLU DANILMAZDIR

    “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Heydər Əliyev.

    Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulmuşdur.
    Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri olduğunu bütün dünyaya sübut edən Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu qeyd etmişdir. Azərbaycan Prokurorluğunun tarixi də məhz Cümhuriyyət dövründə prokurorluğun yaranmasından götürülmüşdür.
    Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması və fəaliyyətə başlaması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınmışdır. 1 oktyabr 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100-cü ili tamam olur.
    Azərbaycan Prokurorluğu orqanları mövcudluğu ərzində xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin yardımçılarından biri olmaqla, mürəkkəb və şərəfli bir təkamül yolu keçərək daim inkişaf etmiş və təkmilləşmiş, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz xalqına və dövlətçiliyimizə sədaqətlə qulluq etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, qanunların aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hü-quqlarının müdafiəsi işində öz xidmətlərini göstərmişdir.
    Azərbaycan Respublikası Prokurorluğunun dövlətçilik üçün həlledici məqamlarında prinsipial mövqe nümayiş etdirməsi, vətəndaşların hüquq və azadlıqlarının, dövlət mənafelərinin və ictimai–siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunması sahəsində ardıcıl fəaliyyəti, Ümummilli Lider Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirilmişdir.
    1998-ci il noyabrın 28-də Azərbaycan Respublikası Prokurorluğunun 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində Ulu Öndərimiz Heydər Əliyev bəyan etdi ki, “Azərbaycan Prezi-denti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Bu nitqində ümummilli liderimizin prokurorluğun fəaliyyətinə yüksək qiymət verərək hər bir əməkdaşa dövlətçiliyə sədaqətinə görə təşəkkür etməsi prokurorluq işçilərinin üzərinə daha böyük məsuliyyət qoymuşdur.
    Hələ 1996-cı ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə yaradılan Hüquqi İslahatlar Komissiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunması, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınması və bu kimi əhəmiyyətli məsələləri nəzərdə tutmuş, həmin islahatlar nəticə etibarilə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşdirilməsinə rəvac vermişdir.
    7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında Azərbaycan Respublikasının qanunun qəbul olunması ilə prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyi daha da artırılmış, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə və xüsusi geyim forması haqqında”, “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəti-cəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni bir mərhələyə qədəm qoymuşdur.
    2000–ci ildən sonrakı müdətdə qəbul edilən bütün normativ–hüquqi aktlarda prokurorluğun statusu və mövqeyinin möhkəmlənməsinə, dövlət həyatında onun rolunun artmasına yönələn normalar nəzərdə tutulur. 2002–ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilərkən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi də bir tərəfdən son illər prokurorluğun qanun yaradıcılığı prosesində fəal iştirakının məntiqi nəticəsidirsə, digər tərəfdən, ölkə rəhbərliyinin prokurorluğun dövlət həyatındakı roluna verdiyi yüksək qiymətin təzahürüdür. Həmin tarixi müşavirədən sonra Azərbaycan Prokurorluğunda həyata keçirilən hərtərəfli islahatlar prosesində bu mühüm dövlət hakimiyyəti orqanının səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə onun yeni strukturu müəyyənləşmiş, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, dövlətçilik maraqlarına xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük uğurlar əldə edilmişdir.
    Prokurorluq qanun pozuntuları və ciddi nöqsanlara yol vermiş onlarca əməkdaşını orqandan xaric etməklə yanaşı, ilk dəfə test üsulu ilə açıq müsabiqə elan edərək ictimaiyyətin və beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəsi altında ən layiqli gənc mütəxəssislərin şəffaf prosedurlarla qulluğa qəbulunu həyata keçirdi.
    Prokurorluğun digər dövlət orqanları, ictimai təşkilatlar və mətbuatla münasibətləri yenidən qurulmuş, işimizdə aşkarlığın təmini üçün əlavə tədbirlər görülüb, müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. Əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaş-dırılması, yeni prokurorluq binalarının tikilməsi, digərlərinin isə yeni üslubda təmir edilməsi, müasir iş şəraitinin yaradılması xüsusi qeyd edilməlidir.
    Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi ərəfəsində bütün prokurorluq əməkdaşları kimi Tərtər rayon prokurorluğunun kollektivi də bu yubleyi uğurla qarşılayır və bundan sonra da Azərbaycan Respublikasının sabitlik şəraitində inkişafının davam etdirilməsi üçün daha məsuliyyətlə çalışmalı olduğunu dərk edir. Bu gün Tərtər rayonu rayon rəhbərliyinin və sakinlərimizin birgə səyi ilə rayonumuz abadlaşır və inkişaf edir. Tərtər rayon prokurorluğunun kollektivi də rayonun digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı qətiyyətli və davamlı mübarizə aparmaqla bu inkişafa öz töhfəsini verməkdədir.

    Şıxəli ALMƏMMƏDOV,
    Tərtər rayon prokuroru, baş ədliyyə müşaviri

    Müəllif: Redaktor, 10:00

    Teqlər:

İsmarıclar bağlıdır.