Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    Ucalığa gedən yol

    DSC_64571958-ci il oktyabr ayının 25-də Qaradağlı kəndinin sakini Arıx Müstafayevin ailəsində bir oğul övladı dünyaya gəldi. Körpənin adını Ramiz qoydular. O, böyüdükcə hər şeyə maraq göstərməsi, nadincliyi ilə öz yaşıdlarından fərqlənirdi. Hələ beş yaşı olarkən əlifbanı və vurma cədvəlini öyrənmiş, müəyyən sözlərin yazılışını mənimsəmişdi.
    Hətta xeyli şeiri əzbər söyləyirdi. Oğlunun bu bacarığını görən Arıx kişi Ramizin əlindən tutub Qaradağlı kənd tam orta məktəbinə gətirir ki, onu birinci sinfə qoysun. Lakin məktəbin direktoru uşağın yaşının az olduğuna görə qəbul edə bilməyəcəyini söyləyir. Bunu eşidən birinci sinfin müəllimi Nəzakət Məmmədova Ramizi imtahan vasitəsilə məktəbə qəbul etmək təklifini verir. Və nəhayət, Ramizi imtahan edərək, onu Qaradağlı kənd tam orta məktəbinin birinci sinfinə qəbul edirlər. Məktəbdə oxuduğu illərdə də sinif yoldaşlarından fərqlənməyi onu müəllim və şagird kollektivinin sevimlisi edir.
    Beləcə orta məktəbi əla qiymətlərlə başa vuraraq 1976-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. O, 1977-1979-cu illərdə Xabarovsk şəhərində hərbi xidmətdə olur. Və burada da öz qabiliyyəti, işgüzarlığı ilə hamıdan seçilir. Onu Sov.İKP üzvlüyünə qəbul edirlər…
    …“Mən yerində saymağı xoşlamıram. Harada çalışmağımdan asılı olmayaraq, ideya vermək, təkliflər irəli sürmək mənim devizimdir”. Ramiz Müstafayev söhbət zamanı belə dedi. Bir müddət onunla birlikdə işləsəm də mənə aydın olmayan bəzi xüsusiyyətlərini aşkarladım. Bu xüsusiyyətlər onun işgüzarlığından, çalışdığı dövlət qulluğunda sonsuz məsuliyyətindən xəbər verir. Ramiz müəllim hazırda rayon icra hakimiyyəti aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində aparıcı məsləhətçi işləyir. Onun haqqında yazmağımın səbəbi bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi oldu. Bu qürurverici bir hissdir. Həmyerli- mizin uğuru hamı kimi məni də sevindirdi. Onu təbrik etməyi özümə borc bildim.
    Ramiz Mustafayev söhbət zamanı bildirdi ki, əmək fəaliyyətinə başladığı gündən bu günə kimi həmişə dövlət qulluğunda çalışmışam. 29 saylı yol istismarı idarəsində və rayon kinoklubunda mühasib, RTS-də baş iqtisadçı, rayon soveti icraiyyə komitəsində əmək müvəkkili, məşğulluq idarəsinin rəisi, pensiya fondunun müdiri və hazırda çalışdığı şöbədə iqtisadçı işləyib. Rayonda aparılan tikinti və quruculuq işlərinin bir çoxu rayon rəhbərinin tapşırığı ilə Ramiz müəllimin hazırladığı layihələr əsasında görülür. Ən əsas layihələrdən biri rayon ərazisində ümumi kanalizasiya xəttinin çəkilişidir ki, artıq bu sahədə işlərin görülməsinə başlanılıb. Yeni artezianların qazılması, yolların bərpası, kəndlərin abadlaşdırılması işlərinin sənədləşməsi sahəsində Ramiz Mustafayevin də əməyinin olmasından qürur duyur. Aldığı medal onun məsuliyyətini daha da artırıbdır.
    Ramiz müəllim həm də tələbkar və qayğıkeş bir atadır. Üç övladı var. Hər üçü ali təhsillidir. Turqut hazırda “Asan xidmət”də çalışır. Tural hərbi xidmətdən yenicə qayıdıb. Qızı Nərmin müəllimdir. Ramiz müəllimin həyat yolu bugünkü gənclərimiz üçün nümunə ola bilər.
    Ramiz müəllim, dövlət mükafatına layiq görülməyiniz münasibətilə Sizi bir daha təbrik edirik.

    Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 15:53

    Teqlər:

İsmarıclar bağlıdır.