Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    QUBADLI HƏSRƏTİ SƏNGİMİR Kİ…

    (RƏFİQƏM SVETLANAYA MƏKTUB)

    Mənə Qubadlıdan danış, xatirələrini dilə gətir, deyən qələm yoldaşım, jurnalist bacım Svetlana, Qubadlı mən deməkdir, bütün hüceyrələrim, beyin toxumalarım, damarlarım Qubadlıyla dop-doludur, nədən danışım, nəyi yada salım? 25 il keçdi, amma yurd həsrətim, yanğım heç səngimədi. Təbiətin səxavətlə gözəllik bəxş etdiyi, torpağının altı da, üstü də xəzinə olan, havası məcun, suyu zəmzəm yurdumu elə görmək istəyirəm ki. Razıyam, ayağımı o torpağa basdığım, havasını ciyərlərimə çəkdiyim gün həyatımın son günü olsun, amma olsun.
    Yadındamı, tələbə vaxtı Qubadlıya qonaq gələrdin. Hündür, yaraşıqlı, məsum, ağır təbiətli rəfiqəmi – səni, ailəmiz sevinclə qarşılayar, əldən-ayaqdan gedərdilər. Atam Mirteyyub ağa sənə “qızım” deyərdi, səni çox sevərdi, basqa rəfiqələrimdən fərqləndirər, seçərdi.
    Başqa-başqa xarakterlərə malik idik. Sən sakit, təmkinli, mən enerji dolu, bir az səbirsiz. Amma qeyri millətlərin çoxluq təşkil etdiyi qrupda bir-birimizə elə tez yaxınlaşdıq, dost olduq ki. Nə dost, bacı olduq, doğmalaşdıq. Ailələrimiz belə yaxınlaşdı. Tərtər-Qubadlı marşrutu üzrə get-gəl basladı. Sənin ananın o gözəl sifətini, qonaqpərvərliyini ömrüm boyu unutmayacam. Gözəl günlər idi. Məhşur mahnıda deyildiyi kimi: “Gələn günlərimi qurban verərdim, ötən günlərimi qaytarsaydılar”.
    Sən Tərtərdə, mən Qubadlıda rayon qəzetində çalışırdıq. Bildiyin kimi, məktublar şöbəsinin, kənd təsərrüfatı şöbəsinin müdiri, məsul katib işlədim. Sonra redaktor oldum, SSRİ Jurnalistlər İttifaqına üzv seçildim. Çox gözəl, səmimi kollektivimiz vardı. Rayon qəzetlərinə, mətbəələrinə xas olan bütün çətinliklər bizdə də vardı. Bəlkə də daha çox idi. Necə olsa, Qubadlı ucqar dağ rayonu idi. Amma qəzet çıxırdı və camaat onu alır, maraqla oxuyurdu.
    1985-ci ilin payızında rayon partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçildim. İş çox idi. Rayon abadlaşırdı: sürətlə yeni körpülər, evlər tikilirdi. Rayonun ərazisində yaşıl, ağ və qara mərmər yataqlarının aşkar edilməsi bu yerləri daha da əhəmiyyətli etmişdi. Bərgüşad və Həkəri çaylarının üzərindən gəzinti körpüləri salınmışdı. Respublika rəhbərliyi bütün zona müşavirələrini Qubadlıda keçirirdi. Dağ rayonu olsa da, bu yerlər həmişə mütərəqqi, müasir olub. Tarixən, hələ qədimlərdən bəri, burada qadına münasibət fərqli olub: Qubadlı qadınları kişilərlə bərabər hüquqlu, ailədə və cəmiyyətdə hörmətli, nüfuzlu, söz sahibi olublar. Lazım gələndə, silahlanıb ata minər, düşmənə qarşı kişilərlə yan-yana döyüşərdilər. Odur ki, cəsarət, qorxmazlıq təpər qanlarındadır. Qubadlıda elə bir ailə tapmazdın ki, övladları ali məktəblərdə oxumasın. Fərq etməz, qız ya oğlan. Həm də yalnız Bakıda deyil, SSRİ-nin bütün böyük şəhərlərində. Hələ çar Rusiyası dövründə Qubadlı bəyləri kəndlərdə, Qubadlının özündə bir neçə rustatar məktəbi açdırmışdılar. Bəlkə də, buna görədir ki, Qubadlıdan çox sayda şair və yazıçılar, elm adamları, generallar çıxıb.
    Bu yerlərin bir gözəl xüsusiyyəti də var. Kimsə dara düşəndə birləşər, ona təmənnasız yardım edərlər. Dostluğa sədaqət, yıxılana balta vurmamaq, təmənnasız əl tutmaq bu camaatın qanındadır. Əgər 25 ildə bu xüsusiyyətlər itirilibsə, bu, böyük faciədir. Çünki itirilən torpaqlar geri alınacaq, viran qalan evlər yenidən insa ediləcək, mənəviyyatımızda itirdiklərimiz isə geri dönməyəcək. Allah erməni faşistlərinin və onların himayədarlarının bəlasını versin!
    Qubadlı, Gorus–Qafan yolunun altında yerləşdiyindən, qanlı faciələri də ilk gündən biz yasa-dıq. Qafan, Sisyan və Gorusdan qovulan azərbaycanlıları qəbul etməyə başlayanda şoka düşdük. Gələnlər bir gündəydi ki. Hər şeyləri əlindən alınmış, döyülmüş, ləyaqəti alçaldılmış insan seli.
    Ağlayan usaqlar, yaralı gənclər və yaşlı kişilər, namusuna təcavüz edilmiş qadınlar. Bakıya, Moskvaya müraciət etdik, rayona hərbçilər göndərdilər.
    Yaxşı yadımdadır, Çayzəmi deyilən yerdə fermamız vardı. Düz Qafan-Gorus magistral yolunun yanında. Oradakı qadınları və uşaqları götürmək və növbə təşkil etmək üçün mən, milis rəisi, prokuror və rayonda yerləşən batalyonun komandiri, onun bir qrup əsgəri oraya getdik. Naxırçıların ailə üzvlərini maşınlara mindirib təzəcə yola salmışdıq ki, bir dəstə adamın hay-küylə fermaya doluşduğunu gördük. Ağlayan kim, qışqıran kim, “yiyəsizik, qırırlar” deyə bağıran kim. Bir təhər sakitlik yaratdıq. Aydın oldu ki, Gorusun Ağbulaq kəndinin sakinləridir. Ermənilər hücüm edib evlərini talayıblar, kənd əhalisini döyüblər, yaralayıblar, güllələyiblər. Bandaya başçılıq edənsə, Gorusun milis idarəsinin rəisi olub. Dedilər ki, hələ kənddə qalanlar var. Dedim: “Köməyə gedək”. Prokuror, rəis və polkovnik etiraz etdilər: “Gecə saat 12-dir, ərazilərinə gecə vaxtı hücum etdiyimizi iddia edəcəklər, gedək Bakıya məlumat verək”.
    Masına oturmaq istəyəndə, üz-gözü cırılmış bir qadın ağlaya-ağlaya qarşımda diz çökdü: “Bəxtiyar orda qaldı, oğlum. 20 gündür toyu olub, məni, gəlini yola saldı, özü döyüşməyə qaldı, sən də anasan, balama kömək et!” Dünya başıma dolandı. Ətrafımdakılara üz tutdum: “Mən Ağbulağa gedirəm, kim istəyir gəlsin, istəməyən rayona dönsün.” Sonra rus polkovnikə vəziyyəti bildirdim.
    Üzümə baxdı, qadına baxdı, fikrimdən dönməyəcəyimə əmin olub, əsgərlərə arxamızca gəlmələrini əmr etdi, özü isə mənim maşınıma keçdi, qabaqda oturdu, rəis və prokuror da arxada, biri sağımda, biri solumda oturdular.
    10-15 dəqiqə magistral yolla irəliləmişdik ki, meşəlikdən yola səndirləyə-səndirləyə bir oğlanın çıxdığını gördük, yerə sərildi və eləcə də qaldı. Biz maşını saxlayıb düşəndə, əks tərəfdən iki maşın gəldi, dayandı, içərisindəkilər endilər, ermənilər idi.
    Mən özümü yaralının üstünə atdım. Son nəfəsi idi. “Kimsən, kənddə adam varmı?” –deyə soruşdum. “Heç kim, kəndə od vurdular, ölən öldü, qaçan qaçdı, mən də belə…” – deyə qırıq-qırıq pıçıldadı və gözlərini əbədi yumdu. Bu zaman polkovnik mənə yaxınlaşdı və dedi ki, gələnlər Gorusun milis rəisi və təhlükəsizlik xidmətinin rəisidir, meyidi Gorusa aparmaq istəyirlər, onların vətəndaşıdır deyirlər. Yerdəki meyidə baxdım, ayağa qalxıb: “Hanı o rəis?”– deyə soruşdum. Sonra nə olduğunu özüm heç xatırlamırdım. Yanımdakılar mənə danışdılar ki, erməni rəisə yaxınlaşıb: “Cinayətini örtbastır etmək istəyirsən hə? Meyid nəyinə lazımdır? Kəndə basqına sən başçılıq etmisən, şərəfsiz daşnak, bunun cavabını verəcəksən. Hələlik isə cəzanı mən verəcəm”,–deyib, qalstukunu boğazına dolayıb boğmaq istəmişəm, döymüşəm, söymüşəm, əlimdən güc-bəla ilə alıblar. Yanımızda avtomatlılar olduğuna görə ermənilər qorxub geriləyiblər. Meyidi də götürüb Qubadlıya döndük. Aydın oldu ki, bu gənc Bəxtiyardır.
    Bir neçə gün sonra anası raykoma, yanıma gəldi, təşəkkür etdi. Gözlərim doldu. Gör nə günə qalmışıq, ana balasının cəsədini dəfn edə bildiyinə görə sevinirdi. Belə də müsibət olarmı?
    Rayon mərkəzi də atəşə tutulur, həlak olanların sayı artırdı. Terror qrupları vardı, pusqu qurur, dinc əhalini qırırdılar, mal-heyvanı aparırdılar. Ermənistanla qonşu olan Hovlu kəndi ərazisində meşədə atını axtaran, anadangəlmə şikəst İlham adlı gənci qaban ovunda istifadə olunan bıçaqla 9 dəfə vurmuşdular, öldürməmiş “Niva” maşını ilə xeyli qovalamış, əylənmişdilər. Özünü yüksək irqin nümayəndəsi sayan xəstə təfəkkürlü millətin faşist xisləti deyilmi əlilə belə işgəncə vermək? O vaxt rayonumuza gələn moskvalı məhşur siya-sətçilər: Yuri Çerniçenko, Yeqor Qaydar və başqalarına mən bu faktları söyləyəndə susdular. Çerniçenko dedi ki, torpaqda kimlər yaşayırsa onundur. Dedim Rusiyanın ərazisində o qədər millətlər öz torpaqlarından köçürülüb ki, yerlərinə qeyriləri yerləşdirilib, ərazi Rusiyanın sayılır. Ermənilər isə heç vaxt burda yerli olmayıblar, siz onları Qarabağda yerləşdirmisiniz. Bizdə belə bir deyim var: “Torpaqdan pay olmaz”. Ermənilərə çox canı-nız yanırsa, Kamçatkada, Sibirdə əraziləriniz çoxdur, pay verin, ikinci Ermənistan yaratsınlar.
    O vaxt kəndli partiyasının lideri olan Çerniçenko bozardı: “Raykom katibinin kabinetində müsavatçı ilə görüşəcəyimizi təxmin etməmişdik”. Cavab verdim ki, hər bir insan doğulanda millətinin fərdi kimi dünyaya gəlir, siyasi baxışlar sonralar formalaşır. Deməli, ilk yerdə millət, torpaq, Vətəndir. Qaldı siyasi baxışlara, mən kommunistəm. Müsavat bərabərlik, ədalət deməkdir, nəyi pisdir ki? Təbii, Rusiya kimi dövlətin dumasının nümayəndəsi buraya daşnak ideyaları-nın daşıyıcısı və təbliğatçısı kimi gəlirsə, qarşısında müsavatçı da görəcək, boz qurdçu da.
    Yeqor Qaydar güc-bəla ilə aranı sakitləşdirdi. Acıq edib getdilər.
    Düzdür, ruslar həmişə erməniləri himayə ediblər və Qarabağın, ətraf rayonların alınması, ermənilərdən çox, onların xidmətidir. Bu, faktdır. Amma Moskvadan göndərilən hərbçilər arasında vicdanlıları da vardı. Məsələn, Dzerjinski adına alayın şəxsi heyəti, polkovnik Besembayevin komandir olduğu Karaqanda alayının şəxsi heyəti yerli əhalini qorumaq üçün hər şey edirdilər. Ukraynalı leytenant, ailənin tək oğlu Oleq Babak qubadlılar üçün canını qurban verdi.
    * * *
    Sov.İKP XXVIII qurultayına nümayəndələr seçiləndə bizim rayondan mexanizator seçilməsi nəzərdə tutulmuşdur. Amma camaat imkan vermədi, mənim seçilməyimi tələb etdilər və istəklərinə nail oldular.
    Baş verənləri Siyasi Büro rəhbərlərinə çatdırmaq, daha doğrusu, sərhəd rayonlarının yaşadığı faciəli həyatı bildirmək üçün yollar aradım. Son damla, o vaxt Kəlbəcərdə birinci katib olan Zahid İsmayılovun həyat yoldaşının ermənilər tərəfindən öldürülməsi oldu.
    Bir dəfə fasilədən sonra Qurultaylar salonuna iclasa gələn Mixail Qorbaçov salona girən kimi, qalxıb qarşısına yeridim və yolunu kəsdim. Mühafizəçilər müdaxilə etmək istədilər, qoymadı. Dedim raykom katibiyəm, Azərbaycandan, torpağı qanla suvarılan Qubadlıdan gəlmişəm. Əlini uzatdı: “Çox şadam”. Azca geri çəkildim, cavab verdim: “Mən isə şad deyiləm, hiddət, nifrət doluyam. Əl də verməyəcəm, çünki əlin millətimin qanına bulaşıb”.
    Rəngi qaçdı, nəsə demək istədi, imkan vermədim: “Mən raykom katibi kimi Sizin səriştəsizliyinizin, cinayətkarcasına prinsipsizliyinizin, fəaliyyətsizliyinizin hesabını xalqa verə bilmirəm. Yenidənqurma sərhədlərin dəyişdirilməsi, hərkə-hərkəlikdirsə, millətlərarası savaşdırsa, olmaz olsun və Siz bunun üçün həm partiya, həm qanunlar qarşısında cavab verməlisiniz”. O görüşdən xatirimdə qalan onun gözləri oldu, ilan gözləri kimi soyuq və bomboz.
    * * *
    1993-cü ilin 30 avqustu elimin daha bir dilbər guşəsini viran qoydu. Bəlkə də haqsızam, təqvim rəqəminin nə günahı var ki? Günahkar qarı düşməndir – xəstə ruhlu millətçi ermənilər. Qubadlı nə itirdi yazmıram, onsuz da bütün yazılarda qarət olunan yaşayış məntəqələri, idarə-müəssisələr təfsilatı ilə bildirilir. Qubadlılar hər şeyi itirdilər, təkcə həsrət və ümid qaldı. Yurd həsrəti və geri dönmək ümidi. İnşallah, arzumuza çatarıq, girov məzarları ziyarət edər, dualar edərik. Hələlik isə xatirələr ilə yaşayırıq. Xatirələrimi yazmağımı istədin, canım bacım, hələ də məsumluğunu qo-ruyub saxlayan Svetlanam. Bir-dirmi, ikidirmi, hansını qələmə alım? Enişli-yoxuşlu olsa da, bal kimi şip-şirin 1988-ci ilə qədər olanlarımı? Qubadlıların vətənpərvərlik, igidlik salnaməsi yaratdığı, Əliyar, Qorxmaz, Aslan, Ələkbər, Aqil və adını saymadığım yüzlərlə övladımızın torpaq uğrunda qurban getdikləri, əslində ölməzliyə qovuşduğu 1988-1993- cü illərin bəzən qürur, bəzən kədər, ağrı dolu xatirələrinimi? Yoxsa, 1993-cü ilin 30 avqustundan bəri olanları, ən acılarını, qovurucu həsrət dolu olanlarımı? Allah Vətənimizi, millətimizi qorusun, onun bütövlüyünü, birliyini pozmasın. Düşmənin dövlətimizə qarşı hər pozuculuq işi puç olsun. Milli birliyimiz, möhkəmlənən dövlətçiliyimiz istəməyənləri çatlatsın.
    Bu gün dünyada İslam dininə, türkçülüyə hücumların artdığı bir dövrdə, ayıq-sayıq olmaq, bir olmaq şərtdir. Yoxsa Liviyanın, İraqın, Suriyanın gününə düşərik.
    Məkrli siyasi oyunlara alət olmamalıyıq. Torpaqlarının 20 faizi erməni faşistlərinin tapdağında olan, qəlbində qanayan Xocalı yarasını daşıyan millətin bir olmamağa mənəvi haqqı yoxdur. Bu, şərəf işidir, namus işidir. Azərbaycanın var olmasını, düşmən gözü çıxartmasını istəyiriksə bir olacağıq, güclü olacağıq. Torpaqlarımızı alacağımıza inanmalıyıq, günbəgün qüdrətini artıran şanlı Ordumuza dəstək nümayiş etdirməliyik.
    Tanrı Azərbaycan dövlətini, Ordumuzu qorusun, Ali Baş Komandanımızı himayə etsin! Məni tanıyanların hamısı bilir ki, kiməsə yarınmaq xislətimdə yoxdur, heç bir partiyanın da üzvü deyiləm. Amma dünyada gedən siyasi oyunları, Azərbaycana yönəlmiş düşmənçiliyi gördükcə düşünürəm ki, bu məqamda şəxsi ambisiyaları önə çəkmək, xarici əlehdarlarımızın oyunlarının parçasına çevrilmək bu millətə xəyanətdir. Məqam vətənin daşı olmaq məqamıdır. Bizi istəməyənlərin başına düşmək məqamıdır.
    Ermənilər bizdən olan kimi sevmirsə, o, bizə lazımdır, gərəklidir. İkicə misal gətirəcəm. Redaktor idim, Moskvaya SSRİ Jurnalistlər İttifaqına, seminara getmişdim, bacım Nuriyyə də mənimlə getdi. Aeroportda bir taksiyə oturduq, bir az getmişdik ki, ziyalı görkəmli orta yaşlı bir kişi əl etdi. Sürücü, məndən izn alıb, taksini saxladı, onu götürdü. Sürücü söhbətçil adam idi. Bizdən haralı olduğumuzu soruşdu, fəxrlə azəriyik dedim. O söy-lədi ki, Tbilisidə olub, amma Bakını görməyib. Tbilisini təriflədi, gözəl şəhərdir dedi. Sərnişin: “Ermənilərin xidmətidir, Tiflisi onlar tikiblər,” –söylədi. Bacımla baxışdıq, anladıq ki, ermənidir. Az sonra rus olan sürücü: “Baş nazirin yeni mü-avini də azərbaycanlıdır, işə də gözəl başlayıb, bizimkilərə işləməyi öyrətsə, Heydər Əliyev öyrədəcək, çox bacarıqlı və işgüzardır deyirlər”, –deyə rəhmətlik Heydər Əliyevi təriflədi. Onun yanında oturmuş sərnişin qurcuxdu və astadan: “Olsa-olsa şaxsey-vaxsey öyrədəcək, onlar başqa nə bilirlər ki”, –dedi. Səbrim daşdı: “Siz isə” Böyük Ermənistan” xülyasından və erməni qeyri-adi-liyindən başqa bir şey bilmirsiniz. Xəstəsiniz, bədbəxtsiniz, paxılsınız. Erməni siyasət adamlarının sovet xalqına etdikləri pislikləri şeytan belə etməyib, xəbislikdən partlayacaqsınız, el gözü nizam-tərəzi-dir, Əliyevə qiyməti xalq verəcək, sən kimsən onun haqqında danışasan”, –deyib sürü-cüyə “saxla taksini” söylədim. “Düş rədd ol, sən yolda qalmalıydın, nankor, xain millətin nümayəndəsisən”. Sürücü “ma-şını tərk edin” deyib israr etdi, onu düşürdü. Bu, 1983-cü ildə olmuşdu.
    * * *
    Dağlıq Qarabağ hadisələri yeni başlamışdı. Mən raykom katibi idim və qiyabi olaraq Bakıda, Zaqafqaziya Ali Partiya məktəbində oxuyurdum. Dörd qrupdan ibarət “potokun” “starostası” idim. Bu dəfə fəlsəfədən mühazirə zamanı mənimlə bir qrupda təhsil alan iki hərbçi polkovnikdən biri–Kostanyan Abbas müəllimə provokativ sual verdi: Heydər Əliyevin işlədiyi dövrə siyasi qiymət nə vaxt veriləcək? (O vaxt mərhum ümummilli liderimizə qarşı Moskvada, Bakıda siyasi hücumlar olurdu, gözdən salma cəhdi göstərilirdi).
    Abbas müəllim duruxdu, bilmədi nə desin. Mən əlimi masaya çırpıb ayağa qalxdım: “Nə vaxtdan Azərbaycan xalqının daxili işlərini hərbçilər, həm də erməni olan hərbçilər müzakirə edirlər? Heydər Əliyev bu millətin övladı, bu xalqın ağsaqqalı, qürur yerimiz, fəxrimizdir. Polkovnik generala dil uzadır, gör nə günə qalmışıq, özü də Heydər Əliyevin öz torpağında. Sən, cənab Kostanyan, bu milləti qıran Şaumyana, azəriləri Ermənistandan deportasiya edən Mikoyana, südəmər körpələri süngüyə taxan qulağıkəsik Andronikə, faşistlərin əlaltısı Nijdeyə, araqarışdıran Zori Balayana siyasi qiymət ver. Sən harda, Heydər Əliyev harda? Tarixiniz xainlərlə, qaniçənlərlə doludur!”. “Kommunist” qəzetinin Gəncə üzrə xüsusi müxbiri Hamlet Qasımov, hazırda Bakının Xətai rayonunda icra başçısının müavini işləyən Zaməddin Əkbərov mənə tərəf çıxdılar, səsimə səs verdilər. Qalmaqal yarandı, ara qarışdı. Amma dekanatlıqda mənə güldən ağır bir söz demədilər. Kos-tanyan şikayət etsə də əhəmiyyət vermədilər.
    Bu iki fakt mənə göstərdi ki, Heydər Əliyevi ermənilərin gözü götürmür. Deməli, o, bu millətə, Azərbaycana lazımdır. Qədrini bilməliyik, xatirəsini əziz tutmalıyıq. Əlbir olmalıyıq, sayıq olmalıyıq.

    Sona HƏŞİMOVA

    Müəllif: Redaktor, 10:29

    Teqlər:

İsmarıclar bağlıdır.