Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    HƏYATIMIZA PƏRÇİMLƏNƏN EYBƏCƏRLİKLƏR

    KiRALIK_Lux_Villalar_celik_Ankara_Altindag__Oda___Salon___emlak_ilanlari_52149Milli-mənəvi dəyərlərimizin çox hörmətli tutulduğu yaxın keçmişdə kimsə bir səhv iş tutsaydı, ailə üzvlərindən kəndin ağsaqqal-ağbirçəyinə qədər yığılıb onu danlayırdılar ki, niyə bu səhvə yol verib. Bu qınağın tərbiyə prosesində çox böyük təsiri olardı, nöqsana yol verən insan bu tənbehin qarşısında utanardı, qızarardı, “yerə girərdi”, elə tövbələtmə alardı ki, bir daha həmin addımı atmazdı. Və belələrinə: “Ay bərəkallah” deyərdilər. Əlbəttə, bu prosesdə o zamankı ətraf mühitin də həlledici təsir gücü vardı, yəni ictimai rəy və ictimai qınaq tərbiyədə əsas faktor sayılırdı. Çünki onda “yolunu azanı” 3-5 adam yox, hamı qınayırdı və belələri çox az idi, indiki kimi yayılıb qorxulu hal almamışdı. Bu gün isə ictimai qınağın ictimai mühitdə yeri çox dardır, təsirsizdir. Niyə? Bu sualın cavabını da elə ictimai mühitin özündə axtarmaq lazımdır.
    Tərbiyə prosesində təbəqələşmə kəskin şəkildə hiss olunur. Məsələn, Azərbaycanın xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovanın bir az əvvəl əcnəbi ölkələrin birində yataq otağında azərbaycanlı əxlaqına zidd olan və özü kimi xəcalət hissindən uzaq cavan oğlanlarla etdiyi əməllər sosial şəbəkələrdə geniş yayımlandı. Bu abırsız videogörüntülərin şəbəkələrdən yığışdırılması üçün Aygün Kazımovadan 150 min ABŞ dolları tələb edildi. Gözlərimin və qulaqlarımın şahidiyəm, televiziya ekranından Aygün xanım dedi ki, 150 min nə puldur, mən milyon yarım verə bilərəm.
    Bəzi qadın müğənnilərimiz, doğrudan da, dəhşətdir. Onların hansı yollarla pul qazanması kimə sirrdir ki? Bunların hansı bir uşaq doğursa sabahısı günü bir mahnı bəstələtdirir (ya da bəstələyir), çıxır televiziyaya və radioya, başlayır “Qafqaz əsiri” filmindəki Marqunova vurulan iynə kimi bu xalqın ürəyini, əsəbini neştərləməyə. Deyən də yoxdur ki, a balam, uşaq doğmusan çox yaxşı, Allah canını sağ eləsin, daha, onu bizim gözümüzə niyə soxursan? Əgər sən elə uşaq sevənsənsə, get, bir şəhidin övladına da mahnı bəstələyib, oxu, da!
    Və yaxud digər nalayiq hərəkətlərin ictimailəşdirilməsinin, duzsuz, bayağı və əttökən şouları, qətl hadisələrini, törədilən saysız-hesabsız cinayət əməllərini, avropalaşmanın eybəcər tərəflərini, rüşvətxorluq və korrupsiya hallarını, məmur özbaşınalıqlarını, vəzifəli və pullu şəxslərin törətdikləri saymazlıqları və s. və i.a. nəzərə alsaq, ictimai mühitin hansı vəziyyətdə olduğu aydınlaşır. Əlbəttə, biz də bilirik ki, insanın şüurunu ictimai mühit formalaşdırır. Bu mühit nə qədər saf, nə qədər halal olarsa, o mühitdə yaşayan insanlar da, yekunda isə cəmiyyət də bir o qədər sağlam və pak olar.
    Belə hesab edirəm ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zərbə vuran imkanlı ailələrin yaratdığı özbaşınalıq və ərkəsöyünlük mühitidir. Respublikamızın möhtərəm Prezidenti cənab İlham Əliyev bu barədə dəfələrlə xalq qarşısında öz fikrini kəskinliklə ifadə edib və harın valideynlərlə birgə onların qudurğan övladları haqqında konkret və ciddi cəza tədbirləri görülüb. Dövlət rəhbəri açıq-aşkar qeyd edir ki, “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar… Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə də dövlət məmuru”. Lakin yenə də “papasının, mamasının bəzi gül balaları” öz əməllərindən əl çəkmir və cəmiyyətdə “çirkli atmosfer” yaradırlar.
    “Bakı-2015” I Avropa Oyunları ərəfəsində Bakı şəhərində 16 mərtəbəli yaşayış binasının yanması ilə əlaqədar dövlət başçısının söylədiyi açıq və real fikirlər Azərbaycan xalqı tərəfindən çox böyük məmnunluqla qarşılandı. O dedi ki, bəzi şəxsi villaların təkcə istinad divarları üçün bir neçə milyon manat pul sərf edilib. Həqiqətən də qanunsuz yolla tikilən çox bahalı villalar Bakı şəhərini və Azərbaycanın bölgələrini bürüyüb, dağlar, dərələr, meşələr zəbt olunub, bu yerlərdə elə təmtəraqlı, möhtəşəm şəxsi mülklər tikilib ki, onların qiymətlərini hesablayıb başa çatdırmaq müşkül məsələdir. Prezident deyir: “Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. İlk növbədə, bütün vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır. Ondan sonra gedib bunu qanunsuz yolla sənədləşdirirlər”. Möhtərəm Prezidentimiz demiş: “Azərbaycan ictimaiyyəti hər şeyi bilir”. Hardandır bu qədər pullar?
    Ölkə rəhbəri Bakıda “Dostluq parkı” deyilən ərazidə qanunsuz yolla tikilmiş bahalı villaların sökülməsi haqqında verdiyi tapşırığın qısa bir zamanda yerinə yetirilməsi bu sayaq digər adamlara bir ibrət dərsi oldu. Ətək-ətək haram pullar hesabına ti-kilən möhtəşəm binalar zurna-balaban sədaları altında dağıdıldı və yerlə yeksan oldular. Atalar deyib: “Haynan gələn vaynan gedər” və yaxud “Kələknən gələn küləknən gedər”. Inanıram ki, bu ədalətli iş bölgələrdə də başlanacaqdır.
    Insanların, ələlxüsus gənclərin gözləri qarşısında baş verən bu eybəcər proseslər, əlbəttə, onların tərbiyəsinə ciddi təsir edir, bu isə korlanmış ictimai mühitdən qaynaqlanır.
    Özünüz təsəvvürünüzə gətirin: bir tərəfdə halal zəhmət və alın təri ilə çörək pulu qazanan ailənin güzəranı üçün bütün günü çalışan və bəzən maddi imkansızlıqdan övladının arzusunu yerinə yetirə bilməyən mütləq çoxluq, digər tərəfdə isə varidatının sayını-hesabını bilməyən, haram yollarla yığdığı pulun hesabına ailəsini “yağ içində böyrək kimi saxlayan” “naz-nazı” balalarını barama qurdu kimi bəsləyərək əqidəsiz və şərəfsiz böyüdən, onları parazitə çevirən , öz qohum-əqrəbası, üçün “toxunulmazlıq statusu” və “zirehli qlaf” yaradan bir ovuc kimsələr…
    Böyüklər də, uşaqlar da, gənclər də ictimai mühitdə bu fərqi aydın görür, dərk edir və istəsə də, istəməsə də onların tərbiyəsində belə ədalətsiz fərqlər dərin və acı izlər salır.
    Bir az əvvəl qeyd etdik ki, ictimai mühit insanın özünün formalaşmasında əsas amildir. Bu mühiti nizamlamaq isə, əlbəttə, bir nəfərin işi deyildir. Prezident İlham Əliyev mühitin və cəmiyyətin daha da saflaşması üçün bir dövlət rəhbəri kimi bütün səviyyələrdə hərtərəfli əməli işlər görür, bu sahədə mövcud problemləri qətiyyətlə və aşkarcasına açıb söyləyir, onların həlli yollarını göstərir, xəbərdarlıq edir, kəskin qərarlar verir, yeni mübarizə qurumları yaradır, onların qarşısında konkret vəzifələr qoyur, bu vəzifələrin yerinə yetirilməsinə şəxsən nəzarət edir və bunların nəticəsində bir çox sahələrdə ciddi dönüş əldə olunub. Məsələn, analoqu olmayan “Asan xidmət”in yaradılması, kor- rupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan bir komissiyanın təşkili, dövlət əmlakını mənimsəyən, rüşvət alan vəzifəli şəxslərin ciddi cəzalandırılması, xalqa layiqincə xidmət etməyən yüksək çinli dövlət məmurlarının vəzifədən uzaqlaşdırılması və sair dövlət rəhbəri səviyyəsində ictimai mühitin sağlamlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin kiçik bir xronologiyasıdır.
    Ölkəmizdə idmanın inkişafına və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə də yüksək səviyyədə fikir verilir. Çünki bu iki faktorun da ictimai mühitə təsiri az deyildir. Tarixdə ilk dəfə Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi və müxtəlif qüvvələrin geniş şəkildə qarayaxma kampaniyaları aparmasına baxmayaraq, bu oyunların çox böyük uğurla keçirilməsi də yuxarıdakı fikrimizə əyani dəlildir.
    Bütün bunlara baxmayaraq, yenə də cəmiyyətimizin yaşadığı və əhatə olunduğu ictimai mühitdə naqisliklər var ki, bu qədər qətillər, dələduzluq və oğurluqlar, zorlamalar, erkən nigahlar, boşanmalar və bu sayaq cinayət halları hələ də mövcuddur. Bunlar isə əlbəttə, ictimai mühitin fəsadlarıdır. Bunlara bazar iqtisadiyyatının yaratdığı bəzi çətinlikləri də əlavə etsək mənzərə bir az da aydınlaşar.
    Ictimai mühitə və şüurları düşdükləri mühitlə formalaşan gənc-lərin tərbiyəsinə ən çox mənfi təsir edən səbəblərdən biri də internetin, televiziyanın, ümumiyyətlə texnologiyanın sərbəstliyidir. Utanc hissi yaradan şou proqramlar, insanların abrını tökən, intim münasibətlərdə belə iyrənclik təbliğ edən, bütün elementləri ilə Azərbaycan xalqının mentalitetinə ağır zərbə vuran, milli-mənəvi dəyərlərimizi ayaqlar altına atan, bununla da gənclərimizin tərbiyəsində dərin şırım açan, cəmiyyətdə “1 litr neftin 1000 litrlərlə saf suyu çirkləndirilməsi” effektini əmələ gətirən nə qədər televiziya kanalları, nə qədər internet saytları var! Indiki gəncliyi isə nə internetsiz, nə də televiziyasız təsəvvür etmək mümkün deyil.
    Biz tərbiyə işini əsas ailədə və məktəbdə qurmalıyıq. Özül nə qədər dayanıqlı olsa o qədər möhkəm olar. Məktəblərimiz isə…
    O günü televizorda buraxılış imtahanlarından danışarkən dedilər ki, Sabirabad rayonunda şagirdlərin 50 faizdən çoxu ana dilindən və təqribən bir o qədəri də riyaziyyatdan “2” alıb. Ağcabədi, Hacıqabul və digər bəzi rayonlar da bu qəbildəndir. Və çox acınacaqlı haldır ki, bu işdə müəllimlərə haqq qazandırdılar, dedilər ki, müəllimlərin günahı yoxdur, onlar yalnız istiqamət verir (təlim-tərbiyə yox ha), günah şagirdlərin özlərindədir ki, oxumurlar.
    Cəmiyyətimizdə az da olsa bəzi ailələrdəki dözülməz vəziyyəti hamımız bilirik. Belə ailələrdə uşaq hansı tərbiyəni ala bilər.
    Deməli, gənclərin tərbiyəsi sahəsində çox şey dövlətin üzərinə düşür. Dövlətimiz və onun rəhbəri isə bu sahədə qədərindən də artıq işlər görür. Amma ailələr və məktəblər öz vəzifələrini dövlətimizin üstünə yıxmalı deyillər, ən azınnan hüquqi məsuliyyəti nəzərə almalıdırlar.

    Tofiq YUSİF,

    “Tərəqqi” medallı dövlət mükafatçısı

    Müəllif: Redaktor, 16:04

    Teqlər: ,

İsmarıclar bağlıdır.