Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Tərtər rayonunun ümumtəhsil məktəbləri üzrə 2017-2018-ci tədris ilində 602 nəfər XI sinfi bitirib. Onların 191 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Abituriyent adı qazananlardan 10 nəfəri 600-dən, 17 nəfəri 500-dən yuxarı bal toplayanlardır. Şəhər 1 saylı tam orta məktəbindən 31 nəfər, 2 saylı məktəb-liseydən 26 nəfər məzun ali ixtisas məktəblərinə qəbul olunub ki, bunlardan da rayon üzrə ən yüksək bal toplayanı 1 saylı tam orta məktəbin məzunu Laçın Əliyeva 687, 2 saylı məktəb-liseydən Elgiz Muxtarlı 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar. Builki məzun buraxılışında orta məktəbi 2 nəfər “Qızıl medal”la bitirib: 2 saylı məktəb-liseydən Nuranə Kərimova və Dəmirçilər kənd tam orta məktəbindən Kubra Bayramova. Abituriyentlərin yüksək nəticələr əldə etməsində təkcə təhsil aldıqları orta məktəblərin deyil, həm də təhsil hazırlıq kurslarının və fərdi müəllimlərin böyük zəhmətləri olmuşdur.LAÇIN ƏLİYEVA

    Laçın Əliyeva şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Laçın hazırda tələbədir. O, 3-cü qrupda imtahan verərək 643 bal toplamışdı. Lakin bu bal onu qane etmədi. Bir az da hazırlaşaraq təkrar imtahan verdi və 687 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olundu.
    Laçın nənəsinin adını daşıyır. Nənə Laçın nəvəsini həmişə həkim görmək arzusu ilə yaşayıb. Odur ki, nəvəsinin dərslərinə daim diqqət göstərir, onun yaxşı oxuması üçün öz köməkliyini əsirgəmirdi. İndi nənənin arzuları yerinə yetib. Nəvə Laçın qəbul imtahanlarından yüksək nəticə əldə etmək üçün “Tərtər” təhsil kursunda hazırlaşırdı. Ailədə də həmişə ona dəstək olunurdu.
    İndi ailədə sevinc dolu günlər yaşanır. Qarşıda Laçını daha məsuliyyətli günlər gözləyir. Gələcəkdə savadlı həkim olmaq Laçının ümdə vəzifəsidir. Bu yolda bütün tələbələr kimi Laçına da uğurlar arzulayırıq.

    ELGİZ MUXTARLI

    Elgiz Muxtarlı ailənin üçüncü övladıdır. Şəhər 2 saylı məktəb-liseydə təhsil alıb. Hazırda Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsidir.
    Elgiz özü haqqında deyir:
    –Aşağı siniflərdə oxuyarkən özümdən böyük qardaşlarım Hafiz Texnologiya Universitetində, Mübariz isə İqtisadiyyat Kollecində təhsil alırdılar. Söz düşəndə onlarla qürurlanırdım. Gələcəkdə mən də ali məktəbdə oxumağı düşü-nürdüm. Artıq mən də arzuma çatmışam. Dördüncü qrupda imtahan verərək 642 bal topladım. Bu, məni qane etmirdi. İkinci dəfə 685 bal topladım. Sevincimin həddi-hüdudu yoxdur. Mən Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alacağam.
    Elgiz qazandığı uğurlarda ailəsinin və müəllimlərinin böyük zəhməti olduğunu söylədi. Bildirdi ki, bu uğurların qazanılmasında anam Almaz müəllimin qayğısı və tələbkarlığı daha çox olub.
    Biz də Elgizi yüksək nəticə əldə etməsi və tələbə adı qazanması münasibəti ilə təbrik edib, uğurlar arzulayırıq.

    ZÖHRƏ QURBANOVA

    Zöhrə Qurbanova Bəyimsarov kənd tam orta məktəbinin məzunudur. O, müəllim ailəsində dünyaya göz açıb. Ailədəki 3 övladın üçüncüsüdür. Böyüyəndə qanunların keşiyində duran hüquqşünas olmaq arzusu ilə yaşayb. Bu istək onda əmisi Şahlar Qurbanovun peşəsinə olan sevgisindən yaranıb. Arzusuna çatmaq üçün həm təhsil aldığı orta məktəb, həm də “Tərtər” hazırlıq kursunda müəllimlərin tapşırıqlarına əməl edərək, dərslərini mükəmməl mənimsəməyə çalışıb. Artıq həyəcanlı günlər arxada qalıb. Zöhrə 3-cü qrupda imtahan verərək 677 balla Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub.
    Zöhrənin tələbə adı qazanması ailənin böyük sevincinə səbəb olub. Özü isə bu barədə dedi:
    –Hazırda universitet tələbəsi olmağımla qürur duyuram. Bunun üçün üzərimdə zəhməti olan hər kəsə–bütün müəllimlərimə və valideynlərimə minnətdarlığımı bildirirəm.

    NƏRMİN İSMAYILOVA

    Nərmin İsmayılova şəhər 1 saylı tam orta məktəbin məzunudur. Hələ orta məktəbdə oxuyarkən gələcəkdə həkim olmaq arzusu ilə yaşayırdı. Bu istək onda anası Şamama həkimin peşəsinə olan sevgidən yaranmışdı. Ona görə də dərslərinə böyük həvəslə fikir vermiş, orta məktəbi muvəffəq qiymətlərlə başa vurmuşdur.
    Nərmin IV qrupda 2 dəfə imtahan verib. Birincidə 631 bal toplayıb. Daha yüksək nəticə qazanmaq üçün təkrar imtahan verib, 675 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Orta məktəbdə oxuduğu illərdə adı həmişə əlaçılar cərgəsində çəkilib. Müəllimlərin keçdiyi dərsləri mükəmməl mənimsəyib, verdikləri tapşırıqları vaxtında yerinə yetirib. Onun nəticəsidir ki, bu gün alnıaçıq, üzüağdır. Onun üzərində zəhməti olan hər kəsə minnətdarlığını bildirir.

    KAMRAN SƏFƏROV

    Kamran Səfərov 2 saylı məktəb-liseyin aşağı siniflərində oxuyarkən valideynləri və müəllimləri onun fənləri yaxşı mənimsəməsi ilə fəxr edirdilər. Artıq orta məktəb illəri arxada qalıb. O, ali məktəbə qəbul imtahanında da fərqlənib. II qrupda imtahan verərək 663 bal toplayıb və Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə işi fakültəsinə qəbul olunub.
    Hazırda Səfərovlar ailəsi sevinc içərisindədir. Buna səbəb Kamranın yüksək balla universitet tələbəsi olmasıdır. Özü isə daha çox sevinir. Axı, o, həm ona əziyyət çəkən valideynlərinin, həm də müəllimlərinin etimadını doğrultdu. Bu müvəffəqiyyətin qazanılmasında zəhməti olan hər kəsə sonsuz minnətdarlığını bildirir.

    NURANƏ KƏRİMOVA

    Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova onun haqqında çox səmimi danışdı. Dedi ki, Nuranə Kərimova məktəbimizin ən istedadlı şagirdlərindən biridir. O, birinci sinifdən on birinci sinifə qədər əlaçı olub. Hələ IX sinifdə oxuyanda Xocalı faciəsi ilə bağlı keçirilən rayon müsabiqəsində diploma layiq görülüb. Elə həmin il, yəni 2016-cı ildə aprel döyüşləri gedən bir zamanda Nuranə Bakıda tarix fənni üzrə respublika fənn Olimpiadasında iştirak etdi və rayonumuza medalla qayıtdı.Bu uğurlu nəticə 2 dəfə də təkrar olundu. Hələ Tərtər rayonunda 3 dəfə ardıcıl olaraq respublika fənn Olimpiadasında qalib olmayıb. Biz onunla fəxr edirik.
    Öyrəndik ki, Nuranə orta məktəbi “Qızıl medal”la bitirirb. Ali məktəbə qəbul imtahanında 659 bal toplayıb. O, Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olunub.

    KUBRA BAYRAMOVA

    Ali ixtisas məktəblərinə yüksək nəticə ilə qəbul olunanlardan biri də Dəmirçilər kənd tam orta məktəbinin bu ilki məzunu Kubra Bayramovadır. Tərtər “Kainat” təhsil kursunda hazırlaşmışdı. Artıq həyəcanlı günlər arxada qalıb. O, III qrupda imtahan verərək 659 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. O deyir:
    –Muasir zamanda gənclərimizin təhsil alması və savadlanması üçün hər cür şərait yaradılmışdır. Bu şəraitdən istifadə edərək biz gənclər də çalışmalıyıq ki, Vətənin layiqli övladlarından olaq. Mən də universitetdə təhsil aldığım illərdə daha yaxşı oxumağa çalışacam ki, valideynlərimin və müəllimlərimin etimadını doğruldum.
    Kubra Bayramova həm də rayonumuzda “Qızıl medal”çı olan 2-ci məzundur. Bu, onun üçün ikiqat sevincdir.

     

    NİGAR VƏ YAQUT QURBANZADƏLƏR

    Nigar Qurbanzadə Seydimli kəndində doğulub, orada da on birinci sinifi bitirib. Yaqut Qurbanzadə isə Səhlabad kəndində doğulub, şəhər 6 saylı tam orta məktəbində təhsil alıb. Göründüyü kimi, bu qız-ların soyadları da eynidir. Onların tanışlığı “Tərtər” təhsil kursundan başlanıb. Hazırda qızların hər ikisi də universitet tələbəsidir.
    Nigar 639, Yaqut isə 628 balla Xarici Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olublar. Universitetdə təhsil aldıqları illərdə də birlikdə oxuyacaqlarına söz veriblər. Onlar deyirlər:
    –Gələcək arzularımızı reallaşdırmaq üçün birlikdə çalışırıq.

     

    NƏRGİZ AĞAZADƏ

    Şəhər 2 saylı məktəb–liseydə 600-dən yuxarı bal toplayan məzunlardan biri də Nərgiz Ağazadədir. O, IV qrupda imtahan verərək birinci dəfə 608 bal toplamışdır. Lakin topladığı bal onu qane etmirdi. Daha yüksək nəticə əldə etmək istəyirdi. Odur ki, təkrar imtahan verib, 622 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil oldu.
    Nərgizin yüksək nəticə əldə etməsi özünə tələbkarlıqdan irəli gəlir. Valideynlərinin hər ikisi müəllim olduğu üçün bu tələbkarlıq daha da artmışdır . Övladlarının ali təhsil almaq məsələsi bir valideyn kimi onları hər an narahat edirdi. Nərgiz ailənin ilk övladı olduğu üçün ali məktəbə qəbul olmasını hər an arzu edirdilər. Artıq arzularına çatıblar. Nərgizin tələbə adını qazanması ailənin böyük sevincinə səbəb olub.
    Materialları hazırladı
                                                                                                                           Elfuzə VƏLİYEVA

     

     

     

     

    Müəllif: Redaktor, 14:45

    Teqlər:

İsmarıclar bağlıdır.