Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Eramızdan əvvəl I minillikdə meydana gəlmiş və eramızın I minilliyində bir dil kimi formalaşmış, XVI əsrdə Şah İsmayıl Xətainin hökmdarlığı dövründə dövlət səviyyəsinə çatmış və dövlət dili elan edilmişdi. Dilimiz neçə əsr bundan əvvəl indiki kimi səlis və rəvan deyildi. Bu gün isə Azərbaycan dili kamil quruluşa, zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Müstəqillik qazanandan bəri Azərbaycan dili dünya dilləri səviyyəsinə qədər yüksəlib, yüksək tribunalardan səslənən bir dil olub, dövlətlərlə sazişlər bu dildə imzalanır, əsrin müqavilələri bu dildə bağlanır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza, əzizimizə məhəbbətlə, sevgi ilə, düşmənə isə nifrətlə səslənən bir dildir. Ana dilimiz Azərbaycan xalqının ən böyük sərvətidir. Ana dili Azərbaycan xalqının isbatı, vüqarı, fəxr dün-yasıdır. Çünki bu dil qeyrətli babaların yadigarı, ağbirçək anaların əmanətidir. Ancaq bu əmanəti olduğu kimi saxlamaq dilini bəyənməyən bəzi insanlar üçün çətindir. İndi cəmiyyətimizdə “avropalaşma prosesi gedir. Azərbaycanda bir ingilis görsək in-gilis, fransızla fransız, rusla rus dilində danışmağa, ünsiyyət qurmağa çalışırıq. Xarici dil bilmək təqdirəlayiqdir. Biz mükəmməl xarici dil öyrənərək xarici səfərlər zamanı onlarla anlaşıb dərdimizi deyə biliriksə bunun nəyi pisdir ki? Ancaq təsadüfi halda görərsiniz ki, əcnəbi bir ölkənin vətəndaşı öz ölkəsində səninlə Azərbaycan dilində danışsın. Hətta illərlə Azərbaycanda yaşayan, artıq ömrünün ahıl çağında olan rus da bizimlə rus dilində danışır. Bu onun milli varlığını müəyyən edən başlıca amillərindən olan doğma dilinə hörmətindən irəli gəlir. Müstəqil dövlətimizin inkişafını bizə bəxş etdiyi həqiqətlərdən biri də xarici ölkələrlə əlaqələrimizin genişlənməsidir. Bunun nəticəsi olaraq əcnəbi sözlər dilimizdə özünə yer alıb, “vətəndaşlıq hüququ” qazanıb. İstər gündəlik danışıqda, istərsə də kütləvi informasiya vasitələrində belə sözləri tez-tez eşidirik. “Delavoy” (işgüzar), “razetka” (mürəbbə qabı), “ruçka” (qələm), “uje” (artıq), “aptek” (dərman evi) “svetafor” (işıqfor), “naprijonnı” (gərgin), “ujin” (axşam yeməyi), “ujas” (qorxulu), “davolno” (razı), “naprimer” (məsələn), “plyaj” (çimərlik), “druq” (dost), “priyatno” (xoşa gələn), “stres” (qorxu hissi), “vapşe” (ümumiyyətlə) və s. yüzlərlə belə sözlər dilimizin saflığını pozur, onun inkişafına mane olur, qəliz-ləşdirir. Bundan başqa “özlüyorum”, “aşqım”, “konuşmuyorum” və s. sözlər də dilimizin lüğət tərkibinə təsir edir, bir çox sözlərin sıradan çıxmasına səbəb olur. Bu cür sözlər əvəzinə, Azərbaycan dilində qarşılığını, onu ifadə edə biləcək sözü işlətsək dilimiz zənginləşər, nitqimiz də əcnəbi, yad sözlərdən təmizlənər.
    Müstəqil dövlətimizdə Azərbaycan dilinin rəsmi dövlət dili olaraq tətbiqində Ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu öndərimiz milli-mənəvi dəyərlərimizə yüksək qiymət verirdi, onları qorumağı tövsiyə edirdi. Milli-mənəvi dəyərlərimizdən biri də ana dilimizdir. Bizim vəzifəmiz onun varlığını, saflığını qorumaqdır. Damarında azərbaycanlı qanı daşıyan hər bir Azərbaycan vətəndaşı öz ana dilini göz bəbəyi kimi qorumalıdır. Heç bir qanun bizə vətənimizi, doğma ana dilimizi, milli-mənəvi dəyərimizi sevdirə bilməz. Bu sevgi hər bir şəxsin özündə olmalıdır. Ona görə də gəlin dəyərlərimizə sahib çıxaq, dilimizi sevək və onu əcnəbi, yad ünsürlərin təsirindən qoruyaq. Gözümüzü dünyaya açandan ana dilimizdə şirin ana laylası eşitmişik, ana dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ulü öndər avqustun 1-ni ölkəmizdə “Azərbaycan Əlifbası Günü” kimi elan etdi. Bu bayramın əhəmiyyətini qeyd edən Ulu öndərin bu fikri gələcək nəsillərə vəsiyyət kimi səslənib: ‘Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz”.
    Bəli, çox gözəl, dəqiq və yerində deyilmiş kəlamlardır.
    Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi dilimizə hər zaman verilən dəyər və qiymət məni çox sevindirir. Prezidentimiz İlham Əliyev dilimizin saflığını qorumaq və yaşatmaq üçün 17 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin yaradılması haqqında sərəncam verdi. Müasir dövrdə texnoloji imkanların artması ana dilinin bütün imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait, milli ideya, azərbaycançılıq məfkurəsi uğrunda dövlət dilinin saflığının qorunmasını və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasnı zəruri edir. Mən də bir dil-ədəbiyyat müəllimi kimi gənclərə səslənirəm:
    – Ana dilimiz bizim həyatımız, inancımız, qeyrətimiz və qürurumuzdur, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Milli-mənəvi dəyərimiz olan bu dil əcdadlarımızdan bizə qalan mirasdır, ən böyük milli sərvətdir. Bizim müqəddəs borcumuz bu sərvəti qorumaq və yad ünsürlərdən təmizləyərək inkişaf etdirib gələcək nəslə çatdırmaqdır.

    Xalidə Quliyeva,
    Tərtər şəhər R. Nuriyev adma 6 №li tam
    orta məktəbin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 15:04

    Teqlər:

İsmarıclar bağlıdır.