Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Bu günlərdə həmyerlimiz Talıb Həsənoğlunun (Məmmədlinin) “Dünya, məni əyləndirmə, düşündür” adlı ilk şeirlər kitabı çapdan çıxıb. Bu topluda şairin müxtəlif illərdə yazdığı poetik nümunələr cəmlənib.
    Kitabın redaktoru İdrak Rəhimoğludur. Məcmu “Gənclik” nəşriyyatında çap olunub.
    Kitaba yazdığım ön söz əvəzinin “Yeni Tərtər” qəzetində dərc olunmasını Talıb Həsənoğlunun bir təbrik kimi qəbul edəcəyinə inanıram.

    ŞAİR BELƏ OLAR

    Aqillər Həzrəti Sözə elə zirvə ucalığında hörmətlə, ehtiyatla və həssaslıqla yanaşıblar ki, onun dəyərinə, saflığına və müqəddəsliyinə xələl gəlməsin. Sözün qüdrətinə bax ki, Tanrı “Ol!” deməklə kullü kainat bərqərar olub. Yəni Həzrəti Söz Tanrıdan sonra ikincidir, bütün varlığın fövqündə dayanır. Sözə səcdə etmək gərəkdir ki, səni hər yerdə hörmətə-izzətə mindirsin.
    İndiki dövrdə adamları peşəsinə görə bir neçə qismə bölürlər: “iş adamı”, “vəzifə adamı”, “din adamı”, “küçə adamı”, “bazar adamı”… və nəhayət, “söz adamı”.
    Talıb Həsənoğlu da söz adamıdır. O, sözə çox böyük diqqətlə və məsuliyyətlə yanaşır. Sözün ucuzlaşmasından qorxur, “taxtdan düşməsindən” çəkinir. Bilir ki, yerinə düşməyən ən şirin söz, yerində deyilən ən acı sözdən dəyərsizdir. Sözü ucuzlaşdırmaq olmaz, onu dəyərdən salmaq özünü dəyərsizə çevirməklə eynidir. Əbəs deməyiblər: “Danış, sənin kim olduğunu deyim”.
    Talıb Həsənoğluyla mən uzun illərin dostuyuq. Bizi bir-birimizə yaxınlaşdıran da söz olub.
    Həmişə şeirlərini çəkinə-çəkinə oxuyub mənə. Sanki qorxub ki, yerinə düşməyən bir kəlmə işlədər, bununla da qarşısındakına hörmətsizlik edər.
    Talıb Həsənoğlu heç vaxt özünə şair deməyib, yazdıqlarını isə şeir adlandırmayıb, nəsə yazmışam deyib. Yəni bəzi “cızma-qaraçılar” kimi özünü şair elan edib, “gözə soxmur”, sözə hörmət etdiyi kimi, öz şəxsiyyətinə də hörmət edir. Bilir ki, kiminsə dediyi kimi, “zorla Allah olmaq olar, amma şair yox”.
    Talıb Həsənoğlu hər dəfə şeir oxuyanda sanki meşədə küləyin nəğməsini eşidirəm, yağışın alaçığı döyəcləyən damcılarının səsini dinləyirəm, bulağın şırıltıyla axan suyunun laylasına qulaq asıram. Onun şeirlərində qartal qıyyası var, vətən sevgisi, yurd nisgili var, doğma yerlərə həsrət var, torpaq dərdi, qəriblik ağrısı var. Bəzi şeirlərində isə şərəfi, mənliyi olmayanlara bir qəzəb fırtınası, əsəb qasırğası var. Bir sözlə, Talıb Həsənoğlu təpədən-dırnağa əsil şair qardaşımızdır. O, çoxdan çap olunur, lakin çəkincəkliyi onun xalq tərəfindən şair kimi tanınmasına həmişə əngəl olub. Söz-sav adam-larının bir çoxu, çağdaş poeziyamızın bəzi nəhəngləri də artıq onu gözəl bir şair kimi qəbul ediblər. Amma yenə də öz poetik ləngərini, şair sambalını qoruyur. Yəni Həzrəti Sözü uca tutan, qibləgah kimi ona səcdə edən bir şairdir.
    Yazdığı nə varsa, hamısına kəlmə-kəlmə, söz-söz məna yükləməyə çalışır, hər misrasını, hər beytini yeni fikirlə, duyğuyla şələləyir. Talıb Həsənoğlu onu şair kimi tanıyanlar üçün həmişə və sevə-sevə yolu gözlənilən bir söz adamıdır.
    Talıb Həsənoğlunun yaradıcılığında bütün mövzular özünə yer tapıb. Onun istedadlı qələmindən çıxan hər nümunədən bir siftəlikdə bəhs etmək, əlbəttə, namümkün bir arzudur. Lakin şairin bircə şeiri də onun necəliyini isbatlamağa bəs edə bilər. Ona görə də Talıb Həsənoğlunun bədii söz ümmanından götürülmüş qətrələrin sizə də xoş təsir bağışlayacağını düşündüm.
    İnsan ömrünün fəlsəfəsini və bu dünyanın gedişini Talıb bu şeirində görün necə də gözəl anlayır, onları öz oxucularına necə açıqlayır.
    Bu dünyanın
    Könül, tapın mətinliyə,
    Sınağı var bu dünyanın.
    Diz qatlama çətinliyə,
    Qınağı var bu dünyanın.
    * * *
    Gah zəhər, gah da bal dadan,
    Gah aşkara, gah daldadan,
    Gözəllər kimi aldadan
    Yanağı var bu dünyanın.
    * * *
    Ağıl başa tacdı inan,
    Sadə görün, nə qəm, qınan.
    Ağılsız başlarda sınan
    Çanağı var bu dünyanın.
    * * *
    Talıb, ömrü vermə heçə,
    Qoşacaqdı bir gün köçə.
    Sənin kimi neçə-neçə
    Qonağı var bu dünyanın.
    Talıb Həsənoğlunun “Sağlığında ölən “şair”” şeirinin adından da nə demək istədiyi bəlli olur. Həqiqətən də, yalnız özü-özünü “şair” hesab edənlər elə cızma-qara etməyə başlayandan yox olublar, ölüblər. O, şeirinə belə başlayır:
    Ölü sağlar az idimi,
    Sağlığında ölən “şair”?
    Sonra fikrinə davam edir.

    Şöhrət bunca göz bağlamaz,
    Təb olmasa söz çağlamaz.
    “Özü yıxılan ağlamaz”,
    Sağlığında ölən “şair”.
    * * *
    Yük çəkər, zülüm yaşayar,
    Qəflətə gülüb yaşayar.
    Şairlər ölüb yaşayar,
    Sağlığında ölən “şair”.
    Talıb Həsənoğlu həm də Vətən həsrəti, yurd intizarı, torpaq nisgili ilə yaşayan şairdir. Onun bu mövzudakı şeirlərinin hər misrasından göz yaşı damcılayır, hər kəlməsi hicran, həsrətə bələnib, ürək kimi sızım-sızım sızıldayır. “Qınayın məni” şeirində olduğu kimi.
    Siz uçan səmada xəyalım ötər,
    Nə həsrət əriyər, nə hicran bitər.
    Köçəri həyatdan köçkünlük betər,
    Qınayın, durnalar, qınayın məni.
    * * *
    Keçib dərə-təpə, düz qayıdarsız,
    Doğma ünvanlara düz qayıdarsız.
    Mən dönə bilmirəm, siz qayıdarsız…
    Qınayın, durnalar, qınayın məni.
    Talıb həm də təbiət şairidir. Onun şeirlərindən sanki boynubükük bənövşənin, ovcu şehlə dolu nərgizin, gözəlliyi bülbülü dəli eləyən qızılgülün, salxımlanan yasəmənin ətri gəlir. Dağlara həsr etdiyi şeirlərini oxuyanda gözünə-könlünə dağ mehi əsir, özünü o dağların qucağında hiss edirsən. Lakin doğma dağ-dərə, sərin, bal kimi bulaqlar yağı tapdağında qalannan Talıb Həsənoğlunun dağlara həsr elədiyi şeirlər də qan ağlayır, “saçlarını yolur”, ağı deyir.
    Bu nədir, qapını yoxsa qış alıb?
    Ya fəsil yerini dəyişik salıb?
    Yayda qar hardandır, uşaqsan, Talıb?
    Həsrətdən ağarıb başı dağların.
    Talıb Həsənoğlunun sevgi şeirlərində özünəməxsusluq var. Onları oxuyanda yaşlılar da sanki gəncləşir, sinələr sevgiylə dolur, adamın cavanlıq çağları yadına düşür.
    Məhəbbət dəli çaydı,
    Gəldi, vədəyə baxmaz.
    Sevən ürəyə axar,
    Düzə, dərəyə axmaz.
    Və yaxud,

    Sevgi–sevənlərin imanı, dini,
    Eyb etməz gah yoxuş, gah eniş olsun.
    Qovun ürəklərdən nifrəti, kini,
    Sevginin mənzili qoy geniş olsun
    Yaxşısı orasındadır ki, Talıb Həsənoğlu öz şeirlərini heca vəznində yazır, ələlxüsus qoşma, gəraylı, təcnis üstündə köklənir ki, bu növ şeirlərdə fikir demək, poetik kəşflər etmək və həm də basmaqəlib qaydaları gözləmək elə də asan deyil. Abbas Tufarqanlıdan üzü bəri Sarı Aşıq, Aşıq Ələsgər və digər azmanlar cinas və ya cığa qoyublar ki, qalsın, sən də onu tapıb, yeni cinas kimi, cığa kimi işlədəsən? Talıb Həsənoğlu daim söz axtarışında olan bir şairdir deyə, onun üçün yeni cinas elə də “baş ağrısı”na çevrilmir.
    Məsələn, Göyçəli şair Əli Qurbanova yazdığı bir təcnisdə görün cinaslar necə sığallı və təzə-tərdir:
    Şirin söhbətinlə, şirin sözünlə
    Süzüb axdın, ürəyimə, Əli, sən.
    Əl uzatdım tanış olam özünlə
    Çox səmimi qarşıladın əli sən
    * * *
    Dədə Şəmşir aldı getdi üst adı,
    Neçə şair, neçə aşıq ustadı.
    Söz mülkünə Məmməd Aslan ustadı,
    Sən Tanrının sığal çəkən əlisən.
    * * *
    Kəlbəcərdə tanınsa da iz indi,
    Dədə Ələsgərin izi izindi.
    Onu danmaq bilməyənə izindi,
    Talıb bilir sən Göyçəli Əlisən.
    Əlbəttə, biz Talıb Həsənoğlunun yaradıcılığı haqqında iki-üç kəlmədən savayı heç nə deyə bilmədik. Sağlıq olsun!
    Bu kitab şair Talıb Həsənoğlunun ilk şeirlər toplusudur. Biz də bu gözəl şairimizi sevənlərlə yanaşı, onun ovsuna, sehirə bükülmüş neçə-neçə kitabını həsrətlə gözləyənlərdənik.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:44

    Teqlər:

İsmarıclar bağlıdır.