Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    SÜLH İNKİŞAFIN ƏSAS TƏMƏLİDİR

    Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır–Sülh! Sülh–əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh–azadlıq, bərabərlik və ədalətdir. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sabit şəraitdə yaşamalı olan insanlar bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.
    1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir.
    Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa, dayandırılmasına, regionda sabitliyin yaranmasına nail olmuşdur. Bu, həm dövlətimizin sülh arzusunun ifadəsi, həm də hərbi qüdrətə gedən yolun başlanğıcı idi.
    Ulu öndərin rəhbərliyi ilə Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Lakin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş ərazilərin qeydşərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam et-dirərək beynəlxalq sülhün tələblərini pozur.
    ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdu. Ümummilli lider tolerantlıq, dünyəvilik istiqamətində milliliyi, Qafqazda sülhü qoruyub saxlamağı başlıca amil hesab edərək demişdir: “Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə, dünyanın bütün ölkələri və xalqları ilə əl-ələ verib getməyə hazırıq”.
    Ümummilli liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Kons-titusiyasının preambula hissəsində “ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur.
    Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan edərək demişdir: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir mə-sələdir. Bu zərurət həm də onunla bağlıdır ki, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və əsassız ərazi iddiaları müstəqil dövlətimiz və xalqımız üçün böyük problemlər yaratmışdır. Ərazimizin 20 faizi işğal olunmuş, on minlərlə insan öldürülmüş və yaralanmış, yüzlərlə qadın, uşaq və qoca əsir və yaxud girov götürülmüş, bir milyondan çox insan tarixi etnik torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. Təcavüz nəticəsində xalqımızın böyük mənəvi və maddi itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan Respublikası daxili və xarici siyasətində demokratiya və müstəqil dövlətçilik prinsiplərinə, eyni zamanda beynəlxalq hüquqi normalara daim sadiqlik nümayiş etdirir. Biz bu yolda xalqımızın sülhsevərlik, humanizm və dözümlülük kimi yüksək mənəvi dəyərlərinə arxalanırıq”.
    Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmişdir.
    Ulu öndərin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyildir ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır”–deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.
    Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

    Rəşid BAYRAMOV,
    Tərtər rayon prokurorunun köməkçisi,
    II dərəcəli hüquqşünas

    Müəllif: Redaktor, 10:25

    Teqlər:

İsmarıclar bağlıdır.