Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    “Qəhrəmanlıq məqsədə doğru gedərkən öz həyatını hesaba almayan insanın düşüncə tərzidir”. Demokrit
    Tərtərlilər uzun illərdir ki, mərmi partlayışlarının səsi altında yaşayırlar. Artıq bir nəsil müharibə şəraitində doğulub, boya-başa çatıb. Onlarda vətənpərvərlik hissləri xüsusilə güclüdür. Çünki gözlərini dünyaya açandan erməni vəhşiliyini görüblər. Böyüklərin bu barədə söhbətlərini eşidiblər.
    Hər birinin ürəyində intiqam hissi alovlanıb. Bu hiss bütün arzularını üstələyib. Belə gənclərdən biri də 1989-cu ildə Tərtərdə dünyaya göz açan İsgəndərov Nicat Bəhruz oğludur –bizim Aprel şəhidimiz, Lələtəpə fatehlərindən biri.
    Nicatgilin ailəsini çoxdan tanıyıram. Qonşu olmuşuq. Ailənin başçısı Bəhruz İsgəndərov sadə, zəhmətkeş bir insandır. Ömrü boyu ailəsini dülgərlik sənətindən əldə etdiyi halal qazancla dolandırıb. Aza da qane olub, çoxa da. Hətta ağır bir işi görəndən sonra zəhməthaqqını kimsə gecikdirəndə, yaxud verməyəndə belə, dillənməyib. “Eybi yoxdur, bir təhər dolanarıq”–deyə düşünüb, və, necə deyərlər, qarışqanın belə xətrinə dəyməyib.
    Maya xanım evdar qadın olsa da, ailə qayğılarının böyük bir hissəsi onun üzərinə düşürdü. Bu qayğılardan heç zaman gileylənməz, narazı qalmazdı.
    Beləcə Nicat və onun yeganə bacısı Xəndan halal, zəhmətkeş bir mühitdə böyüyürdülər. Yamanca tez böyüyürdü Nicat. Sanki düşüncələri, arzuları yaşını qabaqlayırdı. Bunu hamı görürdü. Məktəbdə də, evdə də. Hətta qonşular hərdən anaya deyirdilər: “Nə yaman zirək oğlun var, ay Maya. Məktəbə də gedir, hələ üstəlik evə qazanc da gətirir. Böyüsün, gör necə oğlan olacaq. Çəkdiyiniz əziyyətlərin hamısını sizə qaytaracaqdır”.
    Oğlunun yaşına uyğun olmayan çətin işlərdən yapışdığını görən ana bəzən kədərlənir, bəzən isə qürur hissi keçirirdi: “Köməkçimiz böyüyür”,–deyə, dərindən köks ötürür, qəlbində Nicatın gələcəyi ilə bağlı min-bir səhnə canlandırırdı…
    Amma bu vətən oğlunun valideyn borcunu qaytarmaq üçün bu cür tələsməsinin başqa bir səbəbi də vardı və bunu yalnız o özü bilirdi. İllər sonra Nicat şəhidlik zirvəsinə ucalanda onun sirli saxladığı fikirlər hər kəsə aydın oldu: onu bu qədər tələsdirən qəlbində özü ilə bərabər boy atan vətən məhəbbəti və bu Vətənin bir parçası olan doğma torpaqların işğal altında qalması ilə heç cür barışa bilməməsi idi.
    Maya xanımla söhbət edirəm. O deyir:
    –Sanki ömrünün qısa olacağını bilirdi Nicat. 27 illik həyatında nələr eləmədi bizdən ötrü? Valideyn borcunu qaytarmağa tələsirdi. Çünki bundan böyük borcu vardı: Vətən qarşısındakı borc.
    Maya xanım danışır ki, Nicat hərbi geyimini çox sevirdi. Hət-ta bir neçə günlüyə evə gələndə də bu paltarları əynindən çıxarmaq istəmirdi. Yalvarırdım, deyirdim ki, ay bala, evimizdəsən, rahat ol, o isə yenə də elə geyinirdi ki, sanki bu dəqiqə döyüşə gedəcək. İndi başa düşürəm ki, oğlum hər an yalnız o dəqiqələri gözləyirmiş. Çox qorxmaz idi. Nicat ölümündən də qorxmurdu.
    Bu fikirləri cəsur hərbçinin döyüş yoldaşları da təsdiqləyirlər. Əks–hücum əmri alınan gün onun yanında olan dostu Emin həmin anları belə xatırlayır:
    –Şəhid olan gün Nicat tağım komandiri idi. Ona zəng gəldi. Bir anın içərisində çöhrəsinin ifadəsi dəyişdi. Gözlərində alov parladı. Biz komandirin sifətində həyacanla bərabər hədsiz sevinc hissləri oxuduq və elə bildik ki, ona şəxsi həyatı ilə bağlı nəsə şad bir xəbər çatdırıblar. Bunu Nicata bildirəndə dedi:
    –Şəxsi həyatımdakı heç bir hadisə məni bu qədər sevindirə biməzdi. Ömrüm boyu gözlədiyim an gəlib çatıb. Mən şəhid olmağa gedirəm.
    Bu sözləri Nicat İsgəndərov telefonla bacısı Xəndana da demişdi.
    Əks-hücuma keçmək haqqında əmr alan Nicat 11 nəfərlik dəstəsi ilə hazır oldu. Deyirlər ki, o gecə güclü külək əsirdi. Nicatın üzü isə təraş edilməmişdi. O, düşmənin qarşısına bu cür çıxmaq istəmirdi. Kiçik güzgünü ağaca bağlayıb üz-gözünü qaydaya saldı. Cəsur kəşfiyyatçının həlak olması xəbəri yoldaşlarına çatanda, həmin güzgü ağacdan düşüb cilik-cilik oldu…
    * * *
    …Aprelin 1-dən 2-nə keçən gecə tərtərlilər yuxudan top atəşlərinin səsinə oyandılar. Mərmilərin partlamasından aydın idi ki, ermənilər hücum etsələr də, bizim artilleriyamız da onlara cavab verir. Şəhərdə dağıntılar vardı. Hamı evdən çıxıb, bir-birindən xəbər tutur, vəziyyəti öyrənməyə çalışırdı.
    Beləcə nigarançılıq içində səhər açıldı. Bu səhər xalqımıza böyük sevinclə yanaşı, sonsuz kədər də gətirdi. “Qələbə” sözü dildən-dilə gəzdi. Təhlükə, həyəcan hissləri sanki yoxa çəkilmişdi. İnsanlar erməni istehkamlarının darmadağın edilməsi, qoşunlarımızın irəliləməsi xəbərini bir-birinə çatdırır, sevinc yaşlarını gizlədə bilmirdilər.
    Elə həmin gün–aprelin 2-də Nicat da ömrü boyu can atdığı, tələsdiyi vətən borcunu şərəflə yerinə yetirərək, doğma Tərtərimizə qəhrəman şəhid kimi döndü.
    O unudulmaz aprel günlərində xalqımız ağır itkilər verdi, ən cəsur, igid oğullarımız həlak oldu, adları tarixə yazıldı. Bu qəhrəmanlıqlar sayəsində Qarabağ müharibəsi tarixində ən böyük qələbə qazanıldı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dörd günlük müharibə haqqında belə dedi: “…Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir və tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq”.
    Xalqımız şəhid ailələrini tək qoymadı. Uzun illərdən bəri gözlədiyimiz qələbə sevincini bizə yaşadan oğulların valideynləri, doğmaları hər kəsin qayğısı ilə əhatə olundular. Elə həmin aprel günlərində Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın adından Heydər Məscidində Aprel şəhidlərinin ruhuna ehsan verildi. Bu, sadəcə ehsan deyildi. Bu, bir ananın, böyük qəlb sahibinin yaralı ürəkləri ovundurması idi. O anlarda şəhid anaları, bacıları, həyat yoldaşları hiss etdilər ki, bizim bir Vətənimiz, bir torpağımız olduğu kimi, dərdimiz də birdir. Bu dərdi qürurla çəkməliyik.
    Həmin görüşdə Niicat İsgəndərovun anası Maya xanım da iştirak edirdi. O, bu barədə belə danışır:
    –Mehriban xanım hər birimizlə ayrı-ayrılıqda görüşdü, təsəlli verdi. Onun ürəkdən gələn sözləri, göz yaşları yaralı qəlblərimizə məlhəm oldu. Bu mərasimdə biz hamımız doğmalaşdıq, sanki bir ailə olduq. İndi də həmin şəhidlərin doğmaları ilə əlaqə saxlayırıq.
    Şəhidlərin ana və bacılarının, həyat yoldaşlarının hər biri özləri də bir qəhrəmandır. Maya ana onların məğrurluğunu qürur hissi ilə dilə gətirdi. Bildirdi ki, “Azərbaycan Bayrağı” ordenli pilot Əbu Bəkr İsmayılovun cəmi altı ay birlikdə ömür sürdüyü həyat yoldaşı bu gün də onun valideynləri ilə birgə yaşayır. O, bu hərəkəti ilə onları həyata bağlayır. Əhdə sədaqət, alicənablıq, humanizm, dözümlülük kimi Azərbaycan qadınına xas olan ən ülvi xüsusiyyətlər Aprel hadisələri zamanı bir daha özünü göstərdi. Dünya gördü ki, qəhrəmanları həyata gətirən, böyüdən və tərbiyə edən məhz belə analardır.
    Hər bir şəhid ailəsi kimi, Nicat İsgəndərovun ailəsi də bu gün dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. Ölümündən sonra o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən birinci dərəcəli “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü ilə şəhərin ən yaraşıqlı kücələrindən birinə Nicat İsgəndərovun adı verilib. Burada onun barelyefi qoyulub.
    Nicat İsgəndərovun valideynləri deyirlər ki, hər bir şəhid ailəsinə olduğu kimi, onların da ailəsinə rayon rəhbərliyi tərəfindən qayğı və diqqət göstərilir.
    Nicatın əziz xatirəsi uca tutulur. Bir valideyn kimi onları rayonda vətənpərvərlik ruhunda keçirilən müxtəlif tədbirlərə dəvət edirlər.
    Bəhruz ata, Maya ana əmindirlər ki, bir zaman Lələtəpə fatehlərinin başa çatdıra bilmədikləri işi Azərbaycan Ordusu başa çatdıracaq və bir qarış torpağımız belə işğal altında qalmayacaq. Onda şəhid ruhları rahat uyuyacaqlar.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:12

    Teqlər:

İsmarıclar bağlıdır.