Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Avq

    41“İnsan, onun həyatı, səhhəti, hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə ali dəyərlər olduğu bəyan edilir, belə dəyərlərin qorunması dövlətin ən başlıca vəzifəsi kimi təsbit edilir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında “Xüsusi fəsil”ə daxil edilən normalarla insanın həyatı, səhhəti, şərəf və ləyaqəti, hüquq və azadlıqları müdafiə altına alınır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanan Cinayət Məcəlləsində bütün qorunan başqa dəyərlər içərisində insanın, onun hüquq və azadlıqlarının qorunması ön plana çəkilir.
    İnsanın azadlığına qəsd edən cinayətlər–insanın azadlığının təhlükəsizliyini təmin edən münasibətlərə qəsd edən, ictimai təhlükəli, cinayət qanunu ilə qadağan edilən, təqsirli, qeyri-əxlaqi əməllərdir. CM-nin 144-cü maddəsi adam oğurluğu haqqındadır. CM-nin 144-cü maddəsi üzrə əsas obyekt kimi azadlıq hüququ çıxış edir. Şəxsi azadlıq yaşayış yeri, olduğu yeri seç-mək, yerdəyişmə azadlığıdır. CM-nin 144-cü maddəsində nəzərdə tutulan cinayət formal tərkiblidir. Başqa sözlə, şəxs oğurlanan andan cinayət başa çatmış sayılır. Oğurluğun subyektiv cəhəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirkar zərərçəkmişi yaşadığı yerdən başqa yerə apardığını dərk edir və bunu arzu edir. Motiv və məqsədlər müxtəlif ola bilər: zərərçəkmişin yaxınlarından və qohumlarından tələb olunan pul; oğurlananın “köləliyə” salınmasından gələn gəlir; orqan və toxumaların transplantasiya üçün donor qismində qanunsuz istifadə edilmək üçün satma; evlənmək məqsədilə qızın qaçırılması və s.
    Qızın evlənmək məqsədilə öz iradəsi əleyhinə zorla qaçırılması qədim adətlərin qalığıdır. Lakin sonradan bu cür adətlər qanunvericiliklə kriminallaşdırılmış, qadağan edilmiş adət hesab olunmuşdur. Ümumiyyətlə, bu cinayətin əmələ gəlmə tarixi qədim adətlərin təşəkkül tapdığı dövrə gedib çıxır. Bu adət bir sıra Qafqaz, Orta Asiya, türk dilli və s. xalqlarda hələ də mövcuddur.
    Azərbaycan cinayət qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma ha- lını cinayət kimi qəbul etmişdir. 2000-ci il sentya-brın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərsə, 5 ilədək müddətinə azadlıqdan məhrumetmə cə-zası nəzərdə tuturdu.
    2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əvvəlki Cinayət Məcəlləsindən fərqli olaraq qadının evlənmək məqsədilə oğur-lanmasını ayrıca maddədə deyil, adam oğurluğuna görə məsuliyyətin müəyyən edildiyi 144-cü maddəsinin tərkibində nəzərdə tutmuşdur. Adam oğurluğu keçmiş Cinayət Məcəlləsindəki 129-cu maddədə nəzərdə tutulan əməldən mahiyyət üzrə köklü surətdə fərqlənir. Adam oğurluğunun motivləri çoxsaylıdır və həmin əməllər üçün 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
    Cinayətin obyekti qismində cinayətdən zərər çəkən şəxsin, o cümlədən oğurlanan qadının azadlığı çıxış edir. Cinayət formal tərkiblidir, yəni qadının aparılaraq başqa yerdə saxlandığı andan cinayət başa çatmış hesab edilir. Qadının başqa yerdə saxlanması müddətinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, təqsirkar şəxs qadını onun iradəsi əleyhinə oğurladığını dərk edir və bunu arzulamış olur. Bu cinayətə görə məsuliyyət 14 yaşdan yaranır. Digər tövsifedici əlamətlər olmadığı, yəni sadə adam oğurluğu cinayəti üçün 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
    Sonda onu da xüsusilə vurğulamaq lazımdır ki, cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrində köklü dəyişikliklərin baş verdiyi indiki dövrdə ictimai təhlükə mənbəyi olan bu cinayətlər ciddi təhlükə yaradır və bu təhlükənin aradan qaldırılması üçün profilaktik tədbirləri gücləndirmək lazımdır. İlk növbədə bu qəbildən olan cina-yətlərin mahiyyəti, ağırlığı və nəticəsi barədə hüquqi-maarifləndirici tədbirləri davamlı şəkildə təşkil etmək mütləqdir. Törədilmiş əməl, hətta nikah məqsədilə olsa belə hər hansı şəxsin oğurlanması qanunvericiliklə qadağan olunmuş əməllər kateqoriyasına daxil olmaqla qadına qarşı törədilmiş bu cür cinayət onun şüurunda nifrət hissini əmələ gətirən dərin psixoloji dəyişikliyə səbəb olur ki, bu da gələcək ailəni mənəvi əsaslardan məhrum edir və bir çox hallarda ailənin dağılmasına səbəb olur.

    Samir ABBASOV,
    Tərtər rayon prokurorluğunun
    müstəntiqi, II dərəcəli hüquqşünas

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.