Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    Bu günlərdə yenə də döyüş bölgəsi olan Tərtər rayonunda olduq. Rayonda xoş ab-hava hökm sürürdü.
    Bu dəfə “Yeni Tərtər” qəzetinin qonağı olduq. Qəzetin baş redaktoru, şair-publisist Tofiq Yusif bizi gülərüzlə qarşıladı. Tofiq müəllimə Tərtərin keçmişi, bu günü və baş redaktoru olduğu qəzetlə bağlı suallarla müraciət etdik.
    Əvvəlcə Tofiq müəllim qeyd etdi ki, artıq 14 ildir “Yeni Tərtər”in baş redaktorudur. Sonra o, ağrılıacılı günlərdən söz açdl: ”Hələ Qarabağ savaşının qızğın vaxtı redaksiyanı ermənilərin atdığı mərmi dağıtmışdı. Elə bu və digər səbəblərdən qəzetin fəaliyyəti 7 il dayandı. Yəni 1998-ci ildən 2005-ci ilə qədər qəzet fəaliyyət göstərmədi. Həm də o vaxtkı rayon rəhbərliyinin laqeyidliyinin ucbatından qəzetin fəaliyyəti bu qədər də ləngidi”.
    O daha sonra dedi: “Biz işə başlayanda binamız belə yox idi. Avadanlıqdan isə söz açmağa dəyməzdi. Mən o zaman bələdiyyədə çalışırdım. Elə oradakı balaca bir otaqda 4 nəfərlə işə başladıq. Özü də necə bir şəraitdə! Makinamız belə yox idi. Yazıları əlyazma şəkilində götürüb gəlirdim Mingəçevirin poliqrafiyasına. Orada onları yığdırıb, qəzetimizi çıxarırdıq. Çox çətinliklər çəkirdik. Elə olurdu ki, qəzetin bir nömrəsinə görə Mingəçevirə iki-üç dəfə gedib-gəlirdim. Daha sonralar rayon rəhbərliyinin köməkliyi ilə bir idarə yaratdıq. İndi ayda 3 dəfə olmaqla 1500 nüsxə tirajla çıxırıq. Çalışırıq ki, rayonun bütün həyatı bizim qəzetdə öz əksini tapsın”.
    “Döyüş bölgəsində qəzetçi kimi işləmək çətinlik yaradırmı?” sualına həmsöhbətimiz belə cavab verdi: “Elə özünüz dediniz ki, döyüş bölgəsi… Bəli, ermənilərlə Tərtərin 48 kmlik təmas xətti var. Elə kəndimiz var ki, erməninin qurduğu səngərlə arası 200-300 metrdir. Biz döyüş bölgəsində işləyirik, fəaliyyət göstəririk. Tez-tez rayon rəhbərliyi də, qəzetin əməkdaşları da hərbi hissələrdə olur. O 48 km məsafəni bizim igid əsgərlərimiz qoruyurlar. Biz də bayram günlərində, tarixi günlərdə onların yanında olmağa çalışırıq. Yəni onu demək istəyirəm ki, biz indi də hərbi intizamla işləyirik”.
    O, Tərtərdə aparılan abadlıq iş-lərindən də söz açdı: “Sizə deyim ki, bütün çətinliklərə rəğmən, Tərtərdə quruculuq işləri bir an belə səngiməyib. Burada elə gözəl sosial infrastruktur yaradılıb ki..! Atəşkəsin tez-tez pozulması tərtərliləri əsla qorxutmur. Əksinə, öz ocaqlarına daha möhkəm bağlanırlar. Hətta bir zamanlar buranı tərk edənlər də geri qayıdıblar. Bir sözlə, burada həyat qaynayır. Kənd təsərrüfatı məhsullarının istehsalı artır, iqtisadiyyat inkişaf edir, yeni iş yerləri açılır. Yeri gəlmişkən, ötən il rayonda respublika üzrə pambıq yığımında ən yüksək məhsuldarlıq bizim rayonda oldu”.
    Tərtərlilərin qəhrəmanlığından söz açan həmsöhbətimiz söylədi ki, biz heç vaxt bir qarış torpağı-mızı da ermənilərə verməmişik, verməyəcəyik də: “Hətta o zaman 17 kəndi də azad etdi bizim qəhrəman igidlərimiz. İndi həmin o 17 kənd Tərtərin tərkibindədir. Elə bu kimi şücaətlərinə görə möhtərəm Prezidentimiz tərtərliləri qəhrəman adlandırıb”.
    Tofiq müəllim bildirdi ki, “Yeni Tərtər” də onların şücaətindən, əməksevərliyindən, torpağa bağlılıqlarından söz açır: “ Onu da qeyd edim ki, qəzetimizdə şəhidlərə, onların ailələrinə daha çox yer ayırmağa çalışırıq. Bilirsiniz ki, Tərtər balaca bir rayondur, amma müharibədə 325 nəfər şəhid verib. Mən pafosla danışmıram, həqiqətən də, bu yerlərin camaatı qəhrəmandır. Mən bir tərtərli kimi gördüklərimi deyirəm”.
    Sonda Tofiq müəllim müharibə dövrü ilə bağlı bir epizodu da yada saldı: “Şəhərin Tamara adlı bir süpürgəçi qadını vardı. Ermənilər o zaman dayanmadan “Qrad”, “Alazan” “Kristal” raketləri atırdılar. Sanki göydən yerə od yağırdı. Atılan mərmilər də hara düşsə idi, oranı dağıdırdı. Belə günlərin birində mən də köhnə klubun qarşısı ilə gedirdim. Göydən mərmi yağırdı, sanki dünya dağılacaqdı. Bu Tamara isə öz işi ilə məşğul idi, küçəni süpürdü. Dedim, ay Tamara, qorxmursan? O, heç bu mərmiyə, gülləyə fikir vermədən dedi ki, niyə qorxum? Müharibədir də… Yəni bununla bir daha demək istəyirəm ki, tərtərlilər belə tərtərlilərdir. Onların gözündə qorxu yoxdur. Və indən belə də olmayacaq”.
    Qeyd edək ki, şair-publisist, “Tərəqqi” medallı, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, «Qızıl Qələm» və «Məmməd Araz» mükafatları laureatı Tofiq Yusif səkkiz kitabın müəllifidir. Onun yaradıcılığı tanınmış ədiblərimiz tərəfindən yüksək dəyərləndirilib. Məsələn, onun şeirlərini oxuyan Məmməd Aslan deyib: “Getdi» rədifli qoşmanı oxudum. Son bir neçə ildə bu şirinlikdə şeir oxumamışdım”.
    Məlumat üçün bildirək ki, Tərtərdə 1934-cü ilin aprel ayında «Kolxozçuların varlanması uğrunda» adlı rayon qəzeti nəşr olunmağa başlayıb. 1937-ci ildə qəzetin adı dəyişdirilərək «Qızıl bayraq» olub, 1991-cı ilin yanvar ayından isə «Tərtər» adlandırılıb. Tərtərdə gedən yenidənqurma işləri ilə bağlı «Yeni Tərtər» olub.

    Esmira HİDAYƏTOVA, Tərtər
    Alpan.info

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.