Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    Müasir Azərbaycan ədəbi dili mükəmməl, sabit normalara malikdir və bu, dilin dəyişməzliyindən irəli gəlir. Həmin normalar müəyyən tarixi təkamülün nəticəsidir. Bu normal dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-sabit normalardan fərqlənir. Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. Buna uyğun olaraq ədəbi dilin aşağıdakı normaları meydana çıxır.
    1. Fonetik norma.
    2. Leksik (leksik-semantik) norma.
    3. Qrammatik (morfoloji və sintaktik) norma.
    Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Ədəbi dildə sözün tələffüz qaydası orfoepik norma adlanır. Azərbaycan ədəbi dilinin orfoepik norması orfoepik lüğətlərdə əks olunur. Ədəbi dildə sözün yazılış qaydası orfoqrafik norma adlanır. Orfoqrafik norma isə orfoqrafiya lüğətlərində əks olunur.
    Xüsusi isimlərin böyük, ümumi isimlərin kiçik hərflərlə yazılması, mürəkkəb sözlərdəki defis işarəsinin qoyulması, durğu işarələrinin istifadəsi orfoqrafik norma ilə müəyyənləşir. Həm orfoepik, həm də orfoqrafik normalar dilin fonetik quruluşu ilə müəyyən edilir. Hər bir dildə, o cümlədən Azərbaycan dilində də bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər özünü göstərə bilir. Bu baxımdan dilimizdə elə sözlər vardır ki, orfoqrafiya lüğətlərində yazılışında fərqlər yaranmışdır. Yeni yazılış qaydasına görə bir çox sözlər sanki tələffüz edildiyi kimi yazılır. Bir çox sözlərdə, ümumiyyətlə, apastrof işarəsi götürülüb. Nitqimizdə tez-tez işlənəsi bəzi sözlərin isə yazılışında dəyişiklik edilib. Məsələn: şe`r-şeir, meyl-meyil, otel-hotel, qospital-hospital, antena-anten, sanatoriya-sanatori, profilaktoriya-profilaktori, fe`l-feil, minacat-münacat, super-market-supermarket, valyuta-volyuta, bihiss-bihis, metafora-metafor, nəqarət-nəqərat, cavahirat-cəvahirat, ekspress-ekspres, tabaşir-təbaşir, kərbalayı-kərbəlayı, kompyuter-kompüter, şeriyyət-şeiriyyət, cəfəngiyat-cəfəngiyyat, düzü-do-cüdo, genefond-genofond, kamod-komod, kəşməkəşli-keşməkeşli, naqqaş-nəqqaş, kurrikulum-kurikulum, qalxanvari-qalxanvarı, sürtgü-sürtkü, əkshücum-əkshücum kimi yazılmalıdır. Bir çox sözlərin yazılışında olan dəyişikliklər 2014-cü ildə tərtib edilmiş “Orfoqrafiya lüğəti”ndə öz əksini tapıb. Bundan başqa dilçi alimlərimiz daha bir yenilik etmək istəyirlər. Onların fikrincə qoşa “y” ilə deyilən və yazılan sözlərin bir qismi bir “y” ilə yazılmalıdır. Məsələn: Zülfiyyə-Zülfiyə, Səyyarə-Səyarə, Fəxriyyə-Fəxriyə və s. Eyni za-manda əsgər-əskər, İsgəndər-İskəndər kimi yazılmalıdır. Mənə elə gəlir ki, dilimizi öyrənən hər bir şəxs sözlərin yazılışında olan bu dəyişikliyi bilərsə, düzgün yazı qaydalarını, orfoqrafik normanı həyata keçirmiş olar. Əgər sözün orfoepik (yəni deyiliş qaydası) ya da orfoqrafik norma (yəni düzgün yazılış qaydası) pozularsa, onda fonetik norma pozulmuş sayılar. Gəlin, orfoqrafiya qaydalarına, dilimizdəki sözlərin düzgün yazılış qaydalarına əməl edək. Düzgün, savadlı yazmağı hər bir azərbaycanlı bilməli və bacarmalıdır. Təkcə orta məktəblərdə deyil, mətbuat orqanlarında və televiziyada çalışanlar da sözlərin düzgün yazılış qaydasını bilməli və ona əməl etməlidirlər. Çünki xalqın maariflənməsində onların da rolu böyükdür. Sözü düzgün yazmaq savadlı olmağa dəlalətdir.

    Xalidə QULİYEVA,
    Tərtər şəhər R.Nuriyev adına 6 nömrəli tam orta məktəbin
    dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 09:51

    Teqlər:

İsmarıclar bağlıdır.