Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    GƏRƏKLİ İNSAN

    Şahbaz Hüseynov rayonumuzun Ağkənd kəndində yaşayır. Qocaman mədəniyyət işçisidir. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlasa da, 1964-cü ildən mərkəzi kitabxananın müdiri, Dəmirçilər kənd mədəniyyət evinin müdiri, kolxoz komsomol komitəsinin katibi, kənd sovetinin sədri və digər vəzifələrdə çalışıb. İşləyə-işləyə təhsilini artırıb. Hansı sahədə çalışmasından asılı olmayaraq, məsuliyyəti, işinə vicdanlı münasibəti və tükənməz enerjisi ilə seçilib. Müdiriyyətin və yoldaşlarının etibarını və etimadını qazanıb. Buna görə də indi Şahbaz Hüseynovun adı çəkiləndə, hamı onun haqqında xoş sözlər söyləyir.
    Bu günlərdə Şahbaz müəllim redaksiyamızın qonağı oldu. Ömrün ahıllıq zirvəsindən ötən illərə birlikdə nəzər saldıq, onun üçün unudulmaz olan anları xatırladıq.

    Nümunə
    Şahbaz müəllim bildirdi ki, uzun illər gənclərlə işlədiyinə görə daim yeniliyi sevib, tapdanmış yollarla getməyi xoşlamayıb. Özü də bunu yalnız diqqət çəkmək xatirinə yox, işi daha yaxşı qurmaq üçün edib.
    O illərdə (ötən əsrin 60-cı illərində) rəhmətlik Salman Məlikov rayonda birinci katib işləyirdi. O, qonaq evində yaşayırdı (Axundov küçəsində) və hər gün piyada kitabxananın qarşısından keçib iş yerinə gedirdi. O da daim kitabxananın işi ilə maraqlanırdı.
    Kitabxanaya oxucular gəlirdi, amma onların arasında rəhbər işçilər az idi. Günlərin birində Şahbaz müəllim məktəbli uşaqları da götürüb birlikdə rəhbər vəzifələrdə çalışanların qapılarını döyərək, ən maraqlı kitabları onlara təqdim edib və kitabxanaya üzv olmalarını xahiş edib. Onların razılığını alandan sonra elə burada oxucu anketlərini doldurub. Bu təşəbbüs yaxşı qarşılanıb.
    Kənd mədəniyyət evi
    70-ci illərdə Cəmilli kəndində nümunəvi mədəniyyət evi tikiləndə, Şahbaz Hüseynovu ora müdir təyin etdilər. Mədəniyyət evinin təkcə binası deyil, işi də nümunəvi idi. Burada müxtəlif kurslar fəaliyyət göstərirdi və kəndli gənclər həmin kursları bitirdikdən sonra Mədəniyyət Nazirliyinin müvafiq sertifikatlarını alırdılar. Mədəniyyət evinin özünün bədii özfəaliyyət ansamblı vardı və kəndə sosializm yarışına, digər tədbirlərə gələn qonaqları bu ansamblın sözlü-musiqili üzvləri qarşılayırdılar.
    Həmin dövrdə respublikaya ulu öndər Heydər Əliyev rəhbərlik edirdi. Kəndlərin hamısında, o cümlədən Cəmilli kəndinin daxil olduğu “Özbəkistan” kolxozunda təsərrüfatın bütün sahələri inkişaf edir, insanların güzəranı günü-gündən yaxşılaşırdı. Mədəniyyət işçiləri də bu yüksəlişdən kənarda qalmır, onun fəal iştirakçıları olurdular.
    Bu barədə danışan Şahbaz müəllim dedi:
    –Bugünün ab-havası mənə həmin illəri xatırladır. Hər yerdə bir canlanma, ruh yüksəkliyi görürəm. Yəqin ki, bu, kənd əməkçilərimizin yenidən pambıq tarlalarına üz tutması və baramaçılığın, bağçılığın inkişafı ilə bağlıdır. Bu da dövlətimizin yeritdiyi siyasətdən irəli gəlir. Dövlət bu işlərin görülməsi üçün lazımi şərait yaradır, subsidiyalar ayırır. Təsərrüfatlara yeni texnika gətirilir. Belə şəraitdə isə camaat əkib-becərdiyi məhsuldan xeyir götürür, dolanışığını yaxşılaşdırır.
    Bu kənd o kənd deyil
    Keçmiş günləri xatırlayan qocaman mədəniyyət işçisi bir məsələyə də toxundu. Bildirdi ki, müstəqillik illərində kəndlərimizin siması çox dəyişib, onlar əsl mədəniyyətə qovuşub. Mədəniyyət nədən başlayır? Yoldan, infrastruktur təminatından. Bu gün Şahbazgilin kəndindən bir neçə yaşayış məntəqəsini birləşdirən dairəvi asfalt yol keçir. Evlərdə mavi yanacaqdan, elektrik enerjisindən istifadə edirlər. Həyətlərə içməli su çəkilib. Evlərin əksəriyyətində telefon və internet xətləri var.
    İqtisadiyyat möhkəmləndikcə, kənd sakinlərinin məişət şəraiti daha da yaxşılaşır. İndi əhalinin əksəriyyəti yaraşıqlı yeni evlərdə yaşayır. Şahbaz müəllim dediklərinə onu da əlavə etdi ki, onun yaşı 70-i keçsə də, bekarçılıqdan xoşu gəlmir. Özü də, yoldaşı da təqaüd alırlar, bununla belə nümunəvi ev təsərrüfatları var. Həyətlərində sitrus meyvələri becərirlər. Bundan həm zövq alır, həm də qazanc əldə edirlər.
    Mehriban ailə ocağı
    Şahbaz Hüseynov 1966-cı ildə həmkarı, kitabxanaçı Svetlana Hüseynova ilə ailə həyatı qurub. İndi onların 1 oğlu, 3 qızı var. Hamısı da ailəlidir. 10 nəvə, 6 nəticəsi var. Baba və nənə mehriban bir ailə ocağına sahib olduqları üçün özlərini xoşbəxt hiss edirlər.
    Şahbaz müəllim deyir ki, yeni ailə həyatı quran gənclərə valideynlər mənəvi dayaq olmalıdırlar. O isə yalnız öz ailəsinin deyil, kəndinin ağsaqqalıdır. Bundan qürur duyur. Çünki uzaq gənclik illərində olduğu kimi, indi də insanlara gərəklidir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:12

    Teqlər:

İsmarıclar bağlıdır.