Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    ŞƏRƏFLİ VƏ MƏSULİYYƏTLİ PEŞƏ SAHİBİ

    “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Heydər ƏLİYEV

    Müəllimi əbəs yerə bağbana bənzətmirlər. Bağbanın yetişdirdiyi cürbəcür dadlı, ətirli meyvələri olduğu kimi, müəllimin də zəhmətinin bəhrəsi savadlı, yüksək mədəniyyətə malik olan insanlardır. Valideynlərimizdən sonra hər birimizdən ötrü ömrünü zərrə-zərrə əridib şama çevirən müəllimlərimizdir. Həyatımızı nurlandıran məhz müəllimin zəhmətidir, onun ziyasıdır.
    Ölkəmizdə, həmçinin rayonumuzda zəhmətkeş, savadlı müəllimlərimiz saysız-hesabsızdır.
    “Müəllim Günü” ilə əlaqədar olaraq onlardan biri haqqında söz açmaq fikrinə düşdüm. 2 saylı məktəb–liseyin direktoruna zəng edib fikrimi bildirdim. Cavabı bu oldu ki, məktəbimizin savadlı, bacarıqlı müəllimləri çoxdur. Belə olmasaydı, hər il olduğu kimi bu il də şagirdlərimiz yüksək nəticələr qazana bilməzdilər. Nəticələrimiz bu il daha yaxşıdır. Rayon üzrə 600-dən yuxarı bal toplayan məzunlardan 4 nəfəri bizim məktəbin yetirmələridir. Bir nəfər isə Qızıl medalçımız oldu. Əlbəttə, onlar təcrübəli, savadlı müəllimlərimizin zəhmətinin bəhrəsidir.
    Haqqında yazılası həm təcrübəli, həm gənc müəllimlərimiz var.
    Məktəb direktoru bir neçə müəllim adını sadaladı. Belə qərara gəldim ki, həm müəllimlərin, həm də şagirdlərin sevimlisinə çevrilən Sücayət Əliyevadan yazım. Sücayət müəllim riyaziyyat fənnini tədris edir.
    Onunla görüşüb keçdiyi ömür yoluna bir daha nəzər yetirdik. Bu günə qədər yetişdirdiyi fidanlardan söz saldı. Dedi:
    –Mən 1957-ci ildə Salyan rayonunun Marışlı kəndində doğulmuşam. 1960-cı ildə ailəmizlə birlikdə Tərtər rayonunun İrəvanlı kəndinə köçmüşük. Uşaqlığımı, gəncliyimi burada yaşamışam. Söylən kənd orta məktəbini əla qiymətlərlə qurtardıqdan sonra 1971-ci ildə Həsənbəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildə şəhər 6 saylı tam orta məktəbə təyinatla göndərilmişəm və orada fəaliyyətə başlamışam. 1984-cü ildən isə 2 saylı məktəb–liseydə çalışıram.
    L.N.Tolstoyun fikrincə “öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir”. Sücayət müəllim də həm uşaqları, həm də tədris etdiyi riyaziyyat fənnini sevən müəllimlərdəndir. 40 ilə yaxındır ki, riyaziyyatın sirlərini şagirdlərə sevə-sevə öyrədir. Son illərdə təhsil sahəsində aparılan islahatlar, xüsusilə kurikulum üsulu Sücayət müəllimin tədrisində əsas şərtlərdən biridir. Dərs zamanı şagirdlərin diqqətini keçilən dərsə yönləndirmək bacarığı yüksəkdir. Buna görə də əksər şagirdlər dərsi elə sinifdəikən öyrənirlər.
    Müsəlman dünyasının ideal şəxsiyyəti olan Həzrəti Əli buyurur ki, “mənə bir hərf öyrədənin köləsi olaram”. Bəli, Sücayət müəllim də heç zaman unudulmayan, yaddan çıxmayan müəllimlərimizdəndir. Onun yetirmələri əziz müəllimlərini hər an xatırlayıb, görüşünə gəlirlər.
    Sücayət müəllimin zəhməti dəfələrlə məktəb direktorluğu, təhsil şöbəsi və rayon rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Ən böyük mükafatı isə onu heç bir zaman unutmayan etibarlı şagirdlərinin sevgisidir.
    Sücayət müəllim təkcə dərs deməklə kifayətlənmir. O, bacarığına və təşkilatçılığına görə məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri işləyib. Hazırda yalnız tədrislə məşğuldur. O deyir:
    –Biz müəllimlərin peşəsi öyrətməkdir. Ona görə də öz işimizə məsuliyyətlə və həvəslə yanaşmalıyıq ki, savadlı şagirdlərimiz gündən-günə artsın.
    Sücayət müəllimlə birgə bütün müəllimlərimizə şərəfli və məsuliyyətli peşələrində çoxlu uğurlar arzulayıram.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.