Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    Qarabağ toponomik termini türk mənşəli sözdür. “Qara”, “böyük”, “sıx”, “qalın” mənalarında işlədilir. “Qarabağ” termini mənbələrdə ilk dəfə VII yüzillikdə xatırlanır. XIV əsrin sonu XV əsrin əvvəllərində “Aran” termini ilə yanaşı işlənmiş Qarabağ, inzibati ərazi baxımından Azərbaycanın mərkəzi sahələrini, coğrafi ərazi kimi dağlıq və dağətəyi yerləri birləşdirən vahid inzibati ərazidən ibarət olmuşdur.
    Rzaqulu bəy Cavanşirin məşhur “Qarabağnamə” əsərində Qarabağın ərazisi belə təsvir edilmişdir. “Qədim tarixlərdə yazıldığı kimi Qarabağ vilayəti Araz çayının Xudafərin körpüsündən Qazaxla Dəmirçihəsənli arasında sərhəd olan və Rusiya dövləti tərəfindən “Krasnıy körpü” adlandırılan “Sınıq körpü”yə qədər olan əraziləri əhatə edir. Sonradan baş vermiş iğtişaşlarla əlaqədar İran, Rum, Türküstan padşahları bu vilayətləri ələ keçirib sərhədləri dəyişmiş və qalalar tikdirib onlara ayrı-ayrı adlar vermişlər”.
    Dünyada ən qədim insan məskəni kimi tanınan Qarabağ regionu I-III əsrlərdə Arşakilər sülaləsinin hakimiyyəti altında olmuşdur. Onun ərazisində qədim utilər, qarqarlar, sovdeylər və hurritlər yaşamışlar.
    IV əsrdən başlayaraq Albaniya Sasani, Bizans və Xəzər xaqanlığı arasında müharibə meydanına çevrildi. Bu zaman Qarabağın ərazisində (Uti, Arsak, Paytakaran və Sisiakan) Sasani imperiyasının şimal kustakının tərkibinə qatıldı.
    313-cü il xristianlıq Albaniyada dövlət dini elan olunsa da, geniş yayılmadı. Ancaq 5-ci yüzilliyin əvvəllərində III Vaçaqanın dövründə Qarabağın dağlıq və dağətəyi bölgələrində xristianlıq geniş yayıldı. VIII əsrdən etibarən Qarabağın tarixində mənəvi dəyişikliklər baş verdi. Azərbaycanın hər yerində olduğu kimi Qarabağın ərazisində də İslam dini bütün dinləri üstələdi və vahid dinə çevrildi. Xilafətin ən böyük mərkəzi “Aranın anası–Bərdə” şəhəri oldu. IX əsrdən etibarən Qarabağda “Bərdəyi”, “Qarabağı” təxəllüsü ilə Yaxın və Orta Şərqdə məşhur olan elm və sənət adamları yetişdi. Əbu Səyid İbn Hüseyn Bərdəyi, Məhəmməd İbn Xalid Bərdəyi, sonradan da Qarabaği təxəllüsü ilə Mir Mehdi Xəzani, Rzaqulu Bəy Mirzəcamal oğlu, Mirzə Rəhim Fəna və b.
    9-cu yüzillikdə Azərbaycanda xilafəti zəiflədən güclü üsyanlar baş verdi. Qarabağda Ktic qalası mərkəz olmaqla Əbu Musanın başcılığı ilə baş vermiş üsyan xilafətə ağır zərbə vurdu.
    Azərbaycanda müstəqil dövlətlər yarandı. Qarabağın ərazisi 879-cu il əvvəlcə türk mənşəli Sacilər dövlətinin, sonra isə 10-cu yüzilliyin ortalarında Salalilər dövlətinin tərkibində olmuşdur.
    11-ci yüzilliyin 50-ci illərində Azərbaycana yürüş edən Səlcuqlar Qarabağın ərazisini də öz hakimiyyətləri altına aldılar. Səlcuqlar dövləti 1157-ci ildə parçalandıqdan sonra Azərbaycanda vahid mərkəzləşmiş Atabəylər dövləti yarandı. 1136-cı ildən Qarabağın ərazisi bu dövlətin tərkibinə qatıldı.
    XIII-XIV əsrlərdə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi baş vermiş ictimai-siyasi hadisələrin mərkəzinə çevrildi. Monqolların Azərbaycana yürüşü nəticəsində bütün Azərbaycan torpaqları, o cümlədən Qarabağın ərazisi monqolların tapdaq meydanına çevrildi. 1256-cı ildən 1357-ci ilə kimi Elxanilər hakimiyyəti dövründə Qarabağın ərazisi mühüm əhəmiyyət kəsb etmişdir. Onlar Qarabağın ərazisini özlərinə yay iqamətgahı seçmişdilər. Qazan xan da özünü məhz Qarabağda 1295-ci ildə şah elan etmişdir. Elxani hökmdarları Arqun xan və Əbu Səid də Qarabağda vəfat etmişlər.
    1386-cı ildə Azərbaycana Əmir Teymurun yürüşləri başladı. O, Azərbaycanın bir çox ərazilərini tutduqdan sonra Qarabağa daxil olmuş və burada xeyli abadlıq işləri görmüşdür.
    15-ci yüzilliyin əvvəllərində Qarabağ daxil olmaqla Kürdən cənubda yerləşən torpaqlar Qaraqoyunlu hakimiyyəti altına düşdü.
    Bu zaman (1441-ci il) erməni kotalikosluğunun mərkəzi Kilikyadan Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə–Üçkilsəyə köçürülmüşdür. Bu vaxta kimi Qarabağda və digər Azərbaycan torpaqlarında ermənilərə məxsus heç bir yaşayış məntəqəsi və ya torpaq sahəsi olmamışdır. XVIII əsrdə İrəvanda əhalinin cüzi bir hissəsini ermənilər təşkil etmişdir. Bütün bunları erməni mənbələri və erməni tarixçiləri də təsdiq etmişdir.
    Ermənilər Üçmüədzinə köçürüldükdən sonra türklərə məxsus torpaqları ya satın alır, ya zəbt edir və yaxud zorla ələ keçirirdilər. Onlar müxtəlif yollarla ələ keçirdikləri Azərbaycan torpaqlarını özününküləşdirir və ərazilərini genişləndirirdilər.
    Artıq “Üçkilsə” ətrafında birləşən erməni hiyləgərləri öz planlarını zaman-zaman fürsət düşdükcə həyata keçirməyə başladılar.
    XVI əsrdə Azərbaycanın siyasi həyatında çox böyük dəyişiklik baş verdi. 1501-ci ildə bütün Azərbaycanı əhatə edən mərkəzləşmiş vahid Səfəvi dövləti yarandı. Bu dövlətin formalaşmasında Qarabağ ərazisində yaşayan tayfalar mühüm rol oynamışlar. Bu zaman Qarabağın ərazisi mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi kimi Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. İlk bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar idi. Bəylərbəylik 300 il Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olmuşdur. Qarabağ bəylərbəyliyinin tərkibinə Bərdə, Beyləqan, Ağdam, Yevlax, Şəmkir, Zəyəm, Tovuz, Qazax və Borçalı elləri daxil idi. Səfəvi-Osmanlı müharibələri zamanı Qarabağ süvariləri həmişə ön cərgədə getmişlər. XVI əsrdən başlayaraq Səfəvi-Osmanlı qarşıdurması nəticəsində Qarabağın türk əhalisinin xeyli hissəsi bu əyaləti tərk edib getmiş və bu səbəbdən Qarabağda türk əhalisinin sayı aşağı düşmüşdür. Bu zaman hakimiyyət dəyişikliyindən istifadə edən alban-xristian məliklikləri boşalmış türk kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirmişlər. (1593-cü ildə Osmanlıların tərtib etdiyi Gəncə–Qarabağ əyalətinin vergi dəftərində bu öz əksini tapmışdır).
    Səfəvi dövlətinin varlığına Muğan qurultayında son qoyan Nadir xan özünü 1736-cı ildə şah elan etdi. Onun şah seçilməsinə Qarabağın və Kəbirli, Cavanşir, Otuzikilər, İyirmidördlər və Ziyadoğluları öz etirazlarını bildirdilər. Nadir şah artıq hakimiyyətə gələndən sonra bir çox dəyişikliklər etdi. Birinci növbədə Səfəvilər dövründən miras qalmış bəylərbəylikləri ləğv etdi. Ziyadoğlu nəslini zəiflətmək məqsədilə Qazax və Borçalını onun əlindən alıb gürcülərə verdi. O cümlədən Qarabağın 5 məlikliyini və Zəngəzuru da onun nəzarətindən çıxartdı. Qarabağ düzündəki tayfaları isə onun şah seçilməsinə etirazlarını bildirdikləri üçün Xorasan və Əfqanıstan sərhədlərinə sürgün etdi.
    Pənahəli bəy Xorasanda sürgündəikən Nadir şahın bir gün qəzəbinə düçar olacağını bildirdi. O, 1744-cü ildə Xorasandan Qarabağa qaçıb gəldi və burada özünə tərəfdarlar topladı. 1747-ci il Nadirin ölümündən sonra Pənahəli xan sürgündə olan Qarabağ tayfalarını geri köçürtdü və xanlığı 1748-ci ildə yaratdı. Pənahəli xanın hakimiyyətini birinci Vərəndə məliyi Məlik Şahnəzər tanıdı. Xaçın məliyi Məlik Mirzə xan Ulubab Ballıqayadakı məğlubiyyətindən sonra Pənahəli xanın hakimiyyətini tanıdı. Sonra isə Dizaq Çiləbürd, Gülüstan məliklikləri bir müddət düşmənçilik etsələr də xanın hakimiyyətini tanımağa məcbur oldular.
    Mirzə Adgözəl bəyin məlumatına görə “qardaşı Fəzləli bəyin ölümündən sonra Nadirin sarayında qalmaqdan ehtiyat edən Pənahəli bəy Qarabağa gələrək orada yerləşdi və Kəbirli mahalında (indiki Ağcəbədi rayon ərazisi) Bayat qalasını 1748-ci ildə tikdirib oranı öz iqamətgahına çevirdi. Qarabağ xanlığı otuz iki oymaqda yerləşən güclü tayfaların birləşməsi nəticəsində yarandı”.
    Pənahəli xan Bayat qalasından sonra Şahbulaq qalasını 1751-ci ildə tikdirmişdi. Hadisələr göstərdi ki, Şahbulaq o qədər qüvvətli sığınacaq deyildi. Ona görə də 1757-ci ildə tikilən Şuşa qalası Qarabağ xanlığının mərkəzinə çevrildi.
    XIX əsrin əvvəllərindən başlayaraq Rusiya inperyası “Qafqaz siyasəti”ni reallaşdırmağa başladı. Gəncə xanlığının işğalından sonra 1805-ci ildə “Kürəkçay müqaviləsi” ilə Qarabağ xanlığı Rusiyanın vassalına çevrildi. Bu sənəd Qarabağın faciəli taleyinin başlanğıcını qoydu.
    Burada onu qeyd etmək istəyirəm ki, Qarabağın ərazisində o dövrdə ermənilər yaşamış olsaydı Kürəkçay müqaviləsinin şərtlərində onların adları çəkilmiş olardı. I Aleksandrın Rusiya ilə könüllü birləşən Qarabağ xanlığının suveren hüquqları haqqında 1806-cı ildə imzaladığı dövlət fərmanında nə Ermənistanın, nə də erməni xalqının adı çəkilir. Bəlkə də ermənilər I Aleksandrın bu fərmanından xəbərdar olsaydı onu ya saxtalaşdırar, ya da məhv edərdilər.
    Əslində ermənilərin Azərbaycana ilk köçürülməsi I Pyotrun dövründən başlamışdır. XVIII əsrin əvvəllərindən başlayaraq Rusiya ilə əlaqələrini genişləndirmişlər. Xəzər dənizinin Rus imperyasını daxili dənizinə çevirmək istəyən I Pyotr və ermənilərin maraqları üst-üstə düşürdü. 1701-ci ildə İsrail Ori adlı erməni keşişi Çar I Pyotur ilə görüşdü. Görüşdə Qafqazın işğalı və ermənilərin burda məskunlaşması müzakirə edildi. İsrail Ori Rusiyanın hərbi strateji köməyi ilə “erməni dövləti” yaratmaq ideyasını həyata keçirmək istəyirdi. 1718-ci ildə başqa bir erməni keşişi Minas Vardapet ermənləri Rusiyanın himayəsinə keçməsi barədə layihə hazırlayaraq Çara göndərdi. Məhz həmin fəaliyyətin nəticəsi olaraq I Pyotur Xəzərin qərb sahillərini işğal etdikdən sonra ermənilərin burada məskunlaşması üçün 1724-cü ilin noyabr ayında xüsusi fərman verdi. Fərmanda ermənilərin Şirvan və Xəzaryanı əyalətlərə köçürülməsi, onlara Çar hakimiyyətinə qarşı çıxan yerli əhalinin evləri və torpaqlarının verilməsi nəzərdə tutulmuşdu. Beləliklə Çar Rusiyası tərəfindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin ilk addımları atıldı. Bu proseslər sonrakı mərhələlərdə Çar Rusiyası tərəfindən daha mütəşəkkil həyata keçirilməyə başladı.
    1828-ci il fevralın 10-da bağlanmış “Türkmənçay müqavilləsi”ndən sonra ermənilərin Qarabağ və digər Azərbaycan torpaqlarına kütləvi köçürülməsi prosesi başlandı. Rus ordusunun köməyi ilə Qarabağın türkmüsəlman kəndləri boşaldılır, bu ərazilərə isə erməni ailələri yerləşdirilirdi. Qarabağda demoqrafik quruluş dəyişirdi. Süni surətdə ermənilərin türkmüsəlman əhalisindən sayca üstünlüyü təmin olunurdu. 2 il ərzində 1828-1830-cu illərdə 130 min (İrandan 40 min, Türkiyədən 90 min) erməni Azərbaycan ərazisinə köçürülmüşdü.
    Çarizmin hərtərəfli dəstəyi və yaratdığı şərait nəticəsində ermənilər Qarabağın iqtisadi və siyasi həyatında möhkəmlənə bildilər. Kütləvi surətdə bu torpaqlara köçürülən ermənilər çox keçmədən Azərbaycan torpaqlarında “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün açıq mubarizəyə başladılar. Onların məqsədlərindən biri də Qarabağı, İrəvanı və Naxçıvanı ələ keçirməkdən ibarət idi.
    “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları, 1905-ci il azərbaycanlılara qarşı geniş-miqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Etnik təmizləmə siyasəti həyata keçirən ermənilər 1905-ci il Bakıda başladıqları kütləvi qırğınları 1906-cı ildə başa çatdırdılar. Bu zaman 50 mindən çox azərbaycanlı qətlə yetirildi. Təkcə Qarabağ və Zəngəzurda 200-dən artıq kənd yandırılıb məhv edildi. Ermənilər çar Rusiyasının dəstəyi və yardımı ilə artıq Qarabağın siyasi həyatında ciddi problemə çevrildilər.
    1918-ci il AXC yaradılandan sonra ermənilər Qarabağla bağlı yenə əsazsız iddialar irəli sürdülər. Hökumət onların bu iddialarını qətiyyətlə rədd etdi. Bundan sonra “Daşnaqstyun” partiyasının fəal lideri Stepan Şaumyan başda olmaqla azərbaycanlılara qarşı yenidən soyqırımlar başladı. Qarabağ, Naxçıvan və Zəngəzur müharibə meydanına çevrildi.
    Ermənilər heç vaxt illər keçsə də öz niyyətlərindən və murdar xislətindən əl çəkməyiblər. Çünki 70 ildən sonra biz bunun acı nəticəsini yenidən gördük.
    1992-ci ildə erməni silahlı quvvələri Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladılar. Dünyada misli görülməmiş qətliyamlar törətməklə Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və Xocalı şəhərini ələ keçirdilər.
    Bax, budur, Qarabağın acı həqiqətləri. Gözlərimiz önündə zaman-zaman hiyləgər düşmən dilbər güşələrimizi əlimizdən aldı, özününküləşdirdi.
    Onların məkrli siyasəti nəticəsində Qərbi Azərbaycan adlı doğma torpaqlarımızda indi bir nəfər də olsun azərbaycanlı yaşamır. Uzun illərdir ki, əzəli yurdumuz Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuz işğal altındadır. Əlbəttə, belə davam edə bilməz. Vaxt gələcək ki, biz o ellərə qayıdacağıq. Şanlı qələbəmizə çox qalmayıb.

    Qızbəs HÜSEYNOVA,
    Umudlu kənd tam orta məktəbin tarix müəllimi

    Müəllif: Redaktor, 10:13

    Teqlər:

İsmarıclar bağlıdır.