Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    Bəxtiyar Vahabzadə

    YAVAŞ-YAVAŞ

    Ömrün payız fəsli sıxdı əlimi,

    Yoxsa qocalıram mən yavaş-yavaş

    Payızda yarpağa xal düşən kimi

    Düşür saçlarıma dən yavaş-yavaş.

     

    Ağaclar soyunur, yer xəzəllənir,

    Fikir dumanlanır, gözlər zillənir,

    Güllərin üstünə enən tək enir

    Mənim gözlərimə çən yavaş-yavaş.

    Soyuyur havalar, soyuyur bütün,

    Qısalır, qısalır günlər günbəgün.

    Axı, yaxınlaşır qürubu ömrün,

    Əyilir dağlardan gün yavaş-yavaş.

     

    Saralır get-gedə çöl, çəmən, çayır,

    Könül hər saatı ömürdən sayır.

    Bir səs qulağıma hey pıçıldayır:

    “Bəxtiyar, göylərdən en yavaş-yavaş!”.

    Məmməd Araz

              PAYIZ  NİDASI

    Sənə də qar yağdı, güvəndiyim dağ!

    Sən də örənidin, a yaşıl yamac!

    Sən niyə dinməzsən, qaragöz bulaq?

    Sən niyə kövrəksən, ürəyini aç!

     

    Lal dili verilib bu dəli çaya,

    Bir cavan yasından gələnlər kimi.

    Sən niyə tutqunsan, xınalı qaya,

    Ər yolu gözləyən gəlinlər kimi?

     

    Mən insan bilmişəm qayanı,–dağı,

    Təbiət yaşamır təbiət üçün.

    Mən ki, bu yerlərə gəlmirəm axı,

    Sadəcə təəssüf, ya heyrət üçün.

     Mənim də baxtımda bu mənzərələr

    Fəsil fırlatmağa girəvə tapır.

    Mənim də daş əlim qılınc dərələr,

    Mənim də boş əlim

    Daş zirvə tapır.

     

    Hanı o başıma dolu yağdıran

    Başı ayağından yalın olanlar?

    Hanı kürəyinə tərif yaxdıran

    Dili dabanından qalın olanlar?

     

    Tökər budağından çürük qozları,

    Ərinti, çürüntü bişirər payız.

    Yayın bürküsündə qalxan tozları

    Dağlardan aşağı düşürər payız.

     

    Dağlar payızlıdır, mən titrək əlli,

    Gözümdə gör nələr canlandı, nələr…

    Dağlar baharlıdır, mən əqidəli,

    Yaşasın baş-başa bu abidələr!

    Musa Yaqub

           PAYIZ DUYĞULARI

    Payızın hökmüylə əsdi bir külək,

    Bir yaşıl səltənət çovğuna düşdü.

    Ağaclar bir yaş da qocaldı demək,

    Bir yarpaq nəsli də qırğına düşdü.

     

    Aldı verdiyini geriyə torpaq,

    Qazancı nə oldu bağın-bağçanın?

    Bir yarpaq boy atdı körpə bir uşaq,

    Ömründən bir yarpaq düşdü qocanın.

     

    Palıdlar tab etdi sükuta, yasa,

    Gilas yarpaqları qızardı, düşdü.

    Hansı bəxtəvərin növcavanınsa

    Üzünə bir yarpaq qızartı düşdü.

     

     

      Çox yarpaq tökümü görüb yerimiz,

    Soraq tutmaq olmur cığırdan, izdən.

    Torpaq altındakı əzizlərimiz

    Yenə də bir yarpaq gen düşdü bizdən.

     

    Bir yarpaq da düşdü Bəzz qalasına,

    Divarlar bir yarpaq çökdü aşağı.

    İgid Babəklərin, Koroğluların

    Bir yarpaq uzaqdan gəldi sorağı.

     

    Yarpaqlar, belədir zamanın hökmü,

    Tökülün, əbədi ömrə tamarzı.

    Tarixin yüz illik yarpaq tökümü.

    Olacaq bir yarpaq yaddaş kağızı.

     

    Payızın ağzından əsdikcə külək,

    Bir yaşıl səltənət çovğuna düşdü.

    Ağaclar bir yaş da qocaldı demək,

    Bir yarpaq nəsli də qırğına düşdü.

     

     

     

    Müəllif: Redaktor, 10:43

    Teqlər:

İsmarıclar bağlıdır.