Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    TƏNZİLƏ YOLÇU QIZINA MƏKTUB

    Sizə «Salam»la salam göndərirəm.
    «Aydınlıq» qəzetinin 23 oktyabr 1992-ci il tarixli 44-cü sayında «Torpaq namusu» adlı yazını oxumağa başlayanda beynimdən o fikir keçdi ki, kaş bu həmkarım (nə peşənin sahibisiniz, bilmirəm) Tərtər haqqında o birilər kimi havadanqapma faktlara deyil, gerçəkliyə əsaslanan, reallığa söykənən yazı yazaydı, «əyrini əyri, düzü düz» göstərəydi! Çünki bu bölgədən müharibə mövzusunda yazılan materialların əksəriyyəti qəzetçilərin əlüstü və alaçiy müşahidələrinin (və yaxud hardansa eşitdiklərinin) sədasından başqa bir şey deyil (bu barədə «20 yanvar» qəzetinə–Nadir Mirələkbəroğluna da iradlarımı yazmışdım – «Salam», № 17).
    Mənə qəribə gələn odur ki, son zamanlar kütləvi informasiya vasitələrinin işçiləri bir çox hallarda jurnalistlər üçün ən yüksək meyar olan etikanı gözləmir, hər kəsin öz səviyyəsinə görə kimin ağlına hansı yaramaz fikir, hansı təhqir gəldi, döşəyib yazırlar, redaktorlar da (maşallah!) gözlərini yumub mübarək imzalarını yapışdırırlar belə yazıların kəlləsinə və təcili göndərirlər mətbəəyə. Həmin təhqirli yazıların ünvanlandığı adamlar da məcbur olub, bütün etik normaları pozur və necə deyərlər, çomağa çomaqla cavab verirlər. İndi mən də həmin məcburiyyətdə qalmışam və fikirləşirəm ki, ayrı əlac yoxdur, çünki mədəni cavabı mədəni adamlara verərlər.
    Sizin yuxarıda adını çəkdiyim yazınız əsasən hazırda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Sərdar bəy Həmidovu tərifləməyə həsr olunub. Tərtərliləri əsəbləşdirən, əlbəttə, bu deyil, sizin yazınızdakı mayası yalandan yoğrulmuş təhqirlərdir. Özü də bu təhqirlər konkret bir adamın ünvanına yox, bütöv bir bölgənin, indinin özündə də müharibənin dəhşətləri burulğanında yaşayan bir rayonun qorxmaz əhalisinin ünvanına yönəlmişdir. Niyə sözlərinizi ölçüb-biçmədən, bunun müqabilində cavabınızın nə olacağını düşünmədən bir elin adına ləkə yaxırsınız? Həmin yazınızda özünüzəlayiq səviyyəsiz kəlmələri və orfoqrafik səhvlərinizi bir yana atıb, aşağıdakı cümlələrinizin məntiqi nəticəsini araşdıraq. Yazırsınız: «Ümidsizlik girdabına düşən tərtərlilər əvvəl təkəmseyrək yuvalarından oynayıb. Sonra müharibədən az çox başıçıxanlar qandırıblar ki, (!) yağı şəhərin vurtut bir kilometrliyindədi. Əvvəl raket atılır, sonra tank, dalınca piyadalar gələcək. Hamının başını kəsəcəklər. Təhlükə gör nə qədər ciddidir ki, artıq bərdəlilər qaçırlar. Bizim əl-qolumuzu bağlayan nədir? Bundan sonra tərtərlilər «Ya mədəd» deyib elə tərpəniblər ki, bir də baxıblar şəhərdə başıpapaqlı qalmayıb» (!).
    Bu iftiranızı oxuyan hər bir tərtərli o dəqiqə başa düşür ki, siz müharibə günlərində digər bir çox həmkarlarınız kimi qorxunuzdan Tərtərə ayaq basa bilməmisiniz (əgər burda olsaydınız, həm belə yazmazdınız, həm də elə o vaxtın özündə də istəsəydiniz sizin üçün bir yox, yüz başıpapaqlı kişi tapılardı). Əgər Tərtərin sakininin biri də mənəmsə, onun şahidiyəm ki, ayrı vaxtlar bir yana, lap bu ilin axırıncı çərşənbə gecəsində də şəhərə bir neçə dəqiqə ərzində 40-a yaxın «Kristal» tipli raket düşərək onlarla ailənin göz yaşına bais olan ölüm və qan-qada selində belə Tərtər başıpapaqlılarla dolu idi.
    Bunlar bir yana. Məni düşündürən başqa suallar da var. Birincisi, bilmək istəyirəm ki, siz «başıpapaqlı» deyəndə kimləri nəzərdə tutursunuz? Restoranlarda, musiqili barlarda sizin kimilərlə Azərbaycanın dərdi-sərindən uzaq göz-gözə, nəfəs-nəfəsə əyləşən, xumarlı baxışlarını xarici siqaret tüstüsü arxasından üzünüzə hərisliklə dikərək sizi mədh edən boynuyoğun, bığıburma zırpıları, yoxsa təpədən-dırnağa barıt qoxusuna batmış, yayın istisində, qışın sazağında yanıb qarsalanmış, vətən qeyrətini, namusu hər şeydən uca tutan, şəhidlikləri ilə sizin kimilərin rahatlığını təmin edən, günlərlə, hətta aylarla ata-anasının, övladının üzünü görməyən, hər anını ölüm təhlükəsi gözləyən ərləri? Əgər birinciləri nəzərdə tutursunuzsa, onda düz yazırsınız, nə o vaxt, nə də indi belə «başıpapaqlılar» Tərtərdə gərək ki, olmasın. Əgər ikinciləri nəzərdə tutursunuzsa, onda hörmətli Tənzilə xanım, qulaq asın.
    Əgər Tərtərdə başıpapaqlı qalmamışdısa, bəs atılan mərmilərdən, raketlərdən, ölümsaçan güllələrdən həlak olan yüzlərlə Tərtər kişisinin adını hara yazaq? Axı bütün respublikaya bəllidir ki, müharibə günlərində başıpapaqlılar bir yana, heç başıyaylıqlılar da Tərtəri tərk etməmişdilər. Niyə bir elata iftira yaxıb, heysiyyatına toxunursunuz!? Heç olmasa son bir il ərzində təkcə Tərtərin özündən vətən uğrunda şəhid olan 300 nəfərdən çox igidimizin ruhu qarşısında xəcalət çəkəydiniz!
    Nəhayət, bəlkə həqiqətən də o vaxtlar Tərtərdə sizin istəyinizə uyğun bir başıpapaqlı tapılmayıb? Neyləsinlər axı? O günlərdə kişilərin başı müharbənin ağrı-acısına qarışmışdı və buna görə də bəzi həyatı zərurətlərə vaxt və maraq yox idi.
    Məktubumun sonunda onu da bildirirəm, ki belə zəif cavaba görə tərtərli gənclər məni möhkəm qınayacaqlar, deyəcəklər ki, tapşırdıqlarımızın yüzdən birini yazmamısan, üzgörənlik eləmisən. Neyləyim axı? Qadınsınız, başıpapaqlı deyilsiniz, yoxsa sizi kişi kimi hərtərəfli başa salmağa nə vardı ki?!

    Tofiq YUSİF
    «Salam» qəzeti, 1993-cü il.

    Müəllif: Redaktor, 11:08

    Teqlər:

İsmarıclar bağlıdır.