Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    17 yaşlı gənc yol gözləyir…

    Hər dəfə darvazada maşın dayananda, Müslümün ürəyi quş kimi çırpınır. Qısa müddətə də olsa, onu qaranlıq dünyasından ayıran insanların yolunu səbirsizliklə gözləyir. İndi də anasının səsini eşidib, sevindi:
    –Ay bala, Müslüm. Gələn icra nümayəndəmiz Aslan müəllimdir. Deyir ki, hərbi hissədə konsert olacaq. Səni də aparacaqlar. Dur hazırlaş.
    Bəzən o, həyətlərində oturub saatlarla muğam ifa edir. Ancaq dinləyicilər qarşısında daha yaxşı oxuyur, sanki ürəyi boşalır, yüngülləşir. Belə anlarda gözdən əlil olduğunu unudur. Çünki hamının, o cümlədən onun 17 yaşlı ürəyi musiqinin ahəngi ilə bir döyünür, bərabərləşir. Müslüm öz səsi ilə ətrafdakıları ovsunlayır.
    Müslüm Müslümzadə Tərtər rayonunun İsmayılbəyli kəndində yaşayır. Anadangəlmə gözdən əlildir. Amma onun taleyinə həm də gözəl səs, fitri istedad sahibi olmaq yazılıb.
    Xeyirxah insanların sayəsində Müslüm rayon tədbirlərində çıxış etməyə başlayıb, hətta respublika televiziyasına çıxıb. 2018-ci ildə isə Tərtər Uşaq Musiqi Məktəbinin muğam şöbəsini bitirib. Onu dinləyən tanınmış müğənnilər, o cümlədən Könül Xasıyeva, Tacir Şahmalıoğlu gənc müğənninin uğurlu gələcəyinə inanırlar. Ancaq bu, necə olacaq? Hələlik bunu nə Müslüm özü, nə də anası Nailə xanım bilmir. Ürəyində bir arzu yaşadır bu gənc: musiqi təhsilini daha da artırıb, muğam ifaçısı olmaq.

    Məhdudiyyətsiz imkanlar məhdud məkanda,
    yaxud həyatını bir əlil ailəsinə həsr edən qadın

    Hərdən müasir qadınlarımız haqqında bəzi giley-güzar eşidib sarsılırıq. Amma onu da unutmayaq ki, hazırda cəmiyyətimizdə elə qadınlar da var ki, yazıçılarımız onlara bir əsər belə həsr etsələr, azdır. Əsl Azərbaycan qadınları.
    Rafiq və Məzahir Nəsirov qardaşlarını çoxdan tanıyırdım. Bilirdim ki, bu ailədə qardaşlar da, bacılar da gözdən əlildirlər. Qardaşlar gözəl istedad sahibidirlər. Şeir yazırlar. Onların övladları Aqil və Adil də gözdən əlil doğulublar. Hər ikisinin nadir səsi var. Tərtər Uşaq Musiqi Məktəbinin muğam şöbəsini bitiriblər.
    Bu günlərdə Rafiqlə həyat yoldaşı Təranə xanım redaksiyamızda oldular. Təranə xanım dedi:
    –Hər dəfə əlil bir insanla qarşılaşanda, ürəyimdən keçirirdim ki, kaş ona kömək edə biləydim. Yəqin bu fikrim Allaha da agah olmuşdu. Rafiq bizə elçi göndərəndə, anam qəti surətdə etiraz elədi. Amma atam məni başa düşdü, nikahımıza xeyir-dua verdi. İndi ailəmiz Bayandur kəndində barmaqla göstərilən ailələrdəndir. Mehribançılığımıza, zəhmətsevərliyimizə görə.
    Ailə qayğılarını da, ömür payımıza düşən ağrı-acıları da birgə çəkirik. Bəzən sıxılır, bəzən sevinirik. Ailəmizdə hamı muğam pərəstişkarıdır. Aqil saatlarla oturub muğam ifa edir. Sağ olsun Mehriban xanım Əliyevanı. Muğam müsabiqələrini təşkil edir, bizim bu təkrarsız mədəniyyət incimizi dünyaya tanıdır. Amma, bu müsabiqələrə düşmək çox çətindir. 2016-cı ildə Aqil Bərdədəki seçim turunda iştirak etdi, düşmədi. Çox sarsıldı. İndi onun məhdudiyyətsiz imkanları dörd divar arasında sıxılıb qalır. Neyləmək olar?
    Təranə xanımın yaşadığı duyğuları sözlə ifadə etmək mümkün deyil. Sanki bu fədakarlıqlarının cavabı olaraq tale ona ikinci sağlam bir oğul da bəxş edib.

    “Ayaqlar altında sürünməkdənsə, ayaq üstə dayanmalıyam”

    Bu sözləri isə Tərtər rayonunun sakini, hər iki ayağını Qarabağ müharibəsində itirmiş Vəkil Vəliyev deyir. Özü də təkcə sözdə demir. Artıq uzun illərdir ki, ayaq üstə dayanmaq onun həyat amalına çevrilib. Məqsədinə çatmaq üçün keçdiyi yolun ağrı-acısını bir özü bilir, bir də doğmaları. Vəkil deyir ki, ata-anası və həyat yoldaşı buna dözməyib, dünyalarını dəyişdilər. Amma o, iradəsinin hesabına yaşadı. Axı, öhdəsində üç övladı var. Onları boya-başa çatdırmaq lazımdır.
    1990-cı illərin əvvəllərində o, Rusiyanın Çita vilayətində yaşayırdı. Özünə yaxşı gün-güzəran düzəltmişdi. Amma dincliyi yox idi. Azərbaycan darda idi. Vətənin də, ananın da köməyinə dar gündə oğul çatmalıdır. Vəkil də hər bir şeyi atıb, Azərbaycana qayıtdı. Əvvəlcə “Tərtər–1”, sonra isə “Tərtər–2” özünümüdafiə batalyonlarında döyüşdü. 1994-cü ilin yanvar ayının 7-də keçmiş Ağdərə rayonunun Çardaxlı kəndində minaya düşdü.
    Həmin gündən indiyədək Vəkil Vəliyevin bütün həyatı ölümlə olumun mübarizəsidir. Əvvəl bir, altı aydan sonra isə ikinci ayağını itirən cəsur döyüşçü, özü demiş, “ayaqlar altında sürünərək yaşamağı” qəbul etmədi. Müxtəlif xəstəxanalar dəyişdi, ortopedik protezlərlə yeriməyi öyrəndi. Minanın partlaması nəticəsində onun təkcə ayaqları deyil, daxili orqanları da zədələnmişdi. Bu, vəziyyəti daha da çətinləşdirirdi. Ağciyərinə dəymiş qəlpə ona ayaqların itirilməsindən də çox əziyyət verirdi. Yaşaması bir möcüzə idi. Lakin Vəkil dözürdü və inamını, ümidini itirmirdi. 2011-ci ildə o, ağciyərindən əməliyyat olundu və sözün həqiqi mənasında, bundan sonra bir az nəfəs almağa başladı.
    Vəkil deyir:
    –Allah hər kəsə bir ömür payı verir və heç kim bilmir ki, bu ömür necə olacaq, yaxud harada bitəcək. Ayaqlarımı itirəndən sonra özümə gələndə ilk fikrim bu oldu ki, artıq həyatımın sonudur. Bundan sonra yaşamağa dəyməz. Bir müddət keçdi. Doğmalarımı gözümün qarşısına gətirdim. Onların mənim yolumda çəkdikləri əziyyəti gördüm. Öz-özlüyümdə qərar verdim ki, yaşamalıyam, özü də hamı kimi yaşamalıyam. Hər dəfə protezləri taxıb addım atanda, o dünyanı görsəm də, dözdüm. Başqa yolum yox idi.
    Mən bu möhkəm iradəyə, gücə həm də ətrafdakıların qayğısı sayəsində nail olmuşam. Prezidentimiz, dövlətimiz, yaxınlarım hər zaman mənə qayğı göstəriblər. Prezident İlham Əliyevin “Mən hər bir vətəndaşın Prezidenti olacağam” sözləri mənim timsalımda təsdiqini tapır. Belə ki, Prezident təqaüdü alıram, dövlətimiz yaşadığım Kəbirli kəndində mənə fərdi ev tikdirib, “Oka” markalı avtomobil verib.
    2,5 hektar pay torpağımı əkib-becəririəm.
    Vəkilin deyə bilmədiyi, əslində demək istəmədiyi sözlər də vardı. Çünki gileylənmək onun xasiyyətinə yaddır. O bildirmədi ki, aldığı təqaüdü dava-dərmanına, torpaqdan əldə etdiyi gəliri isə dolanışığına sərf edir. Üç övladından 2-si ailəlidir, bir oğlu isə hələlik subaydır. Anasız oğul evləndirmək isə elə də asan iş deyil.
    Ötən il rayonda Beynəlxalq Əlillər Günü qeyd edilərkən, bu tədbirdə Vəkil Vəliyevin oynadığını görənlər heyrətlərini gizlədə bilmirdilər. O, nə qoltuq ağacından istifadə edir, nə də başqasının köməyindən. Ancaq elə yüngül, elə gözəl oynayırdı ki!…
    Qarabağ veteranı ilə Aprel hadisələri barədə də söhbət etdik. Dedi ki, həmin günlərdə rayonumuzda olan bütün veteranlar, əlillər, hətta əlil arabasında gəzənlər belə orduya kömək etmək arzusundaydılar. İndi də, əgər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev əmr versə, veteranların hamısı bir nəfər kimi cəbhəyə yollanıb, düşmənə qarşı mübarizə aparacaq.

    “İş insanın cövhəridir”
    Bu isə I qrup Qarabağ müharibəsi əlili, İlxıçılar kəndinin sakini, sahibkar Tərlan Zeynalovun fikridir. O hesab edir ki, insan heç zaman çətinliyə məğlub olmamalıdır. Fiziki imkanların məhdudluğu isə ələbaxımlılıq yaratmamalıdır. Müharibədə bir ayağını itirən və hazırda iki qoltuq ağacının köməyilə hərəkət edən Tərlan Zeynalovu Tərtərdə həm də yaxşı fermer kimi tanıyırlar. Öhdəsində 30 hektara yaxın torpağı var. Şəkər çuğunduru və pambıq əkir. Hətta pambıq o qədər də xeyir vermədiyi illərdə belə, Tərlan bu bitkinin becərilməsi ilə məşğul olurdu.
    Tərlan Zeynalovun söhbətindən:
    –Mən Tərtərdə doğulmuşam, orta təhsilimi isə Qarabağın tacı olan Şuşada almışam. Burada riyaziyyat təmayüllü orta məktəbi bitirmişəm.
    Valideynlərim əbəs yerə adımı Tərlan qoymayıblar. Elə arzularım da həmişə quş qanadlı olub. Həyata elə nikbin baxırdım ki!
    Orduya könüllü yazıldım. O zaman artıq hərbi xidmətimi başa vurmuşdum. İşləyirdim. 1992-ci ilin sonunda N. saylı hərbi hissənin minaatıcı bölməsində torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşuldum. 1993-cü ildə yaralandım. May ayı idi. Təbiətin ən gözəl çağı. Hospitaldan çıxanda isə artıq payız hökmranlıq edirdi. Sanki ömrümə də payız gəlmişdi.
    İlk vaxtlar çox əziyyət çəkdim. Həm fiziki, həm mənəvi cəhətdən. Mənəvi ağrılarım daha çox olurdu. Çünki kiminsə qoltuq ağaclarıma dikilmiş baxışlarını görəndə, istər-istəməz sarsılırdım. Amma məni bu vəziyyətdə tək qoymadılar. Tədbirlərə dəvət olunurdum, gənclərlə görüşlərdə iştirak edirdim. İllər keçdikcə anladım ki, əlillik heç də kimlərdənsə asılı yaşamaq deyil. Həm də həyatda çox uca, müqəddəs anlayış var ki, bu da vicdan rahatlığıdır. Bundan sonra iradəmi toplayıb yaşamaq uğrunda mübarizə apardım. Tərlan Zeynalov üç övlad atasıdır. Böyük qızı Səltənət İqtisadiyyat Universitetinin Biznesin təşkili fakültəsini, həm də maqistraturanı bitirib. Ikinci qızı Aysel Sumqayıt Dövlət Universitetinin məzunudur, sonbeşik Ruslan isə 11-ci sinifdə oxuyur.
    Tərlan deyir:
    –Mən Vətən yolunda öz oğul borcumu yerinə yetirdim. Bununla belə hesab edirəm ki, həm də tərbiyəli, savadlı övladlar böyütməklə ikinci bir vəzifəmin öhdəsindən gəlmişəm. Övlad təkcə ailənin deyil, həm də ölkənin, xalqın xoşbəxt gələcəyidir. İnanıram ki, Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti mənim övladlarımın da cəmiyyətdə özlərinə layiqli yer tutmasına kömək edəcək.

    Sosialyönümlü siyasətin bariz nümunəsi
    Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər il keçirilən 3 dekabr–Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda yüksək səviyyədə qeyd olunur.
    Əlillərin sosial müdafiəsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir.
    Prezident İlham Əliyev tərəfindən sosialyönümlü siyasət uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən qayğıya ehtiyacı olan əlil insanların maddi vəziyyətinin daha da yaxşılaşdırılması yönümündə ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin dəfələrlə artırılması, əlillərin həyat səviyyəsinin yüksəldilməsi, mənzil problemlərinin həlli məqsədi ilə görülən tədbirlər maddi və mənəvi qayğının bariz nümunəsidir. Hazırda respublikamızın əldə etdiyi dinamik inkişaf bu tədbirlərin daha da genişləndirilməsinə şərait yaradır. Ona görə də Azərbaycanın gələnilki dövlət büdcəsi də məhz sosialyönümlüdür.
    Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, əlillərə pulsuz mənzillər verilir. Bu istiqamətdəki işlərə 1997-ci ildən Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə başlanmışdır.
    Respublikamızda əlillərin müalicə pansionatı fəaliyyət göstərir, reabilitasiya sistemi qurulub. Əlillərin sosial müdafiəsini daha səmərəli təşkil etmək məqsədi ilə hüquqi baza təkmilləşdirilib.
    Tərtər rayonunda müəyyən qruplardan olan 4700 nəfərə yaxın əlil vardır. Onlardan 316 nəfərə–Azərbaycan Respubilikasının müdafiəsi zamanı əlil olanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Ayrı-ayrı illərdə dövlət tərəfindən əlillərə onlarla minik avtomobili verilib.
    Rayonumuzda Qarabağ müharibəsi veteranları və əlilləri üçün iki 16 və bir 24, bir 6 mərtəbəli 54 mənzilli ya-şayış binası tikilib istifadəyə verilib. O cümlədən ehtiyacı olan Qarabağ əlillərinə pulsuz fərdi evlər inşa olunub.
    Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi, Çernobl qəzasının aradan qaldırılması zamanı əlil olanlara torpaq islahatı zamanı əlavə 1 pay torpaq verilib. Çernobl əlillərinin hər birinə ildə bir dəfə müalicə pulu və birdəfəlik müavinət verilir.
    Əlillər vaxtaşırı olaraq dincəlmək üçün respublika ərazisində yerləşən sanatoriyalara göndərilirlər.
    Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəsifələrə həsr olunan iclasdakı yekun nitqində Prezident İlham Əliyev sosial sahədə ciddi islahatlar aparılacağını bildirib. Eyni zamanda, ölkə başçısı deyib: “Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin.”
    Rayonumuzda yaşayan əlil insanlar Prezidentimizin bu qayğısını yüksək qiymətləndirirlər. İnanırlar ki, məhz bu diqqət və qayğı nəticəsində, həyat yolunda qarşılaşdıqları çətinliklərin öhdəsindən gələ biləcəklər.

    Svetlana BAĞIROVA
    (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 11:55

    Teqlər:

İsmarıclar bağlıdır.