Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Zabit Əliyev 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, Evoğlu kəndində anadan olsa da, gənclik illərindən Tərtər şəhərində əmək fəaliyyətinə başlayıb, burada yaşayıb.1978-ci ildən rayon rabitə qovşağında montyor kimi fəaliyyət göstərib. 1980-ci ildə hərbi xidmətə çağırılıb. 2 il əsgəri borcunu yerinə yetirdikdən sonra yenidən çalışdığı kollektivə qayıdıb.
    Ölkəmizdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan zamanda Zabit də vətənin sərhədlərinin müdafiəsinə qoşuldu. Özünümüdafiə dəstəsinə yazıldı. Ağdərə uğrunda gedən döyüşlərdə rayonumuzun qəhrəman oğulları ilə bərabər torpaqlarımızın müdafiəsində mərdliklə vuruşdu. 1993-cü il iyun ayının 26-da kürəyindən qəlpə yarası aldı. Yevlax şəhərində qospitalda 3 ay müalicə olundu. Sağaldıqdan sonra yenidən hərbi hissəyə qayıtdı.
    O illər ölkəmizin və eləcə də rayonumuzun tarixində qanlı savaş illəri kimi qalıb. Bu illərdə torpaqlarımız düşmən əsarətinə keçib, igid oğul və qızlarımız şəhidlik zirvəsinə ucalıb, neçə-neçə vətəndaşımız düşmən gülləsinə tuş gələrək ömürlük əlil olub.
    Zabit 1994-cü il yanvarın 7-də ikinci dəfə yaralandı və qospitala düşdü. O günü belə xatırlayır:
    –Umudlu kəndi və Sərsəng Su Anbarı uğrunda qanlı döyüşlər gedirdi. Mənfur ermənilər xeyli texnika ilə hücum edirdi. Bizim ordumuzun gücü çox məhdud idi. Düşməninki qədər silahımız yox idi. Bu döyüşdə mən ikinci dəfə yaralandım və qospitalda 4 ay müalicə götürməli oldum. Məlumdur ki, 12 may 1994-cü il tarixdə atəşkəs elan olundu. Həmin vaxtdan ordu sıralarından tərxis olunmuşam.
    Qarabağ əlili Zabit Əliyev dövlətin və cəmiyyətin əlillərə göstərdiyi qayğıdan söz salaraq bildirdi ki, müalicə olunmaq üçün müxtəlif sanatoriyalara göndərilir, pulsuz ona “OKA” markalı minik avtomobili verilib. Hazırda ev almaq üçün növbədədir. “Vətən naminə” medalı ilə təltif olunub. Müxtəlif vaxtlarda rayon rəhbərliyi və əlillər cəmiyyəti tərəfindən pul və qiymətli hədiyyələrlə mü-kafatlandırılıb. O, hazırda çalışdığı Tərtər Telekommunikasiya Qovşağında xətt montyoru vəzifəsində çalışır.
    Zabit Əliyev 1983-cü il martın 13-də həmkəndlisi Turanə xanımla ailə qurub. Həyat yoldaşı ilə birlikdə 2 övlad böyüdüblər. Elməddin və Gülnar ailəlidirlər. Elməddin hərbçidir.
    Zabitin 4 nəvəsi var. Hərdən səkkizinci sinifdə oxuyan böyük nəvəsi Gülnarənin təkidi ilə döyüş günlərindən danışır. Sonda o, torpaqlarımızın qansız-qadasız, sülh yolu ilə geri qaytarılmasını arzuladı.

    E.CAMALQIZI

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.