Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Bu gün fikrim də, qələmim də şəhid oğullarımızdan biri–Milli Qəhrəmanlarımız Elman Hüseynov və Vəzir Orucovla çiyin-çiyinə, eyni səngərlərdə döyüşən, eyni barıt qoxusuna bələnən, nəhayətdə vuruşduğu torpaq tərəfindən altında gizlədilən, igidliyi, döyüş yoldaşları demişkən, Milli Qəhrəmanlığa layiq olan, 10 aydan sonra nəşi döyüş meydanından gətirilərək Tərtər şəhər qəbristanlığında dəfn olunan İnqilab Ağayev haqqında köklənib. O, Tərtərin övladı, Tərtərin yetirməsi idi.
    Son günlərdə sosial şəbəkədə şəkli və döyüş sücaətlərini əks etdirən video çarxların paylaşılması onun haqqında yazmağıma daha səbəb oldu. Barəsində döyüş yoldaşlarının fikirləri marağımı bir qədər də artırdı. Öyrəndim ki, 1991-ci ildə “Tərtər Özünümüdafiə Batalyonu” yaradılanda batalyonun tərkibinə könüllü daxil edilənlərdən olub. Mərd, cəsur, qorxubilməz bir döyüşçü hesab olunurdu. Ağdərəətrafı döyüşlərdə iştirak edərək fədakarlıq göstərmişdi. 1992-ci ilin iyul ayının 21-də Marquşavan kəndinin alınması uğrunda gedən döyüşdə ağır yaralanmışdı. Bir müddət müalicə olunduqdan sonra yenidən batalyona qayıdaraq ərazilərimizin bütövlüyü uğrunda mübarizəsini davam etdirib. Çaylı, Drombon, Aterk, Vəng, Talış, Sərsəng Su Anbarı uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşub. Bu döyüşlərdəki fədakarlıq və təşkilatçılığını nəzərə alaraq onu bölük komandiri təyin etmişdilər.
    Yoldaşlarının söyləməsindən məlum olur ki, İnqilab Ağayev Ağdərə ətrafı kəndlərin müdafiəsində öz bölüyü ilə birlikdə yüksək fədakarlıq göstərmiş, düşmənin xeyli canlı qüvvə və texnikasını sıradan çıxarmışdı. İnqilabın bu igidliyi dəfələrlə batalyon rəhbərliyi tərəfindən qiymətləndirilmişdi.
    23 iyul 1993-cü il. Qanlı döyüş günü, həm də İnqilab Ağayevin son döyüş günü. Akop-Kamari kəndi ətrafında ölüm-dirim savaşı gedir. Qorxubilməz komandir tankın üstündə düşmənin müdafiəsini yararaq irəliləyirdi. Bu anda həyatla ölüm kabusu sanki üz-üzə dayanmışdılar. Mənfur ermənilərin arxadan tankı vurmaları İnqilabın həyatının sonuna səbəb oldu. Bir daha geri qayıtmadı, şəhidlik zirvəsinə ucaldı. İnqilabın cəsədi xeyli vaxtdan sonra, 1994-cü il aprel ayının 4-də həmin ərazilər düşmənlərdən azad edildikdən sonra torpaq altından tapıldı.
    Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın sırasında İnqilab Ağayevin də adı iftixarla çəkilib, anılır. Onun adı əbədiləşdirilərək şəhə-rin mərkəzi küçələrindən birinə verilib. Əmanət qoyub getdiyi kiçik yaşlı övladları–oğlu Ramil və qızı Ramilə artıq böyüyüblər. Lakin atalarını, onun Vətən üçün fədakarlığını bir an yaddan çıxarmırlar. Həmişə atalarının qoyub getdiyi müqəddəs adla –Şəhid adı ilə qürur duyurlar. Oğlu Ramil atasının həyatda yaşayan döyüş dostları ilə həmişə əlaqə saxlayıb, onun keçdiyi mübarizə dolu günləri xatırlayıb yada salırlar.
    İnanırlar ki, bu gün güclü Azərbaycan ordusunun sıralarında yüzlərlə İnqilablar yetişir. Yaxın vaxtlarda onların gücü ilə əsir torpaqlarımız azad olunacaq. O zaman bütün şəhid övladları atalarının qəbrini ziyarət edərək, gözaydınlığı verəcəklər. Elə İnqilabın oğlu Ramil də.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.