Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT–DİN MÜNASİBƏTLƏRİ

    Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan xalqımızın istəyi idi. Həmin illərdə Azərbaycan gənclərinin imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilməsi öz bəhrəsini verirdi. Bu gənclər təhsillərini başa vurub vətənə qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynadılar. Qeyd etmək istəyirəm ki, xaricdə təhsil alıb vətəninə, xalqına layiqincə xidmət edən gənclərdən biri də həmyerlimiz, Tərtərin Azadqaraqoyunlu kəndinin sakini Behbudağa Cavanşir olub. Behbudağa Cavanşir müstəqil respublikanı quranlardan biri, ilk Daxili İşlər naziri idi.
    Avropada mütərəqqi ideyalarla tanış olan gənc mütəxəssislər xalqın milli-mənəvi sərvətlərinin, onun qan yaddaşının, adət-ənənələrinin, dininin özünə qaytarılması istiqamətində ardıcıl və yorulmaz fəaliyyət göstərirdilər.
    Maarifçilik, elm və savadın təbliği insanlar arasında böyük təsir gücünə malik nüfuzlu şəxsiyyətlər tərəfindən aparılırdı. Həmin dövrdə uzun müddət Rusiya imperiyasının işğalına məruz qalan Şimali Azərbaycanın milli demokratik qüvvələrinin Bakını siyasi mərkəzə çevirmək üçün təşkilatlanmasında Təzəpir məscidi mühüm rol oynamışdır. Azərbaycan ziyalıları vaxtilə çar Rusiyasının sünnilərlə şiələr arasında qızışdırdığı ixtilafları aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurultayının çağırılmasını qərara aldılar. Bu qərarı hər iki məzhəbin din xadimləri razılıqla qarşıladılar və 1917-ci ilin aprelində “İsmailiyyə” binasında (indiki AMEA-nın Rəyasət Heyətinin binası) geniş toplantı keçirildi. Üç gün davam edən qurultaya Şimali Azərbaycanın bütün qəzalarından, o cümlədən Dağıstandan, Basarkeçərdən, Borçalıdan nümayəndələr dəvət edildi. İclas başa çatdıqdan sonra tədbir iştirakçıları İsmailiyyədən Təzəpir məsçidinə yollandılar, yüzlərlə din xadimi müfti və şeyxülislamın iştirakı ilə məsciddə Cümə namazı qıldılar. Sonra isə sünni-şiə ixtilafına son qoymaq üçün şeyxülislamla müfti qucaqlaşıb Qurana əl basaraq çar hökumətinin qızışdırdığı ədavəti aradan qaldırmağa çalışacaqlarına and içdilər.
    Rusiya dövlətini ölkə ərazisində yaşayan 18 milyon müsəlman əhalisinin birləşməsi təhlükəsi çox narahat edirdi. Buna görə İslama qarşı aparılan mübarizə pərdəsi altında əslində xalqların milli-mədəni dirçəlişinə qarşı mübarizə dayanırdı. Bütün bunlara baxmayaraq, 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası müsəlman dünyasında ilk dəfə olaraq müstəqil və demoktatik respublikanın yaradılmasını elan etdi. Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar öz əksini tapdı.
    Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi təməl üzərində qurulan ilk türk dövləti oldu.
    1918-ci il iyunun 17-də hökumət təsis olundu, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı və N.B. Yusifbəyli bu quruma rəhbər təyin olundu. Nazirlik dərhal din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başladı. Ölkənin parlamentində Azərbaycanın milli dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən son dərəcə mürəkkəb hadisələri nəzərə alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ildə bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü. Həmin dövrdə Demokratik Respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təyin olundu. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə Nazirliyi və dini idarə tərəfindən həyata keçirildi. Həmin dövrdə dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri isə milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi. Düşmən Azərbaycan xalqının birliyinin təmin olunmasında Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdi. Ona görə də mart ayının 31-də müsəlman əhalisinə qarşı soyqırımına başlayan daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində xüsusi rola malik möhtəşəm memarlıq abi-dələrindən biri olan “İs-mailiyyə” binasını, “Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min nüsxəsini yan-dırıb külə döndərdilər. 1918-ci ilin mart qırğınları günlərində və ondan sonrakı dövrdə soyqırımına məruz qalmış on minlərlə müsəlmanın dəfn mərasimlərinin təşkilinə, müsəlmanların təşkilatlanmasına və müxtəlif qabaqlayıcı tədbirlərin görülməsinə Təzəpir məscidi rəhbərlik edirdi. O dövrün din xa-dimləri arasında Təzəpir məscidinin axundu Ağa Əlizadə xüsusi fəallığı və təəssübkeşliyi ilə seçilirdi.
    1918-ci ilin oktyabrında Pişnamazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni cərəyan başçılarının yığıncağı keçirildi.
    1918-ci ilin 30 oktyabrında şeyxülislamın imzası ilə hökumətə təkliflər məktubu ünvanlandı.
    Beləliklə də, dini rəhbərlər hökumətin mövqeyini gözləmədən, özləri hər iki idarənin birləşdirilməsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Türkiyə nümunəsi əsasında “Məşixət” adi ilə yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. 1918-ci il 1 sentyabr tarixli birgə qərar ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra Məşixətin Bakıya köçürülməsi qərara alındı. Molla Mə-həmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci ilin dekabrın 10-da idarənin sədri və şeyxülislam vəzifəsindən istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də Tə-zəpirin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları İdarəsinin sədri və şeyxülislam seçildi. Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə ikili ruhani rəhbərliyi aradan qaldırıldı. Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam iadərinin rəhbəri, yəni Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu.
    Azərbaycan Demokratik Respublikasının ömrü qısa olsa da, bu az vaxt ərzində milli ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atıldı. Hökumət din sahəsində də islahatlar həyata keçirdi. Bu dövrdə xalqmızın milli mənlik şüurunun oyanması üçün çox böyük işlər görüldü.
    Bu gün Azərbaycan dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir. Müasir dövrdə Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi-Şərqi Asiyada, hətta bəzi Qərb ölkələrində anti-islam, antisemitizm, ksenofobiya hallarının baş verdiyi halda, ölkəmiz müxtəlif millətlərin, dinlərin və konfessiyaların nümayən-dələrinin dinc, mehriban şəraitdə yaşadığı bir məkandır. Bizim Konstitusiyamızda göstərilir ki, Azərbaycan demokratik, hüqu-qi, dünyəvi və unitar respublikadır. Konstitusiyada vicdan azadlığı haqqında qanun öz əksini tapıb. Digər bir maddədə isə yazılır ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Beləliklə də, artıq yüz ildir ki, Azərbaycanda dünyəvi hakimiyyətin elmi-intellektual resursları var və bu təcrübə özünü doğruldur.

    Sadiq CƏFƏROV,
    Tərtər “Cümə” Məscidinin imamı və Dini İcmanın sədri

    Müəllif: Redaktor, 11:40

    Teqlər:

İsmarıclar bağlıdır.