Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    ŞƏHİDLƏR QEYRƏT SALNAMƏSİDİR

    Deyirlər ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Lakin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı səhərini işıqlı sabaha deyil, qanlı sabaha açdı.
    Həmin gecə Azərbaycan xalqının tarixinə həm qara, həm də şanlı hərflərlə yazıldı.
    Ana Vətənim, Azərbaycan! Sən alovlardan, odlardan keçib, odlar diyarı kimi tarixə düşdün. Sənin hər qarış torpağında, hər daşında Babək vüqarı, Nəsimi mətanəti, Koroğlu mərdliyi görünür.
    20 Yanvar gecəsi… Həmin gecə XI Qızıl Ordu qoşunları Bakı şəhərini al qanına boyadı. Nə böyük vəhşilik, nə böyük dəhşət, ilahi! Həmin gecə qoca da, xəstə də, körpə də amansız düşmənin gülləsinə tuş gəldi. Həmin gecənin dəhşətləri nə göyə sığdı, nə də yerə, ilahi!
    Qanlı 20 Yanvar gecəsi xalqımızın Koroğlu qeyrətli oğulları, Nigar ismətli qızları Vətənimiz Azərbaycanın azadlığı, müstəqilliyi yolunda öz canlarından keçərək Azərbaycanın tarixində şanlı səhifə açdılar.
    Vətən torpağının ucalığında,
    Millətin qəlbində qaldı şəhidlər!
    Ölümün gözünə dik baxa-baxa,
    Ölümə qələbə çaldı şəhidlər!
    Şəhidlər–dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridir.
    Şəhidlər–qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır.
    Şəhidlər–müqəddəs and yerimiz olan “Şəhidlər Xiyabanı”nın zinəti, əbədi lakin yaşar sakinləridir. Onlar bizim tariximizdirlər.
    Bu gün Bakının “Dağüstü parkı”nda möhtəşəm bir yerdə əbədi bir məşəl yanır. Bu məşəl canını Vətən yolunda qurban verərək “Şəhidlər Xiyabanı”nda uyuyan şəhid qəhrəmanlarımızın əbədi ruhu, əbədi xatirəsidir. Biz də bu əbədi ruhun, əbədi xatirənin önündə baş əyirik.
    Bəli, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərimiz heç bir zaman unudulmayacaq. Hər il xalqımız 20 Yanvar gününü “Ümumxalq Hüzn günü” kimi qeyd edir. Mənim müəllim işlədiyim Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbdə də şagird və müəllim kollektivi tərəfindən “Qanlı 20 Yanvar” faciəsinə həsr olunmuş tədbir keçirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Sevil İSMAYILOVA,
    3 saylı ümumi orta məktəbin müəllimi

    Müəllif: Redaktor, 10:13

    Teqlər:

İsmarıclar bağlıdır.