Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    TƏRTƏR QƏDİM YAŞAYIŞ MƏSKƏNİDİR

    Yaranma tarixi-27.01.1934-ci il. Ərazisi-960 kv.km. Əhalinin sayı-103,6 min nəfər (1 yanvar 2018-ci il.) Əhalinin sıxlığ 1 kvadratkilometrə 108 nəfər (1 yanvar 2018-ci il) Şəhərlərin sayı–2. Qəsəbələrin sayı-1. Kəndlərin sayı-74. Bələdiyyələrin sayı–25. İqtisadi rayon-Yuxarı Qarabağ. Tərtər rayonu ilə Bakı arasında olan məsafə -332 km.
    Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə gözəl və səfalı bir ərazidə yerləşən Tərtər barədə Aleksandr Düma demişdir: «Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər».
    Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar.
    IX-XIII əsrlərdə cənubi rus çöllərində və Şimalı Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280-1323-cü illərdə Bolqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur. Bəzi tədqiqatçılara görə Tərtərçay hidronomi tərtərlilərlə bağlıdır. Cənubi Uralda Tərtəroba adlı yaşayış məskəni olmuş və indi də qalmaqdadır.
    Bəs Tərtər sözünün mənası nədir?
    Rus mənbələrinə görə «Terter» oba adlanır, bu da «Tərtər» etnonimindən və oba sözündən götürülmüşdür.
    Türk şairi Mahmud Kaşkarlının «Divani-it-lüğət-türk» əsərində isə Tərtər qumruya bənzər gözəl səslə oxuyan quş kimi verilib.
    Tərtərlilər tayfasının başqa bir hissəsi isə Səfəvi şahlarının dövründə yenidən Azərbaycana qayıtmışdır. Azərbaycan tarixində tərtərlilər bəzən qıpçaq adı ilə də göstərilir. Ancaq tərtərlilər bir türk tayfası olub, qıpçaqlarla birləşmişlər. Onlar Tərtər çayının sahilində yaşamışlar.
    Ərdəbilli mənbələrdə Tərtər etnik adı «Sur-sur» kimi yazılmışdır. Tarixdə qeyd olunur ki, Nadir şahın əmiri Sərdar xan sur-sur tayfasını Dərbənddə oturtmuş və onların Azərbaycanda qalan bir hissəsi özlərinə ərəb ləhcəsilə «Sor-sor» yox, “Tərtər” demişlər.
    Tərtərin yerləşdiyi coğrafi mövqe onun inkişafında mühüm rol oynamışdır, əhali əkinçilik və maldarlıqla yanaşı ticarətlə də məşğul olmuşdur.
    Qədim Gəncənin adı 1804-cü ildə dəyişdirilərək çar Aleksandrın arvadı Yelzavetanın şərəfinə Yelzavetpol qoyulmuş və 1824-cü ildə rəsmən ona şəhər adı verilmişdir. Yelzavetpol quberniyasının Cavanşir qəzasının mərkəzi Tərtər olmuşdur. İnzibati bölgüdə Bərdə də bu qəzanın tərkibində idi. Sözsüz ki, Tərtərin qəzanın mərkəzində olması onun inkişafında da mühüm rol oynamışdır.
    1757-1759-cu illərdə məşhur şair Molla Pənah Vaqifin Tərtərdə məktəbdarlıqla məşğul olması buranın mədəni inkişafı haqqında xəbər verir.
    Pənah xanın, Cavanşir və Mehdiqulu xanın, Nəcəfqulu və Nəriman bəyin ayaq izləri qalmış Tərtərdə Molla Vəli Vidadinin, Qasım bəy Zakirin xatirələri yaşayır.
    Tərtərdə ilk məktəb Salman Haqnəzərovun evində (indiki musiqi məktəbi) 1911-ci ildə, ilk ambulatoriya-tibb məntəqəsi 1903-cü ildə Hacı İbrahimin evində (indiki Şuşa Rayon Polis Şöbəsinin yerləşdiyi bina) yerləşirdi, ilk apteki isə 1905-ci ildə Hacı İbrahim, 1917-ci ildə Haqnəzərovlar açıb.
    1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə Tərtərin Azad Qaraqoyunlu kəndindən olan Azad Ağanın oğlu Behbud Ağa Cavanşir Milli Hökumətin Daxili İşlər Naziri olub.
    Tərtərdə şəhər əhalisinin ehtiyaclarını ödəmək üçün 5 su dəyirmanı, 3 günbəzli hamam fəaliyyət göstərirdi.
    1920-ci ilin aprel ayında Cavanşir qəzası təşkil edilmişdir. Həmin ildə Tərtər sahəsi yaradılmışdır və 1920-22-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuşdur. 1922-ci ildə onun adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılmışdır. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyinə, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyinə keçmişdir.
    Tərtər dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir.
    Ərazisindən Tərtər və İncə çayları, cənub sərhəddindən isə Xaçın çayı axır.
    1940-cı ildə rayonun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur. 1947-49-cu illərdə rayonun mərkəzi şəhər tipli qəsəbəyə çevrilmişdir. 1963-cü ildə rayon statusu ləğv edilərək, ərazisi Bərdə rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil olmuşdur.
    Vaxtilə Tərtər çayının sol sahilində Tərtər neft yatağı vardır.
    1991-ci ilin fevral ayında rayonumuzun tarixi adı–Tərtər özünə qaytarılmışdır.
    Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.
    İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir.
    Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.
    Tərtər şəhərinin girişində Tərtər çayı üzərində tikilmiş ilk əzəmətli körpü “Kukuşka körpüsü” olub. Bu körpü çar Rusiyasının dövründə, I Dünya müharibəsi ərəfəsində -1914-1916-cı illərdə salınıb. Strateji əhəmiyyəti olan bu körpü “Bakı-Yevlax” yolunun uzantısı olub Tərtərdən keçərək Ağdama çatdırılıb. Yolun və körpünün fəaliyyəti 1930-cu illərdə dayandırılıb. Hazırda körpünün qalıqları daş sütunlar tarixi abidə kimi qalır.
    1918-ci ildə türk qoşunlarının komandanı Nuru paşa Tərtərə gələrkən çayın körpüsündən şəhərin mərkəzində yerləşən “Cümə məscidi”nə qədər əslən Şuşa qalasından olan Məşədi Əliş yol boyu xalı döşətdirib və qonağı təmtəraqla qəbul edib.
    Hazırda Tərtər rayonunda 10 min nəfərdən çox qaçqın və məcburi köçkün məskunlaşıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:07

    Teqlər:

İsmarıclar bağlıdır.