Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    “ÖLMÜŞ ADAM”ın XATİRƏLƏRİ

    …Minaya düşüb çoxlu qan itirmişdim. Tərtər xəstəxanasına çatdırılanda artıq özümü itirmək üzrəydim. Məni gətirən döyüşçülər qucaqlarında cərrahiyyə otağına apardılar. Yusif Quliyev adlı həkim mənə yaxınlaşıb baş barmağı ilə göz qapaqlarımı qaldırdı. “Gecdir morqa aparın”–dedi. Bu sözdən sonra huşumu itirdim və “öldüm”…
    Haşiyə: Hələ orta məktəb illərində rayon mədəniyyət evində çıxışlar edəndə Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəbbət Paşayeva ilə xoş münasibət qurmuşduq. Həmişə şeir və səhnəcik müsabiqələrində xüsusi olaraq mənə görə gəlir, dəstək verir, gözəl arzular diləyirdi. Hətta əsgərliyə gedəndə də ailəvi bizə gəlmişdi və hamı təəccüblənmişdi. Ali məktəbə daxil olanda o da ailəm qədər sevinmişdi. Və…
    Müharibə başlayanda xəstəxanaya yaralı gətirən zaman məni bir qırağa çəkib: “Tələbə ola-ola niyə gəlmisən? Əlinə-ayağına güllə dəysə, şikəst olsan, aktyor ola bilməyəcəksən axı! Sənin gələcəyin var–demişdi. Amma o vaxt belə sözlər təsirsiz idi.
    … Məni morqa aparırlar. Həmin gün Məhəbbət xanımın qardaşı Ədalət Paşayevin şəhid olduğu günlər idi. Hüzr məclisində dayana bilməyən həkim: “Durum bir gedim xəstəxanaya, yaralıların mənə ehtiyacı var”–deyib. Nə qədər israr etsələr də, “Heç olmasa, bu gün gələn-gedənlə məşğul ol”–desələr də, sanki içində bir səs onu xəstəxanaya çağırırdı. Məhəbbət xanım xəstəxananın dəhlizində yerə düzülmüş şəhidlərə baxıb ağlayırmış (1992 iyul). Və birdən məni onların arasında görüb bərkdən hönkürüb, “meyitimi” qolları arasına alaraq: “Axı, sənə dedim qayıt get!–deyib. Bu zaman görüb ki, hələ də nəfəs alıram. Tez adamları çağırıb ki, məni cərrahiyyə otağına aparsınlar (Sonralar şahidlər söyləyirdilər ki, “Bu əsgər ölməməlidir!”–deyib, qışqırırmış). İlkin yardım edib, böyük qəlpələri çıxarır, rentgenə aparanda işıqlar sönür. Tez təcili-yardım maşınına qoydurub Bərdəyə göndərir. 1 saat sonra maşın qayıdır ki, Bərdədə yer yoxdur. Təzədən kağız yazıb, Mingəçevirə göndərir. 2 gün sonra gözlərimi açıram.
    Bax, bu gün həmin həkimin, xilaskarım olan, yüzlərlə əsgərə şəfa verən, onlarla döyüşçünü həyata qaytaran, məğrur, savadlı və fədai Məhəbbət Paşayevanın doğum günüdür. 1992-ci ildən bu yana yaşamağımın səbəbkarı, hər uğrumda borclu olduğum bu qadını təbrik etmək azdır. Onsuz da hər nəfəsim, hər əzam bütün varlığım ona hər gün duaçıdır.
    Əllərindən öpürəm, həkim!
    P.S. Hazırda Məhəbbət xanım Əhmədlidə yerləşən “Medika Hospital”da çalışır. Belə insanları unutmamalıyıq.

    Səbuhi RƏHİMLİ

    Müəllif: Redaktor, 10:50

    Teqlər:

İsmarıclar bağlıdır.