Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    (Hekayə)

    Biz üç yoldaş–Rüstəm, Tahir və mən Tahirin maşınında tanışlardan birinin bağ evindən qayıdırdıq. Qəsəbənin çıxışındakı “Market”in qarşısında Tahir maşını saxlayır, bizə bir söz demədən mağazaya girir, bir qədər keçmiş dörd dolu salafan torba ilə çıxır.
    Nədi aldığın, nəyinə lazımdır?
    –Rüstəm soruşur.
    –Bir azdan bilərsiniz–deyir.
    Qəsəbə ilə şəhəri birləşdirən şosse yolu yenilənib. Yolun hər iki yanı ilə salınmış yaşıl meşə zolağı və ot örtüyü adamın ruhuna sığal çəkir. Bu quru-boz və mazutlu çöllərdə belə gözəlliyi yaradanlara eşq olsun!
    Maşınımız düz, asfalt yolla şütüyür. Bir qədər getdikdən sonra yoldan sağa buruluruq. Burada da eyni gözəllik, eyni səliqə-səhman var.
    Qarşıda açılan bir mənzərə diqqətimi çəkir. Hər tərəf yaşıl palmalar, dekorativ güllər, şam, küknar ağacları, həmişəyaşıl kollar ilə örtülü olduğu halda, təxminən iki hektar ərazidə çinar, palıd və qovaq ağaclarının yaratdığı qızılı sarı bir ada və bu adada birmərtəbəli böyük nal şəkili, ətrafında yardımçı tikililəri olan bina.
    Maşınımız həyətin girişindəki darvazanın önündə dayanır. Haraya gəldiyimizi bilmədiyim halda daxilimdən bir səs: “Burada əməlli-başlı payızdır” –deyir.
    Darvazanın yanına vurulmuş lövhədən oxuyuram: “Qocalar evi”.
    Bəli, payız buraya hər il hər yerdən daha tez gəlir…
    Tahir torbanın ikisini götürür, hərəyə birini də biz götürürük, keçirik darvazadan içəri. Hər yan tər-təmizdir. Təzə süpürülmüş asfaltın üzərində tək-tək saralmış yarpaqlar görünür. Yuxarı, çinarın başına baxıram. Qızılı bir yarpaq budağından qopur və fırlana-fırlana aşağı düşür. İstəməsə də o yarpaq düşməliydi, çünki artıq ömrünü yaşayıb. Bu, zamanın hökmüdür, ömrünü yaşayıbsa, budağından qopubsa mütləq yerə düşəcək. İnsan ömrü də belədir, doğulur, böyüyür, yaşayır və nəhayət bir gün….
    Binanın eyvanında ağ xalatlı bir qadın görünür. Biz ona yaxınlaşırıq, o da bizə sarı gəlir. Tahirlə əl verib görüşür, bizimlə də salamlaşır. Tahir soruşur:
    –Hanı sakinləriniz?
    –İstirahət saatıdır –deyir xanım.
    –Çağırımmı?
    Mümkünsə çağır–deyir Tahir.
    Qadın içəri girib, çox keçmədən dörd yaşlı kişi ilə geri qayıdır. İrəli yeriyib görüşürük, hal-əhval tuturuq. Razılıqlarını bildirirlər. Mənə daha çox xoşsima görünən kişinin qoluna girib kənara çəkirəm. Üzündə uzaqdan gələn kədərli bir təbəssüm ifadəsi sezilir. Kişinin dərin adam olduğunu duyuram.
    –Hansı işin sahibi olmusunuz? –soruşuram.
    –Ömrüm boyu müəllim olmuşam, ibtidai sinif müəllimi. Adım Bəxtiyardır, mənə burada Bəxtiyar müəllim deyirlər.
    Bu yerdə bir qədər duruxub, haradan necə başlayacağımı fikirləşirəm.
    –Bəxtiyar müəllim, neçə övladınız var?
    –Üç, üçü də ali təhsilli. Böyüyü qızdır, müəllimədir. Ortancıl polis mayorudur, kiçik hüquqşünasdır. Hüquq müdafiəçisi!
    –Burada darıxdırıcı deyil ki? –soruşuram.
    –Yox, sağ olsun dövlətimizi! Hər şəraiti yaradıb bizim üçün.
    Bu ara Tahirin səsi gəlir.
    –Bəxtiyar müəllimlə söhbətin tutursa, qala bilərsən.
    –Tahir Sizi tanıyır?.
    –Tahir ən az ayda bir dəfə bizə baş çəkir. Buranın sakinləri onu öz övladları kimi sevir.
    –Kişinin gözləri dolur. Torbanı ona verirəm. Bu, Tahirdən Sizə çatacaq, Bəxtiyar əmi,
    Xüdahafizləşib ayrılırıq.
    Geri qayıdırıq, hamı susur.
    –Bu insanların bura düşmələrinə kimdi müqəssir?!
    Rüstəmin qəfil verdiyi sual cavabsız qalır.
    O vaxtdan xeyli keçib, o sualın cavabını hələ də tapa bilməmişəm.

    Qərib QAMANOĞLU

    Müəllif: Redaktor, 08:58

İsmarıclar bağlıdır.