Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    Bu gün dünyasını dəyişmiş, lakin yaddaşlarda xoş xatirələrlə qalan, bir qadın, ana kimi nümunə olacaq Cəvahir həkimi yada salacağıq. Bunun üçün onun övladı ilə–rayon əhalisi tərəfindən hörmət və izzətə sahib qızı Təranə xanımla həmsöhbət oldum. İlk olaraq hərəsi bir xatirə danışan xeyli fotoşəkili göstərərək dedi: “Bu şəkillərdə Cəvahir həkimin donmuş anları yaşayır”.
    Şəkilləri nəzərdən keçirirəm. Xəstə müayinə edilərkən, baş həkimin otağında beş dəqiqəlik toplantı, xəstəxananın həyətində iməcilik, o zamankı məhsul bayramlarının keçirilməsi, iş yoldaşlarının xeyir işləri, daha nələr…nələr…Bu şəkillərin heç biri haqqında nəyisə soruşub öyrənməyə ehtiyac yoxdur. Cəvahir həkimin öndə olması onun barəsindəki sorğularımıza cavab verir.
    Cəvahir həkim kim idi? Hansı xüsusiyyəti onu rayon əhalisinə bu qədər sevdirmişdir? Elə bu sualları qızı Təranəyə verdim. Təranə xanım dedi:
    –Anam Musayeva Cəvahir Kərəm qızı 10 iyun 1929-cu ildə Gəncə şəhərində fəhlə ailəsində doğulub. 3 bacı, 2 qardaş olublar. 1946-cı ildə orada orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə qəbul olub. 1953-cü ildə Universiteti pediatr həkim kimi bitirib, təyinatla Zərdab şəhər xəstəxanasında fəaliyyətə başlayıb. 1956-cı ildə Tərtər şəhər uşaq poliklinikasına müdir təyin olunub. 1958-ci ildən isə ömürlük həyatını Tərtərə bağlayıb. Tərtərli, ali təhsilli mütəxəssis Qaibov Əli Əlif oğlu ilə ailə həyatı qurub.
    Gənc həkim heç vaxt işinin çoxluğundan gileylənməz, bütün işlərini planlı şəkildə qaydasına qoyardı. 1959-cu ildən 1988-ci ilə kimi uşaq xəstəxanasında baş həkim kimi çalışıb. İctimai fəallığı nəzərə alınaraq partiya təşkilat katibi və rayon məhkəməsinə iclasçı seçilib. Üstəlik də ailə, uşaq qayğıları onu yormadı-təntitmədi. Gecələri normal yuxusunu yatmırdı. Xəstə uşaqların sağalması üçün əlindən gələni edərdi. Onun iş vaxtında gecə-gündüz söhbəti ola bilməzdi. Xəstə uşaq varsa mütləq sağalmalıdır. Xüsusilə imkansız ailələrin uşaqlarına daha ürəklə qayğı göstərərdi. Cəvahir həkimi xalqa sevdirən də elə bu xüsusiyyətləri olmuşdu.
    Tale Cəvahir həkimin üzünü tam güldürməmişdi. 3 övladını ata qayğısı ilə böyütmək gənc həkimə qismət olmamışdı. Həyat yoldaşı 33 yaşında qəfləti ürək çatışmazlığından dünyasını dəyişdi. Əlinin vəfatından sonra anası Sürəyya xanım gəlinini yanına çağırıb təklif etdi,–“qızım birdən ürəyindən nə isə keçər, uşağın hansını istəsən özünlə götürüb, gedə bilərsən, cavansan”. Cəvahir həkim isə qaynanasının boynunu qucaqlayıb cavab verdi:
    –“Sən mənim böyüyüm olaraq bu evdə birlikdə Əlinin yadigarlarını böyüdəcəyik, mən sənsiz yaşaya bilmərəm”. Bu sözdən sonra Samaya xanım da gəlni ilə birlikdə onun 1 qızı, 2 oğlunu böyütdülər. Hələ həkimin baldızı Qumru da onlarla birgə yaşadı. Onu yanında–uşaq xəstəxanasında işlə təmin etdi, hətta toyunu edib gəlin köçürdü.
    Cəvahir həkimin arzusu övladlarını ali təhsilli görmək idi. O işinin çoxluğuna baxmayaraq uşaqlarının dərslərinə daim nəzarət edər, qaynanası Samaya xanım da bu işdə ona kömək edərdi. Məhz bu tələbkarlığın və qayğının sayəsində qızı Təranə və oğlanları Fəxrəddin, Sənan hər üçü ali təhsil aldılar. Hazırda hər üçü ailəlidir. Cəvahir həkimin 6 nəvəsi, 4 nəticəsi var.
    Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayanda Cəvahir həkimin oğlu Sənan da könüllü olaraq özünümüdafiə batalyonuna yazıldı. Torpaqlarımızın müdafiəsində mənfur ermənilərə qarşı mübarizə apardı. 1992-ci il may ayının 11-də boynundan ağır yaralandı. Müxtəlif xəstəxanalara aparılsa da, əlac olmadı. Moskvada ağır əməliyyat keçirdikdən sonra sağlamlığı bərpa olundu. Cəvahir həkimin dünyasını tez dəyişməsinin səbəbi oğlunun aldığı ağır zədə oldu. Sənanın müalicəsi bir il çəkdi. 1993-cü il iyun ayında Sənan evə gəldikdən sonra Cəvahir həkim qəflətən infarkt oldu, kliniki ölüm keçirdi. Bir il çəkmədi bu xəstəliklə 1994-cü il may ayının 11-də dünyasını dəyişdi. Doğulduğu Gəncə şəhərində torpağa tapşırıldı.
    Cəvahir həkim elə həkimlərimizdəndir ki, adı çəkiləndə təəssüf edilir. Tez-tez onu sevənlər tərəfindən xatırlanıb, yad olunur. Onun bu dünyadan apardığı “yaxşı insandır”, “gözəl həkimdir”, “Allah rəhmət eləsin!” sözləri oldu…

    Müəllif: Redaktor, 08:32

İsmarıclar bağlıdır.