Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr

    85 YAŞIN MÜBARƏK!

    Yaxşı yadımdadır, beş il öncə “80 yaşlı müdrikin ziyasında” yazmışdım. Bu gün də həmin müdriklə üz-üzə, göz-gözə dayanmışam. Beş il də gəlib onun yaşının üstünə. Beş il də böyüyüb, müdrikləşib. Sanballı yazılarına, ibrətamiz kəlamlarına görə daha da hörmətli-izzətli olub. Onun müdrikliyi ulularımıza bənzəyir. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir qələmli olub.
    Bənzətməsi çoxdan da çoxdur bu qəzetin. Amma, oxucunu yormaq, intizarda saxlamaq qəbahət olar. Bir başa bu 85 yaşlı ixtiyarın keçdiyi keşməkeşli ömür yoluna nəzər salıb, onun haqqında söz söyləmək imkanından istifadə edib, mətləbə keçək. Hər kəsə qucaq açan, dərdi-sərinə şərik olan, yaxşıları nümunə göstərən, yolundan çıxanlara yol göstərən, qapısı hamının üzünə açıq olan “Yeni Tərtər” qəzeti yarandığı ilk gündən rayonun güzgüsünə çevrilmiş bir mətbu orqanıdır. Keçdiyi yol əziyyətli, əzablı, həm də yaddaqalan olubdur.
    1934-cü ildə–Tərtərin bir rayon kimi formalaşdığı vaxt onun qəzeti də yarandı. Kolxoz quruculuğu illərində yaranmış bu qəzet 1934-cü il aprel ayından üzərinə ağır bir missiya götürdü: yerli əhaliyə, kənd camaatına yaxın olmağa, onların maariflənməsində öz gücündən maksimum istifadə etməyə çalışdı. Hələ mətbəənin olmadığı illərdə Bərdədə “Stalin yolu” qəzetinin mətbəəsində “Kolxozçuların varlanması uğrunda” adı ilə çap olundu. MTS siyasi şöbəsinin rəisi Nazim Məmmədovun imzası ilə qəzetin iki əməkdaşı–Ziyad Səfərov və Nəriman Mustafayevin əməyi sayəsində ərsəyə gəlirdi. Artıq 1934-cü ilin sonlarında rayonda mətbəə yaradıldı və 1935-ci ildən 1937-ci ilin sentyabrınadək Xəlil Şəfizadənin redaktorluğu, məsul katiblər əvvəlcə Şəmil İbrahimov, sonra Mədət Allahverdiyev, mətbəə işçiləri Məhər İbrahimov, Allahyar Aslanov və Ağa Ağayevin zəhmətilə həftədə 1 dəfə iki səhifəlik qəzet çap olunurdu. Bəzi vaxtlarda isə 1 ayda 9 nömrə hazırlanıb.
    1937-ci ildən 1991-ci ilədək qəzet “Qızıl bayraq” adı ilə çap olundu. Bu müddət ərzində qəzetin tirajı 1000 nüsxədən artaraq 5500 nüsxəyə çatdı. Həmin ildən qəzet “Tərtər” adı ilə çap olundu. 1950-1960-cı illərdən üzübəri Zülfiqar Fərəcov, Aydın Məmmədxanov, Zahid İsmayılov, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nəcəfov, redaktor əvəzi Əmiraslan Qurbanzadə qəzetə redaktorluq etdilər. Həmin illər qəzetdə partiya həyatı, kənd təsərrüfatı və zəhmətkeş məktublar şöbələri fəaliyyət göstərirdi ki, hər şöbədə 2 nəfər–şöbə müdiri və müxbiri çalışırdı. Bunlardan başqa məsul katib və korrektor olurdu ki, bu şəxslər mətbəə işçiləri ilə mürəttib və linotibçilərlə birlikdə materialların yığılması, səhifələnməsi və nəşrə hazırlanmasına sırf cavabdehlik daşıyırdılar. Nəhayətdə isə hazır səhifələr çapa verilirdi. Qəzetin ərsəyə gəlməsi prosesi həm çətin, həm də o qədər maraqlı gedirdi ki, vaxtın necə başlayıb, necə bitməsi gözə görünmürdü.
    Həftədə 3 nömrə ilə çıxan qəzet rayonun bütün sahələrini əhatə edərək öz oxunaqlığını qoruyub saxlayırdı. Ta adi xəbərdən baş-lamış, tənqidi yazılaradək dərc olunmuş məqalələr oxucuda maraq doğurar, müzakirəyə səbəb olardı. Hər bir qəzetçinin xətir-hörməti də öz yerində olardı, hamı tərəfindən rəğbətlə qarşılanırdı.
    1991-1998-ci illərdə ölkədəki müharibə şəraiti hamı kimi qəzet işçilərini də cəbhəyə, döyüş nöqtələrinə sarı istiqamətləndirdi. Ona görə də bütün fikirlər müharibə mövzusuna köklənib, döyüşən qəhrəmanlarımızın şücaətlərini göstərir, murdar xislətli ermənilərin fitnə-fəsadlarını qeyd edərək rayon əhalisini maarifləndirirdi. Bütün yazılar Vətən, Vətənpərvərlik mövzularına həsr olunurdu.
    1998-ci ildən 2005—ci ilədək rayon qəzetinin çətin günləri başladı. Maddi durumun ağırlaşması, laqeydliyin artması qəzetin fəaliyyətinin tamamilə dayandırılmasına, qəzetçilərin peşələrindən uzaq düşməsinə səbəb oldu. Lakin, hər qaranlıq gecənin günəşli bir sabahı olduğu kimi, rayon qəzetinin də üzünə “günəş doğdu”. Rayonun rəhbəri Vidadi İsayevin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun köməkliyi, diqqət və qayğısı ilə rayon qəzeti “Yeni Tərtər” adı altında fəaliyyətə başladı. Sözsüz ki, dost dəstəyi hər bir işdə mütləqdir və əvəzolunmazdır. “Yeni Tərtər”in də ən yaxın dostu olan Yevlaxın “Kür” qəzeti kollektivinin köməkliyi ilə bu mətbu orqanı öz nəşrinə başladı. Tofiq Yusifin redaktorluğu ilə 500 nüsxə ilə nəşr olunan “Yeni Tərtər” qəzeti oxucularının sayını gündən-günə artırdı. Bu günə qədər rayon rəhbərliyinin köməkliyi ilə maliyyələşən rayon qəzeti 1500 nüsxə çap olunur. Maddi cəhətdən sıfırdan başlayan bir orqan bu gün formalaşmış və şəraiti normal olan bir müəssisəyə çevrilib. Kollektivdə bir çox dəyişikliklərə baxmayaraq “Yeni Tərtər” qəzeti redaktor Tofiq Yusifin rəhbərliyi ilə normal şəkildə öz fəaliyyətini davam etdirir. Kollektiv öz üzərinə düşən missiyanı qoruyub saxlayaraq daha oxunaqlı olması, rayonun həyatını–quruculuq-abadlıq, kənd təsərrüfatı sahələrini, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və köçkünlərin həyat şəraitinin işıqlandırılmasında, rayon rəhbərinin köməkliyi sayəsində aparılan yenidənqurma işlərinin təbliğində yaxından iştirak etməyə çalışır. Çox yaxın zamanda rayonun adını daşıyan “Yeni Tərtər”in 85 illik yubileyi qeyd olunacaq.
    85 yaşlı bu müdrik ətrafına sevənlərini toplayıb dünənindən, bu günündən söz açmaq, gələcək arzularının sevincini dostları ilə bölmək niyyətindədir. İrəlilədiyi bu uğurlu yolda ona uzun ömür və müvəffəqiyyət arzulayıram.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:17

İsmarıclar bağlıdır.