Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr

    Şagird şəxsiyyətinin formalaşmasında, onun mənəvi cəhətdən kamil vətəndaş, xalqa, yaşadığı torpağa ürəkdən bağlı insan kimi yetişməsində ana dili fənninin əhəmiyyəti böyükdür. Buna görə də, bu fənnin tədrisinə xüsusi diqqətlə yanaşıram. Çünki bu fənn şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir.
    Müasir cəmiyyətimiz sürətlə informasiyalaşmağa doğru irəliləyir və bu, kompüter texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə, həmçinin təhsilə tətbiqi ilə səciyyələnir. İndiki zamanda peşəsindən və fəaliyyət növündən asılı olmayaraq, hər bir insan elektron vasitələrdən istifadə etmək bacarıqlarına malik olmalıdır.
    Bəzi humanitar fənn müəllimləri İKT-nin tətbiqinin əlverişliliyinə şübhə ilə yanaşırlar. Bu cür yanaşma əsassızdır. İnformasiya texnologiyalarının tətbiqində dil-ədəbiyyat müəllimlərinin qarşısında duran vəzifələr digər fənn müəllimlərinin məqsəd və vəzifələrindən bir çox cəhətdən fərqlənir. Bu vəzifələrə mətnlə, bədii sözlə, kitabla iş aiddir. Dil və ədəbiyyat dərslərinin məqsədi şəxsiyyətin mənəviyyatının, onun əxlaqi dəyərlərinin, estetik zövqünün formalaşmasına, dilə mükəmməl yiyələnməsinə imkan yaratmaqdır.
    Bu məsələlərin həllində İKT, şübhəsiz, təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması köməkçi vasitədir. Onun köməyi ilə orfoqrafiya və durğu işarələrindən yerində və düzgün istifadə etmə qaydalarına əməl etməyi öyrənmək mümkündür. Uşaqlar ekranda müəllimin qəsdən buraxdığı səhvləri müstəqil şəkildə tapır və düzəldirlər. Hər kəs səhvi birinci tapmaq istədiyinə görə dərsdə rəqabət yaranır.
    Kompüter şagirdlərin biliklərini müntəzəm olaraq nəzarət altında saxlamağa, təhsilin keyfiyyətinin yaxşılaşmasına imkan yaradır və bu da yoxlama və test suallarının yoxlanılmasında vaxta qənaət olunmasına gətirib çıxarır. Kompüter vasitəsilə testdən keçirilmə zamanı təqdimat yaratmaq üçün Power Point proqramından istifadə etmək olar.
    Ədəbiyyat dərsləri kompüter texnikasının köməyi ilə daha maraqlı keçir. Uşaqlara şair və yazıçıların səslərini eşitmək, harada və necə yaşadıqlarına baxmaq maraqlı gəlir.
    Tanınmış söz ustadlarının əsərlərinin bir çoxu kinolentə yazılmışdır. Həm ayrı-ayrı film kadrlarından istifadə etmək, həm də filmə tam baxmağa və daha sonra onu müzakirə etməyi uşaqlara təklif etmək olar. Uşaqlar bu işdə çox fəal iştirak edirlər.
    Power Point proqramında hazırlanmış kompüter təqdimatları böyük əhəmiyyətə malikdir. Təqdimatın əsas funksiyası əyanilikdir. Proyentorun köməyi ilə əsərlərdən rəngli şəkilləri, şair və yazıçıların portretlərini görmək, məşhur insanların ev muzeylərinə səyahət etmək mümkündür. Təqdimatın ikinci müsbət cəhəti isə slaydlarla mövzunu, dərsin məqsədini və s. göstərmək imkanıdır.
    Bununla yanaşı, təqdimat həm dərsin keçirilməsində əsas forma, həm də əlavə vasitə kimi istifadə oluna bilər. Bundan başqa, şagirdlər özləri dərsə təqdimat hazırlamağı və maraqlı bir şey danışmağı xoşlayırlar. Təqdimatın fərdi hazırlanması şagirdlərdə sərbəstliyi, axtarıcılıq fəaliyyətini, təşəbbüskarlığı, yaradıcılığı inkişaf etdirir. Uşaqların təqdimatla çıxışı onlarda özünəinam hissi yaratmağa, kommunikativ keyfiyyətləri formalaşdırmağa imkan yaradır.
    Bəli, varlığımız, milli mənliyimizin simvolu olan müqəddəs ana dilimiz olduqca zəngin və çoxşaxəlidir. Onun tədrisi isə həm mürəkkəb, həm də şərəflidir. Bu şərəfli işi yerinə yetirmək isə biz müəllimlərdən böyük zəhmət, yaradıcılıq, axtarıcılıq tələb edir.

    Tahirə QULİYEVA,
    Şəhər 6 nömrəli tam orta məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi

    Müəllif: Redaktor, 09:22

İsmarıclar bağlıdır.