Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr

    DÜŞÜNCƏLƏRİN MEMARI

    Azərbaycanın günbəgün inkişafında, çiçəklənməsində, dünya xalqları arasında yüksək mövqe tutmasında qadınlarımızın xüsusi xidmətləri vardır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qadınlarının fəallığı birə-beş artdı. Bacarıqlı və istedadlı xanımlarımız cəmiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılanır.
    Hər birimiz həyatda tutduğumuz mövqeyə görə birinci növbədə müəllimlərimizə borcluyuq. Çünki onların əməyi danılmazdır, əvəzolunmazdır. Bu haqda dinimizin və tariximizin dəyərli şəxsləri hikmətli kəlamlar deyiblər. Ən qürurverici peşənin sahibləri şagirdlərinin uğurlarına öz nailiyyətlərindən daha çox sevinir, onların səsinin zirvələrdən gəlməsini arzulayırlar. Belə bir aforizm var: “Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Cəmiyyətə yararlı insanların yetişməsi məhz müəllimlərdən asılıdır. Müəllim elə bir insandır ki, səhv yolda olan şagirdi pislikdən çəkindirər, onu yüksək səviyyədə tərbiyə edər. Müəllim adı XIX əsrdə “molla”, XX əsrdə “mirzə”, XXI əsrdə artıq “müəllim” kimi formalaşmışdır. Nə qədər şərəfli peşədir müəllimlik!. Çünki fəhlənin, həkimin, nazirin, hətta müəllimin də müəllimi olur.
    Müəllim və həkimlik peşəsində qadınların sayı daha çoxdur. Məhz cəmiyyətin savadlı və tərbiyəli olması məsuliyyəti müəllimlərin öhdəsinə, sağlam nəslin yetişməsi yükü isə həkimlərin çiyinlərinə düşür.
    Rayonumuzda bacarıqlı, savadlı müəllimlərdən biri Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Həsənəli qızı Əliyevadır. O, 1959-cu ildə Tərtər rayonunun Qaradağlı kəndində ziyalı ailəsində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra 1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində ali təhsil alıb. 1983-cü ildən Qapanlı kənd tam orta məktəbində müəllim işləməyə başlayıb. Mənəvi yüksəkliyə malik olan xanım 1992-ci ildən direktor müavini, 1994-cü ildən direktor kimi fəaliyyət göstərir. O, məktəbdə savadlı və tərbiyəli nəslin, yüksək təhsilin, öyrətmək və öyrənməyin mükəmməl olması üçün əlindən gələni edir. Bunlarla bərabər ictimai işlərdə yüksək fəallıq göstərir. Səmimi söhbətimiz zamanı məlum oldu ki, o, 1993-2008-ci illərdə Qaradağlı İnzibati Ərazi Dairəsində 13 saylı Məntəqə Seçki Komissiyasının sədri, BDU-da təhsil aldığı illərdə Tələbə Elmi Cəmiyyətinin üzvü olub.
    Azərbaycan təhsilində mənəvi dəyərlər mövzusunda təqdimatda iştirak edən Fitat xanım mükafata layiq yer tutub. Bakıda keçirilin Müəllimlər Qurultayında iştirak etməklə yanaşı 90-cı illərdə Tərtərdə olan “İlin ən yaxşı Gənc Müəllimi” müsabiqəsinin qalibi olub və “Fəxri Fərman”la təltif edilib.
    İlin ən yaxşı müəllimi adına layiq görülən qadın 2003-cü ildə Bakıda keçirilən 60 ölkənin nümayəndəsinin iştirak etdiyi İlk Milli Konfransın nümayəndəsi olub.
    2016-cı il sentyabrın 7-sində Tərtər rayon icra başçısının sərəncamı ilə Təhsilin inkişafı sahəsində əldə etdiyi yüksək nə-ticələrə görə “Fəxri Fərman”a layiq görülüb. Fitat müəllim 2017-ci ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəbhə bölgəsində vətənpərvərlik nümunəsini təcəssüm etdiyinə görə Diplomla mükafakatlandırılıb. O, Ekologiya və İqtisadi İnkişaf Nazirliyi və Təhsil Nazirliyinin hazırladığı “Ekoloji Təmiz Məhsul” mövzusunda 13-15 dekabr 2017-ci il tarixlərdə Bakıda keçirilən respublika müsabiqəsində Tərtər rayonunu təmsil edib, ikinci yerin qalibi olaraq medal və qiymətli hədiyyələr alıb. 2018-ci ildə Tərtər Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ına layiq görülüb. Bütün bunlarla bərabər Fitat xanım hər dəfə Yeni Azərbaycan Partiyasının xətti ilə prezident və parlament seçkilərində təbliğat və təşviqat qrupunun ən fəal üzvü olaraq iştirak edir.
    Direktoru olduğu məktəb təhsil sahəsi ilə yanaşı idman, ağacəkmə aksiyasında da fəal iştirak edir. Onun təşəbbüsü ilə çəkilmiş “Günahsız” filmi Azərbaycanda ermənilər tərəfindən qətlə yetirilmiş uşaqlara, xüsusilə Əfqan İsmayıl oğlu Hüseynova ithaf olunub. Şəhid ailələrinə baş çəkməsi Fitat müəllimin mənəvi keyfiyyətlərindən, insanlığa verdiyi dəyərdən irəli gəlir. Bu qadınla ünsiyyətdə olan zaman aydın olur ki, o, əsl psixoloq, nümunəvi müəllimdir. Fitat müəllimlə tanış olmadan əvvəl də onun necə qayğıkeş pedaqoq, gözəl rəhbər, müəllim və şagird kollektivi tərəfindən çox sevilən bir insan olduğunu bilirdim. Bu məktəbi bitirmiş yüzlərlə şagird müxtəlif sahələrdə yüksək uğur qazanıblar.
    Murdar ermənilərlə çox yaxın məsafədə yerləşən Qapanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi gündəlik dərslərə çox ciddi və məsuliyyətlə yanaşırlar. 500-dən yuxarı bal toplayan və ali məktəblərə qəbul olan onlarla şagird bu məktəbin yetirmələridir. Rayonda keçirilən “Xəmsə” yarışmasında Qapanlı kənd tam orta məktəbinin şagirdləri dəfələrlə birincilik əldə ediblər. Hər zaman cəmiyyətimizdə Fitat xanım kimi müəllimlərin sayının çox olmasına həmişə ehtiyac duymuşuq.
    Ümummilli lider Heydər Əliyev deyib: “Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də biz qadınlarımızla fəxr edirik”.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:26

İsmarıclar bağlıdır.