Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr

    TƏBRİK EDİRİK!

    85 YAŞINIZ MÜBARƏK!

    Müstəqil Azərbaycan Respublikasının ən böyük nailiyyətlərindən biri azad mətbuatın formalaşmasıdır. Bu proses ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın götürülməsi ilə başlanmış, hər bir sahədə onun ideyalarını layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin jurnalistlərə, mətbuatın tərəqqisinə göstərdiyi qayğı ilə davam etdirilmiş və bu gün də layiqincə davam etdirilir.
    Bu gün regionlarda fəaliyyət göstərən çoxsaylı qəzetlərdən biri bizim rayon qəzetimiz “Yeni Tərtər”dir.
    Hazırda 85 illik yubileyini qeyd etdiyimiz rayon qəzetinin keçdiyi yol heç də həmişə rəvan olmamışdır. Vaxtilə müəyyən təzyiqlərə, təqiblərə məruz qalmış, illərlə müxtəlif səbəblərdən qəzetin nəşri dayandırılmışdır. Lakin fədakar jurnalistlərin tələbkarlığı və mübarizliyi doğma qəzetin həyata qayıtmasına səbəb olmuşdur.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sonsuz diqqəti sayəsində cəbhə bölgəsi olan Tərtər rayonu hər an gözəlləşir, dəyişir, inkişaf edir. Bu gözəlliyi biz hamımız birlikdə yaradırıq. Bu inkişafın hər anı bizim qəzetin vasitəsilə tarixin yaddaşına köçürülür, şərəfli və məsuliyyətli bir missiya kimi gələcək nəsillərə çatdırılır.
    Bildirirəm ki, rayon icra hakimiyyəti daim qəzetə, onun kollektivinə arxalanır və güvənir. Biz öz qəzetçilərimizi hər yerdə görürürk: ön cəbhədə əsgərlərin yanında, iclas salonlarında, şəhid ailələrində, cəbhəyanı kəndlərimizdə, fermer təsərrüfatlarında, tikinti meydançalarında… Bütün sahələrdə onların diqqəti hiss olunur. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, adət-ənənələrimizə hörmət, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına qayğının göstərilməsi, rayonumuzun sosial-iqtisadi tərəqqisi, vətəndaşlarımıza dövlət qayğısı, ümumiyyətlə, həyata keçirilən tədbirlər və qarşıya qoyulan hədəflər və s. bütün bunlar “Yeni Tərtər”in başlıca mövzularıdır. Bir sözlə, “Yeni Tərtər” bizim ən yaxın köməkçimiz və təbliğatçımızdır.
    85 illik yubiley təkcə qəzet üçün deyil, bütövlükdə rayonumuz üçün də böyük hadisə və sevindirici bayramdır. Bu bayram münasibətilə qəzetimizin bütün işçilərini və oxucularını, bütövlükdə rayonumuzun bütün sakinlərini ürəkdən təbrik edirəm. “Yeni Tərtər”çilərə Vətənimizin surətli inkişafında yaradıcılıq uğurları arzulayıram.

    Müstəqim MƏMMƏDOV,
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı

     

    SİZƏ UĞURLAR ARZULAYIRAM

    Əsası Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabi tərəfindən qoyulan Milli Mətbuatımız öz missiyasını bu gün də şərəflə yerinə yetirməkdədir. Qələmi obyektiv, sözü kəskin, şərəfli, qeyrətli jurnalistlərimiz cəmiyyətimizin öncüllərindən sayılırlar.
    Respublikamızda dərc olunan çoxsaylı qəzetlər içərisində “Yeni Tərtər” qəzetinin öz dəsti-xətti vardır. Bu gün bu qəzetin 85 illik yubileyi böyük fərəh hissi ilə qeyd olunur.
    Daim xalqla birlikdə olan, sadə, zəhmət adamlarından, müxtəlif peşə sahiblərinin həyatından, dövlət siyasəti və beynəlxalq hadisələrdən, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasından, rayonumuzun və respublikamızın inkişafından yazan, ən başlıcası, qərəzsiz, obyektiv mövqeyi və oxunaqlılığı ilə seçilən, günün tələbləri səviyyəsində hadisələri şərh edən və oxucularına çatdıran, gündəlik həyatımızda xüsusi çəkiyə malik olan, öz tənqidi çıxışları ilə cəmiyyətin inkişafına dəstək olan “Yeni Tərtər”in əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. Bütün qələm dostlarıma yeni-yeni uğurlar arzulayıram!

    Qədir ALLAHVERDİYEV,
    rayon Ağsaqqallar Şurasının sədri,
    jurnalist, “Qızıl Qələm” mükafatı laureatı

     

    BU GÜNÜMÜZÜ SABAHA DAŞIYAN QƏZET

    Yaxşı yadımdadır, 1966-cı il idi. Tərtər şəhər 2 N°-li məktəbin onuncu sinfində oxuyurdum (kəndimizin məktəbi 8 illik idi). Məktəbin direktoru görkəmli xalq müəllimi Sabir Paşayev idi. Rayonun gözü olan bu məktəbdə həyat bulaq kimi qaynayırdı. Məktəbimizin ədəbiyyat dərnəyinə şair Məmməd Aslan rəhbərlik edir, “Qızıl Bayraq” qəzetinin məsul katibi Qədir Allahverdiyev tez-tez dərnəyə baş çəkirdi.

    Həmin il qəzetdə mənim ilk şeirim dərc edildi. Bir kənd uşağı üçün bu çox böyük bir sevinc idi. İndiyədək mən bu hissləri unutmamışam. Bax beləcə başladı mənim bu qəzetlə ünsiyyətim.
    “Yeni Tərtər” nəşrə başlayanda mən artıq Tərtərdə məcburi köçkün həyatı yaşayırdım. Qəzetin redaktoru Tofiq Yusifi isə oxucusu olaraq istedadlı bir şair kimi tanıyırdım. Biz sonradan tanış, dost olduq və “Yeni Tərtər” mənim üçün doğma ocağa çevrildi.
    Zamanla səsləşən, günün aktual məsələlərinə dərhal reaksiya verən, səhifələrində tariximiz, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, “Köhnə kişilər”, cəbhə bölgəsində yerləşən Tərtərimizin Avropa şəhərinə çevrilərək əzəmətli addımlarla, günü-gündən çiçəklənərək tərəqqi etməsi barədə səriştəli yazılar verən, gündəmdə məzmunca respublika miqyaslı mətbu orqanları ilə bir səviyyədə duran bu qəzet bu günümüzə ayna tutaraq onu sabaha daşıyır, tarixə çevirir.
    Köksündə böyük bir şair- vətəndaş ürəyi daşıyan bu qəzetin mütəşəkkil və yaradıcı bir kollektivi var.
    Eşq olsun sizlərə!
    85 yaşınızbayramınız mübarək!

    Zabil SÜLEYMANOĞLU,
    Umudlu kənd tam orta məktəbinin direktoru

     

    MƏNƏVİYYAT ABİDƏMİZ

    Müdrik düşüncələrdən, aydın zəkalardan, ziyalı fikirlərdən doğulan, təbiətin bahar fəslində həyata vəsiqə alan, bütün fəsillərdə nəfəsində bahar ətrini saxlayan, ruhumuzu təravətli yaşadan, müəyyən dövrlərdə bir neçə dəfə adı dəyişsə də, məramını dəyişməyən, ənənəsinə sadiq qalan, dövrün aynası olan, qəzetsevərlərin yaxın sirdaşı, səmimi həmsöhbəti olan, şeir-şeir çiçəkləyən, kəlam-kəlam bar gətirən, satira qələmiylə sözümüzü, dilimizi “yabanı alaqlar”dan təmizləyən, ədəbiyyat gülüstanımız, mənəviyyat abidəmiz– “Yeni Tərtər”imiz, möhtəşəm ad gününü bütün oxucular adından təbrik edirəm.
    85 yaşın mübarək!

    Talıb MƏMMƏDLİ,
    oxucu, şair

    MƏNİM ƏZİZ QƏZETİM

    2006-cı ildə ölkə Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı Ulu Öndərin abidəsini ziyarət etdi və sonra rayon rəhbəri Prezidentə mənim çəkdiyim şəkillər əsasında hazırlanmış “Tərtərin dünəni və bu günü” fotostentlərini göstərdi. Mən qürur hissi keçirdim.
    Mənim rayonda tanınmağımın səbəbkarı “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifdir. Mən hər yerdə “Yeni Tərtər”in ilk fotomüxbiri olduğunu deyirəm və bununla fəxr edirəm.
    Bu günkü uğurumda xüsusi rolu olan doğma rayon qəzetinin yubileyidir, 85-il. Müdrik yaşdır. Həyatın hər üzünü görmüş, istisindən-soyuğundan keçmiş, şirinindən-acısından dadmış bir mətbu orqanın ad günüdür. Onun işığı çoxlarımızın həyat yoluna nur saçıb.
    Mənim əziz qəzetim “Yeni Tərtər” və onun əməkdaşları! Sizi ürəkdən təbrik edirəm, işlərinizdə uğurlar arzulayıram! Mənim doğma qəzetim səhifələrin daim maraqlı, oxunaqlı yazılarla dolu olsun. Hər sətrindən ürəklərimizə bahar rahiyyəsi, payız sərinliyi çilənsin mənim “Yeni Tərtər”im!

    Səbuhi KƏRİMOV,
    Mamırlı kənd tam orta məktəbinin coğrafiya müəllimi

     

    1960-1970-ci illər

    2005–2019-cu illər

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.