Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

    Bir ailə tanıyırdım. M ə mməd Aslan bir dəfə yazmışdı o ailədən. Oxumuşdum həmin yazını. Məndə dərin təəssürat oyatmışdı. Sabir Paşayevin necə böyük bir “İNSAN” olduğunu, ailəsinə hansı hörmət və səmimiyyət ucalığından yanaşdığını hiss etmişdim. Düşünmüşdüm ki, kaş bütün azərbaycanlı ailələrdə belə mehriban və qarşılıqlı anlaşma mühiti mövcud olaydı, belə tərbiyə təlqin ediləydi!…
    Sabir Paşayevlə şəxsi tanışlıqdan sonra məndə yaranmış xoş təəssüratın həyati gərçəkliyini gördüm.
    Sonralar qismət elə gətirdi ki, onun oğlanları Ədalət, İlham və Ləyaqətlə, qızı Məhəbbət xanımla aramızda ünsiyyət telləri yarandı və ümumiyyətlə, bu ailə mənim üçün doğmalaşdı…
    Qarabağ müharibəsi sanballı el ağsaqqalı, tanınmış ziyalı, şair, ələlxüsus böyük “İNSAN” olan Sabir Paşayevin ailəsinə, bir çox azərbaycanlı ailələri kimi, gözlənilməz zərbələr vurdu, fəlakətlər gətirdi. Əvvəlcə özünün ürəyi dözməyib, param-parça oldu. Elə təmiz və halal ürəklər adi təsirdən də sarsılır. Handa da qala növbəti erməni fitnəkarlığına və dəhşətinə dözə! Sabir müəllimin ürəyi bu alçaqlığa dözə bilməzdi, dözmədi də!
    Sonra ali təhsilli və ələlxüsus qeyrətli oğulları Ədalət və Evarist Paşayevlər Qarabağ müharibəsində şəhid oldular. Qızı Məhəbbət Paşayeva və digər oğlu İlham Paşayev atəşkəsə qədər qanlı savaş meydanlarından çəkilmədilər. Məhəbbət xanım Tərtərin baş həkimi kimi, İlham isə bir döyüşçü kimi. Neçə dəfə ölümün içindən keçdilər, dəhşətlər yaşadılar, amma geri dönmədilər. Çünki arxada Tərtər və böyük anlamda VƏTƏN vardı. (Onların keçdikləri müharibə yolundan nə vaxtsa kitablar yazılacaq–hər vərəqi qanlı döyüş səhnələrinin canlı salnaməsi olacaq).
    …1970-ci illərdə nüfuzlu el adamı və ləngərli ziyalı Sabir Paşayev Tərtər şəhər 2 saylı tam orta məktəbin direktoru idi. Yaşımız xeyli fərqli olsa da, biz biri-birimizə xüsusi ehtiram göstərirdik və bu səmimi münasibət üçün şair Məmməd Aslan aramızda körpü olmuşdu. Hərdənbir üçlükdə “şeir məclisi” düzənlərdik.
    Bir dəfə Sabir müəllimgildə çay içirdik. O zaman mən “RODOPİ” siqareti çəkirdim. Sabir Paşayev çox səmimi qaydada siqaret qutusunu məndən aldı, ovcunda əziklədi və evdəki şifonerin üstünə qoyub, dedi:
    –Ziyandır, çəkmə. Bu da səndən mənə yadigar qalsın.
    Sabir müəllimin böyük oğlu Ədalət Paşayevlə rayonumuzdakı elektromexanika zavodunda bir yerdə işləmişdik və elə o vaxtdan da münasibətimiz yaranmışdı. İncə zarafatımız da vardı.
    Digər oğlu Ləyaqətlə də xüsusi ünsiyyətimiz vardı. Lakin, o xasiyyətcə bir az fərqli idi. Öz tay-tuşları ilə dostluq edirdi. (Allah rəhmət eləsin!).
    Sabir müəllimin bir oğlu da İlhamdır. O, dəliqanlı cavan idi. (Elə indi də o cürdür). Onunla Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyində birgə fəaliyyət göstərirdik. Xatirələrimiz çoxdur.
    Sabir müəllimin digər oğlu Evarist Paşayev isə 31 avqust 1993-cü il tarixdə Qarabağ savaşında ermənilər tərəfindən qətlə yetirilərək, şəhidlik zirvəsinə ucaldı.
    Sabir müəllimin qızı Məhəbbət Paşayeva isə… Analar anası, bacılar bacısıdır. Onun keçdiyi ömür yolu təlatümlü məqamlarla, fırtınalarla dolu bir yoldur, amma tarixin yaddaşında qalan yoldur. Müharibə zamanı yalnız rayon mərkəzi xəstəxanasının baş həkimi deyil, əsgərlərin, zabitlərin, bütün döyüşən oğulların bir bacısı kimiydi, özünü hər cür odun-alovun içinə atmış, neçə yaralını ölümün pəncəsindən xilas etmiş, neçə şəhidi döyüş meydanından çıxarmış, neçə ümidsizə inam və şəfa vermiş, gecəsini günüzünə qatıb, daim onların yanında olmuşdu…
    Bu siftəlik Ədalət Paşayevin ailəsi ilə tanışlıq üçün idi.
    Ədalət Paşayev… Mən belə düşünürəm ki, Vətən Ədalət kimi şəhid oğulların çiyinləri üzərində bərqərardır.
    Şəhidlərdən və qazilərdən söhbət açdığım “Ölümlə üz-üzə” kitabımda elimizin-obamızın bu qəhrəman oğlu haqqında “Tərtərlilərin fəxri” adlı bir yazı yazmışdım.
    “Səmimiyyəti, mehribanlığı, eyni zamanda, igidliyi, qorxmazlığı ilə yaddaşlarda özünə əbədi məskən salan, düşmənlərə qan udduran Ədalət Paşayev — «Topçu Ədalət».–
    Ədalət Sabir oğlu Paşayev 20 iyun 1956-cı ildə Tərtər rayonunun Balakəngərli kəndində anadan olmuşdur.
    Ədalət Sabir müəllimin böyük oğlu idi. Belə oğullar az-az gəlir dünyaya. Onun haqqında Tərtərdə belə deyirlər:”Özündən böyük də, kiçik də yanır «Topçu Ədalət»in ölümünə.”
    Tərtər şəhər 2 saylı orta məktəbi əla qiymətlərlə başa vuran Ədalət 1972-1977-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, təyinatla Tərtər Elektromexanika Zavoduna göndərilmişdi.
    1991-ci ildə «Tərtər» Özünümüdafiə Batalyonu yaradılarkən Ədalət həmin batalyona zabit kimi daxil olmuş, rayonun müdafiəsində xüsusi fəallıq göstərmişdi.
    Ədalət deyəndə qulaqlarımıza Tərtər uğranda gedən döyüşlərdə atılan top mərmilərinin səsi gəlir. Onun adı çəkiləndə ermənilər əsirdilər. Ədalət bir topla gecə-gündüz müxtəlif mövqelərdə, soyuq səngərlərdə mərdi-mərdanə dayanaraq, murdar, qaniçən, vəhşi düşmənlərimizi lərzəyə salırdı.
    Ağdərə rayonunun Marağa və Marquşevan kəndlərindən başlayaraq böyük bir döyüş yolu keçdi Ədalət.
    İlk dəfə 1992-ci ilin yanvarında sağ qolundan ağır yaralandı. Rayonun Buruc kəndində yerləşdirilmiş xəstəxanada müalicə olunmaq məcburiyyətində qaldı. Gecənin bir yarısı ağrıları sakitləşdikdən, bir az özünə gəldikdən sonra ilk dediyi sözlər bunlar oldu: «Kaş ermənilər mənim yaralandığımı bilməsinlər, bilsələr bu gecə Tərtəri topla darmadağın edəcəklər!»
    Çünki ermənilər bilirdilər ki, həmin dövrdə Tərtərdə yalnız bir top var və ondan da məhz «Topçu Ədalət» atəş açır.
    Xəstəxanadan yarımçıq çıxdı, sağ qolu ilə bir müddət silah tuta bilmədi. Buna baxmayaraq, yenə ön cəbhəyə qayıtdı, ermənilərə yenidən qan uddurmağa başladı.
    Xocalı faciəsi baş verən gün Ədalətin hiddəti yerə-göyə sığmırdı. Qəzəbindən həmin gün təkcə günortayadək 300 top mərmisi yağdırdı erməni faşistlərinin üzərinə. Hətta bacısı Məhəbbət ona günorta yeməyi apararkən üç saat ərzində Ədalətə yaxın düşə bilmədi. Yalnız geri dönüb sonuncu mərmisini götürərkən bacısını gördü. Axırıncı mərmini atdıqdan sonra dərindən nəfəs alaraq, açdığı atəşin qorxusundan tülkü kimi qaçan erməni dığaları haqqında bacısı Məhəbbət ağızdolusu danışdı.
    Sonralar Ədalət «Qrad» qurğusundan istifadə etməyə başladı.
    Marağa, Marquşevan, Həsənqaya, Qırmızıkənd, Seysulan, Yarımca, Çaylı, Levonarx, 3 N°-li sovxoz, Kasabet, Sərsəng Su Anbarı uğrunda gedən döyüşlərdə top və «Qrad» qurğularından atdığı mərmilər torpaqlarımızın erməni quldurlarından qorunmasında əsl qeyrət nümunəsi göstərdi.
    …Səhər saat 8-9 radələrində Ədalət növbəti döyüş tapşırığı aldı. Ağdərə rayonunun Drombon kəndi uğrunda döyüşə getdiyini yalnız bacısına bildirdi. Hardan biləydilər ki, bu, Ədalətin son döyüşü olacaq? 1992-ci il avqustun 23-də axşam saat 19-da Drombon kəndi uğrunda gedən döyüşlərdə Ədalət döş qəfəsindən ağır qəlpə yarası aldı…
    25 avqust 1992-ci ildə təkrar cərrahi əməliyyata məruz qalan Ədalət əməliyyat otağına aparılarkən üzünü qapının ağzında dayanan əmisi oğlanlarına tutub deyir: «Kişiliyiniz olsun, Şuşanı azad edin, mənə Turşsudan sərin su gətirin, ciyərim yanır! And içirəm ki, yataqdan qalxan kimi o dığalara yenə qan udduracağam!».
    Son sözləri də, son arzusu da bu olur Ədalətin.
    Ədalətin daha bir arzusu yarımçıq qaldı bu dünyada — atasının doğma kəndi olan Umudlunu düşməndən azad edib, dədə-baba ocağında qurban kəsmək və Umudlunun torpağından gətirib atasının qəbrinə səpmək… Onun ömrü kimi arzuları da başa çatmadı. Həkimlərin səyinə baxmayaraq, ölüm onu caynaqlarından buraxmadı. 36 yaşında Ədalət canını Vətən torpağına qurban verdi. O, şəhid oldu, lakin xatirəsi nə döyüş dostlarının, nə də tərtərlilərin yaddaşından silinmədi.
    Ədalət Paşayev 1994-cü il sentyabr ayının 16-da (ölümündən sonra) torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidliyə və şücaətə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib. Xatirəsini əbədiləşdirmək üçün vaxtilə yaşadığı küçəyə onun adı verilib və baralyefi vurulub.
    Bütün tərtərlilərin fəxri olan, Vətənin mərd, igid oğlu Ədalət Tərtər çayının sahilində—şəhər qəbristanlığında uyuyur.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:19

İsmarıclar bağlıdır.