Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    DÜNYA BİR BAZARDIR

    Dünya bir bazardır-köhnə bir bazar,

    Alınıb-satılır adamlar burda.

    Ya xeyirxah olsun, ya mərdimazar,

    Hər cürə qiymətə adam var burda.

     

    Çəkir ömürləri mizan-tərəzi,

    Duzun duz, kəmin kəm hesabı gedir.

    Süzgəcdən süzürlər hər birimizi,

    Ayrıca haqq-hesab kitabı gedir.

     

    Elə adam var ki, çıxdaşdır daha-

    Piştaxta küncünə atılıb qalar,

    Adamlar görmüşəm qızıldan baha,

    Dəstəsi on qəpik olanlar da var.

     

    Hər kəs qiymətini özü yazıbdır

    Qiymət kağızına öz əlləriylə.

    Kim nə dəyərdədir, nə qazanıbdır

    Ölçülür-biçilir əməlləriylə.

     

    Taparsan burada kimi dilərsən,

    Bazar öz nırxını dəyişməz qəti,

    Bu dünya bazardır, özün bilərsən,

    Ya cəhənnəmi al, ya da cənnəti.

    Tofiq YUSİF

     

    BUYMUŞAM

    Məni əfəl görüb qına,

    Buymuşam, fələk, buymuşam.

    Bu daşı bu caynağımla

    Oymuşam, fələk, oymuşam.

     

    Qar ələndi, yol islandı,

    Hardan olum istiqanlı?

    Ürəyimi qanlı-qanlı

    Soymuşam, fələk, soymuşam.

    Gözüm o dağın yalında,

    Gah sağında, gah solunda.

    Bu canı haqqın yolunda

    Qoymuşam, fələk, qoymuşam.

     

    Mən düşdüyüm nə işiydi?

    Yerim, yurdum dəyişikdi.

    Bircə ölümüm əskikdi,

    Doymuşam, fələk, doymuşam.

     

    Nağıla düşdüm, nağıla,

    Çətin bu yaram sağala.

    Zirəddin kimi oğula

    Qıymışam, fələk, qıymışam.

    Zirəddin QAFARLI

    DAŞ ÇIXARDIRAM

    Altmışımda gəlib ağıl üstümə,

    Damağım yarılıb, diş çıxardıram.

    Gün doğub təzədən mağıl üstümə,

    Çilləm yol üstədi, qış çıxardıram.

     

    Dodağım çatdıyır, dilim qabarır,

    Sahilləri yuyur, selim qabarır,

    Mən şeir yazanda əlim qabarır

    Qayanı çapıram, daş çıxardıram.

     

    Hərdən qızdırması, dondurması var,

    Bəxtin olanımı sovurması var.

    Kişmişi yerində, qovurması var,

    Süfrəmə layiqli aş çıxardıram.

     

    Gəldim, bu dünyanın dərdim dərdini,

    Dərdim, ürəyimə verdim dərdini.

    Dərdimnən ziyada gördüm dərdini,

    Qəlbim qan ağlayır, yaş çıxardıram.

     

    Bu qədər qəzəbin, kinin içində,

    Bizim kara gəlməz minin içində.

    Bu qədər şeytanın, cinin içində

    Əlövsət, mənəm ki, baş çıxardıram

    Əlövsət SALDAŞ

     

    Müəllif: Redaktor, 10:35

İsmarıclar bağlıdır.