Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    VƏTƏN HƏSRƏTİNƏ SON QOYULACAQ

    Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 27 il keçir.
    İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə, 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
    İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.
    Müsahibim Laçın rayonundan məcburi köçkün olan vətəndaşlarından biri Budaqov Fazil Xanlar oğludur. Fazil müəllim dağlar oğlu kimi qürurlu, mərd görkəmə malik olsa da, yaz buludu kimi dolub. Onunla söhbətim zamanı Vətən həsrəti ilə yanıb-yaxılan, doğma Laçının torpağı-daşı üçün şama çevrilərək şölələnib əriyən bir insanla üz-üzə dayandığımı hiss etdim. Hər sualdan qəhərlənib, fikrini kövrələrək bildirirdi Fazil müəllim.
    Dedi ki, 1973-cü il iyun ayının 27-də Budaqdərə kəndində doğulub. Qaçqın düşən zaman 22 yaşı varıydı. Bakı şəhərində Plan-Uçot Texnikumunda tələbə idi. Bütün Laçınlı gənclər kimi o da vətəninin dar günündə el-obasının hay-harayına çatmaq fikri ilə kəndə gəlmişdi. Ermənilərin xəyanətkar, mənfur niyyətlərinin həyata keçirilməsinə mane olmaq istəyən kənd sakinləri o gecənin dəhşətini yaşamağa məcbur qaldılar. Bütün laçınlılar kimi 22 yaşlı Fazilin ailəsi də mayın 18-də doğma ocaqlarını qoyub çıxdılar. Ağcabədi rayonunun Taxtakörpü qışlağına gəldilər. Lakin orda da çox qala bilməyib, Tərtərə üz tutdular. 1992-ci ilin avqust ayından Şıxarx qəsəbəsində məskunlaşdılar. Burdan dağlara yol daha yaxındır,–dedilər. Elə həmin il atası Xanlar Köçəri oğlu 60 yaşında dünyasını dəyişdi və Tərtərdə torpağa tapşırıldı.
    Artıq 27 il ötür. Fazil müəllim məskunlaşdığı Tərtəri özünə doğma bilir. Deyir ki, burada ailə qurub, oğul-uşaq sahibi olub. Hazırda Laçın rayonunun Hacıxanlı kəndinin icra nümayəndəsidir. Həm də ictimai əsaslarla Laçın Rayonu İcra başçısının Tərtər rayonu üzrə səlahiyyətli nümayəndəsidir. Böyük oğlu Sənan Aprel döyüşlərinin iştirakçısı olub. Qızı Ləman Bərdə Dövlət İdarəetmə Kollecini bitirib, kiçik qızı Fidan orta məktəb şagirdidir, 7-ci sinifdə oxuyur.
    Fazil müəllim bildirdi ki, dövlətimizin rəhbəri Prezident İlham Əliyevin qayğısı ilə Şıxarxda salınmış köçkün şəhərciyində 4 otaqlı evlə təmin olunub.
    Hər cür şəraiti olan bu evin onların istifadəsinə verilməsinə görə ölkə rəhbərinə öz minnətdarlığını bildirir. Lakin hər an 87 yaşlı anası Fəhruz Surxay qızını düşünür. Deyir ki, heç olmasa anam Laçının azad olduğunu görəydi.
    Bu gün Fazil müəllim Laçın həsrəti ilə bərabər şəhid olmuş Milli Qəhrəman xalası oğlu Oqtay Güləliyevin, əmisi oğlu Ələsgərov Əsəd Əjdər oğlunun, 7 nəfər sinif yoldaşının şəhidlik acısını yaşayır.
    Ümid edir ki, yaxın zamanlarda vətən həsrətinə son qoyulacaq.

    Yazıları hazırladı:
    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:47

İsmarıclar bağlıdır.