Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    DOĞMA YURDU YENİDƏN GÖRƏCƏKLƏR

    Məmmədov Tağı Allahverdi oğlu 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin üzvüdür. Onunla söhbətimiz zamanı özü haqqında və keçdiyi döyüş yolundan danışdı. Bildirdi ki, əslən Kəlbəcər rayonunun Ağdaban kəndindəndir. 1981-ci ildə ailəsi ilə birlikdə Ağdərə rayonuna köçüb. Natamam orta məktəbi orada bitirdikdən sonra Tərtər rayonundakı 96 №-li texniki peşə məktəbində traktorçu-maşinist peşəsinə yiyələnib. Peşə məktəbində təhsil aldığı zaman 1988-ci ildə Bəyimsarov kəndinə köçüblər. O zamandan burada yaşayıb və işləyib.
    1992-ci ilin avqust ayının 20-də Tərtər hərbi komissarlığından ordu sıralarına çağrılıb. Vətənin dar günü olduğundan döyüşə qatılıb. Minaatan bölməsində xidmət edib. Ağdərə ətrafı kəndlərin işğalçılardan təmizlənməsində mənfur ermənilərə qarşı döyüşüb. Döyüş yolu Marquşevan, Sərsəng Su Anbarı, Drombon, Çıldıran və Ağdərə rayonunun digər kəndlərindən keçib. Bir neçə dəfə yaralanıb, hospitalda müalicə alıb, sağaldıqdan sonra yenidən döyüşlərə qatılıb. Sonuncu dəfə aldığı yara daha ağır olub. O zaman əsgər yoldaşını qoruyarkən qəlpə onun kürəyini dağıdıb.
    Tağı Məmmədovun bu xidmətləri nəzərə alınaraq onu zabit kursuna göndəriblər. 3 ay təhsil aldıqdan sonra həmin hərbi hissədə taqım komandiri təyin olunur. 1998-ci ildə isə bölük komandirinin müavini vəzifəsinə irəli çəkiblər. Çox keçmədən o, başqa hərbi hissəyə dəyişdirilərək bölük komandiri təyin edilir. Bu cəsur hərbiçi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hadisələri zamanı da, atəşkəs elan olunduqdan sonra da torpaqlarımızın müdafiəsində müsəlləh bir əsgər olub. 1999-cu ilin noyabr ayından ordu sıralarından tərxis olunub.
    2-ci qrup Qarabağ müharibəsi əlili olan Tağı dəfələrlə fəxri fərman, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb. O, dövlətin və ölkə Başçısının qayğısından razılığını bildirdi. Pensiya və təqaüdlərin artırılmasının əlillərə böyük kömək olduğunu göstərdi. Ona torpaq sahəsi verilməsindən, sanatoriyalara göndərilməsindən danışdı.
    Tağı onu da bildirdi ki, 3 övlad atasıdır–2 qızı, 1 oğlu var. Qızları ailəlidir. Oğlu isə Mingəçevir şəhərindəki turizm kollecində təhsil alır. Torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayırlar. Əmindirlər ki, o gün gələcək və bir Kəlbəcərli kimi doğma yurdu yenidən görəcəklər.

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.