Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    TANRIYA QOVUŞMAQ FƏLSƏFƏSİ

    Orta dövr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan İmadəddin Nəsimi ana dilində yaranan ictimai, fəlsəfi qəzəlin banisidir. Dövrün ziddiyyətlərinə böyük həssaslıqla cavab verən şair zəngin poeziyası ilə hər cür zülmü, ədalətsizliyi, qeyri-insaniliyi rədd etmiş, həqiqəti, insanlığı, insanın mənəvi gözəlliyini müdafiəyə qalxmış, qəlbinin hərarəti ilə insanı ucaltmış və tərənnüm etmişdir. Onun poeziyasında dünyaya, insana, fikir və əməllərinə yeni bir münasibət ifadə olunmuşdur.
    Böyük şair 1369-cu ildə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Şamaxı şəhərində dünyaya göz açmışdır. Şairin əsl adı Əlidir. Peyğəmbər nəslindən olduğu üçün “Seyid” adlandırılmışdır. Uşaqlığında və ilk gəncliyində mükəmməl dini təhsil aldığına, Quranı, hədisləri və başqa nüfuzlu dini ədəbiyyatı dərindən öyrəndiyinə görə “İmadəddin”, yəni “dinin dayağı” ləqəbini almışdır. “Hüseyni”, “Seyyid” və “Nəsimi” təxəllüsləri ilə şeirlər yazmışdır. Şair “Hüseyni” təxəllüsünü məşhur Sufi Şeyxi Həllac Hüseyn İbn Mənsurun, “Nəsimi” təxəllüsünü isə hürufiliyin banisi, mürşüdü Fəzlullah Nəiminin şərəfinə götürmüşdür. Doğulduğu yerə görə Nəsimi bir sıra qaynaqlarda “Şirvani” nisbəsi ilə də xatırlanır.
    Nəsiminin həyatını 2 mərhələyə ayırmaq olar. Birinci mərhələ 1386-cı ilə qədərki dövrü əhatə edir.
    Bu dövrdə Nəsimi yorulmaq bilmədən təhsilini kamilləşdirmiş, dövrünün dini və dünyəvi elmlərini, eləcə də özünə qədər 3 dildə–ərəb, fars və türk dillərində yaranmış Yaxın və Orta Şərq poeziyasını, fəlsəfi fikrini öyrənmişdir. Əldə etdiyi zəngin biliklər onun əsərlərində öz əksini tapmışdır.
    Şairin həyat və fəaliyyətinin ikinci dövrü sufizmin bir qolu olan hürufizmin banisi, Təbrizli Fəzlullah Nəiminin öz ideyalarını təbliğ etmək üçün 1386-cı ildə Şirvana gəlməsi ilə bağlıdır. Nəimi ilə tanış olduqdan sonrakı 30 ilini ürəkdən bəyəndiyi hürufilik ideyalarının müxtəlif xalqlar arasında yayılmasına həsr edir. Ancaq onun türkcə şeirləri ərəb və fars dillərində yazdığı əsərlərdən daha çox olduğu üçün, Nəsiminin türklər arasında təbliğat işini daha geniş şəkildə apardığını söyləmək olar. Şair özü də əsərlərində Bakı, Şirvan, Anadolu şəhərlərindən, Bursa, Larəndə, o zaman Osmanlı imperiyasının tərkibinə daxil olan, türk torpaqları sayılan və türklərin yaşadıqları Bağdad, Şam, Misir, Hələb kimi yerlərin adını çəkmişdir.
    Nəsiminin anadan olması ilə təxminən eyni vaxtda–1370-ci ildə Səmərqənddə hakimiyyəti ələ alan böyük türk hökmdarı və fateh Əmir Teymur dünya ağalığı fikri ilə Qərbə doğru yürüşə çıxır və tezliklə Ankaraya qədər çox böyük torpaqları işğal edir. Orta əsrlərdə tez-tez baş verən bu cür amansız müharibələr minlərlə insanın həyatına son qoyur. Şəhər və kəndlərin dağılmasına, əhalinin görünməmiş müsibətlər çəkməsinə səbəb olurdu. Bütün bunlar dövrün qabaqcıl şəxsiyyətlərində etiraz doğururdu. Ancaq bu etirazı açıq şəkildə bildirmək təhlükəli idi. Buna görə də humanizm və insan hüquqları uğrunda mübarizə aparan ağıllı adamlar bütün bunları xalqın başa düşəcəyi formaya salır, din və təriqət pərdəsinə bürüyürdülər. Banisi Fəzlullah Nəimi, ən böyük nümayəndəsi isə Nəsimi olan hürufilik təriqəti də elə bu cür meydana çıxmışdı. Hürufiliyin nəzəri əsasları, ilk növbədə Nəiminin əsərlərində əks etdirilmişdir. Onun “Cavidannamə”, “Məhəbbətnamə”, “Növnnamə”, “İskəndərnamə”, “Vəsiyyətnamə” əsərləri bu fəlsəfi təlimin ən mühüm abidələridir. Bu təriqətin əsas prinsipini insanın Tanrı tərəfindən çox böyük potensial imkanlarla yaradıldığı və onun öz nəfsini kamilləşdirmək, heyvani instintlərdən çəkinmək yolu ilə ilahi mərtəbəyə yüksəlməyə qadir olmaq imkanı təşkil edirdi. Ancaq bu prinsipin doğruluğunu sübut etmək üçün nüfuzlu qaynaqlardan dəlillər gətirmək lazım idi. Bu işdə ərəb əlifbasının işləndiyi ölkələrdə geniş yayılmış əbcəd hesabı köməyə gəlirdi. Əbcəd hesabına əlifbadakı hər bir hərfin öz rəqəm qarşılığı vardır. Hürufilər də elə bundan istifadə edərək, Qurandan aldıqları müxtəlif müqəddəs ayə sözləri riyazi baxımdan müqayisə edir, bunlar arasında bərabərlik tapır və bu vasitə ilə insanın ilahi mərtəbəyə layiq olduğu zülm və zəlalət üçün yaradılmadığı fikrini əsaslandırırdılar. “Hürufi” sözünün özü də ərəb dilindən tərcümədə “hərflərə aid olan” anlamını verir.
    Hürufizmin humanist, azadlıqsevər ideyalarının xalq arasında getdikcə daha çox yayılması hakim dairələri və mürtəce ruhaniləri narahat etdiyindən, 1394-cü ildə bu təriqətin başçısı Fəzlullah Nəimi həbs edilərək, mühasirədə olan Əlincə qalasının yanına gətirilir. Bu zaman Əmir Teymurun oğlu Miranşah Azərbaycanda ağalıq edirdi. Onun əmri ilə Nəimi işgəncə ilə edam edilir. Ölümündən bir qədər əvvəl Nəimi vəsiyyətnaməsini yazaraq müridlərinə–şagirdlərinə çatdıra bilir. Onun tövsiyəsi ilə şagirdləri müxtəlif ölkələrə dağılaraq, hürufilik ideyalarını yaymağa başlayırlar. Nəsimi də o zamana qədər hürufilərin mərkəzi olan Bakını tərk edərək, Ruma–Anadoluya gəlir. Bir müddət burada qalaraq, özünə çoxlu tərəfdarlar qazanır. Ancaq Osmanlı sultanı birinci Murad da hürufilik ideyalarının tərəfdarlarını təqib etdiyindən şair İraqa və Suriyaya getməyə məcbur olur. Bir müddət Hələb şəhərində fəaliyyət göstərən Nəsimi burada həbs edilərək, ustadı Nəimi kimi işgəncə ilə qətlə yetirilir. Bu hadisə 1417-ci ildə baş vermişdir. Böyük şair Hələb şə-hərində dəfn edilmişdir. Onun qəbri indi də ziyarətgah kimi xalq arasında tanınır.
    Nəsiminin mübariz şeirləri, ibrətamiz həyatı və faciəli ölümü onu Yaxın və Orta Şərqdə, türk dili anlaşılan ictimai-mədəni mühitlərdə çox məşhurlaşdırmışdır.
    Nəsimi yaradıcılığa erkən yaşlarında başlamış, Azərbaycan və fars dillərində mükəmməl şeir divanları yaratmışdır. O, seirlərinin az bir qismini “Seyyid” və “Hüseyni”, çox hissəsini “Nəsimi” təxəllüsü ilə yazmış, ədəbi-ictimai fikir tarixində “Nəsimi” təxəllüsü ilə məhşurlaşmışdır.
    Nəsimi lirik sairdir. Onun başlıca tərənnüm obyekti məhəbbət və gözəllikdir. Orta dövr Azərbaycan şairlərinin bir çoxu kimi Nəsiminin də əsərlərində tərənnüm olunan məhəbbət fəlsəfəsi mahiyyətdədir, şairin hürufi baxışlarının bədii ifadəsidir. Bu məhəbbət ilahi səciyyəlidir, yəni insanın Allaha olan eşqidir, daxilən saflaşmaq, kamilləşmək və Tanrıya çatmaq, ona qovuşmaq yoludur:
    Eşq ilə gəldi cəmiyi ənbiya,
    Eşqdir seyrü süluki-övliya,
    Eşq ilə yola girirlər biriya,
    Eşq ilə vasil olurlar Tanrıya.
    Nəsiminin məhəbbət mözusunda yazdığı şeirlərdə işlətdiyi sözlər və tərənnüm etdiyi obrazlar daha çox rəmzi məna daşıyır. Onun lirik qəhrəmanı Aşiq insanın, Məşuq isə Tanrının simvoludur. Şair “dilbər”, “günəş”, “nigar”, “dildar”, “yar” dedikdə ilk növbədə Allahı, sonra da onun Yerdəki görüntüsü kimi qəbul etdiyi Fəzlullah Nəimini nəzərdə tutur.
    Ancaq Nəsiminin şeirlərində dünyəvi gözəlin də tərənnümü vardır. Onun qəzəl, tuyuq və rübailərinin bir qismində təsvir edilən gözəl real həyat adamıdır.
    Nəsimi irsinin mühüm qismini ictimai-fəlsəfi məzmunlu şeirləri təşkil edir. “Ey mənə nahaq deyənlər, qandadır bəs yaradan?”, “Küntə kənzin sirrini izhar edər…”, “Mən mülki cahan…”, “Məndə sığar iki cahan… “ kimi əsərlərində böyük humanist fikirlər, bəşəri duyğular və dərin fəlsəfi ideyalar aşılayan Nəsimi poeziyası bədii gözəlliyinə görə nadir sənət incisidir.
    Nəsiminin sənətkarlıq qüdrəti fəlsəfi şeirlərində tamam başqa çalarda meydana cıxır. Həqiqi insanlıq himni kimi səslənən belə əsərlərində şair panteist fəlsəfənin müddəalarını yüksək bədiiliklə ifadə edir. Həmin fəlsəfəyə görə bütün kainat Tanrıdan ibarətdir. İnsanlar isə Tanrının zərrələridir. Onlar öz əsllərinə–Tanrıya qovuşmaq üçün çırpınırlar. Bu arzuya çatmaq üçün insan kamilləşməli, çirkin ehtiraslardan uzaq olmalı, saflaşmalı, pak əməl sahibi olmalıdır.
    Öz şeirlərində bu cür humanist ideyalar tərənnüm etdiyinə görə Nəsimi poeziyası 650 il bundan əvvəl yaranmasına baxmayaraq, bu gün də sevilir, öz bədii estetik gözəlliyini qoruyub saxlayır.

    Rəfiqə SÜXƏNDANİ,
    Seydimli kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 08:53

İsmarıclar bağlıdır.