Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    MƏTBUATIN HƏYATIMIZDAKI ROLU

    Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin ki, mən jurnalistləri həmişə sevmişəm.
                                                                                                                                    Heydər ƏLİYEV
    Azərbaycanda mətbuatın əsası Həsən bəy Zərdabinin təşəbbüsü sayəsində 1875-ci ildə “Əkinçi”nin nəşrə başlaması ilə qoyuldu. Onun ətrafında Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundzadə, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani kimi mütəfəkkirlər toplaşdılar.
    Həsən bəy Zərdabi deyib: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”.
    Qəzet bizim keçmişimizi və bu günümüzü əks etdirən güzgüdür. Mətbuat insanın maariflənməsində böyük rol oynayır. O elə bir informasiya vasitəsidir ki, görülən işlərin işıqlandırılmasında və mövcud nöqsanların aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir.
    “Əkinçi”nin sələflərindən biri olan “Yeni Tərtər” qəzeti də çox kəşməkeşli tarixi yol keçib. Bu qəzet 85 ildir ki, Tərtərin tarixi salnaməsini yazır. Bu gün də ayda 3 dəfə 1500 nüsxə ilə vaxtlı-vaxtında nəşr olunmaqla fəaliyyət göstərir. Bu mətbuat orqanı səhiyyə, mədəniyyət, təhsil, idman, ədəbiyyat və kənd təsərrüfatı, milli-mənəvi dəyərlərin qorunması və digər sahələrdə məlumatları oxucuya çatdırır.
    Ümummilli lider Heydər Əliyev 1998-ci ilin 16 avqustunda “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərman imzalayıb. Bu fərmana əsasən mətbuat üzərindəki senzura ləğv edilib, azad və sərbəst sözə şərait yaradılıb. Bundan sonra respublikamızda mətbu orqanların sayı xeyli artıb, sərbəst düşüncəyə geniş meydan açılıb və mətbuat işçiləri hər cür qayğı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı sərancamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fond ölkədə mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsində jurnalistlərin fərdi yaradıcılıqlarının inkişafında, mediaya maddi dəstək göstərilməsində və KİV-lərin nümayəndələrinin sosial müdafiəsinin təmin olunmasında və digər sahələrdə mətbuat işçilərinə yaxından köməklik göstərir.
    Prezident İlham Əliyev “Mətbuatın dostu” mükafatına layiq görülən zaman: “jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir”–deyib.
    Mətbuatın qəzet, jurnal, radio, televiziya və internet kimi vasitələri var.
    Jurnalist əyrini əyri, düzü düz kimi göstərməli, vətəninə, xalqına şərəflə xidmət etməlidir. Bu peşənin sahiblərinin yaxşı yazmaq qabiliyyəti onun istedadından, sənətinə olan marağından irəli gəlməlidir. Yazı, müəllifinin kim olduğunu oxucuya çatdırır. Çətin və məsuliyyətli peşə olduğu üçün hər hansı yazını yazarkən çox diqqətli olmaq lazımdır. Mətbuat işçisi öz fikrini qısa və aydın sözlərlə oxuculara çatdırmalıdır.
    “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nda göstərilir:
    -Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
    -Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.
    -Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın.
    -Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır.
    -Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.
    -Jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz.
    Şükürlər olsun ki, son illər media işçiləri vətənimizdə qazanılan nailiyyətlər haqqında geniş yazırlar.
    “Yeni Tərtər” qəzetinin əməkdaşı kimi qeyd etmək istəyirəm ki, bizim qəzet bölgə mətbuatı sırasında özünəməxsus yer tutub və müəyyən mövqe sahibinə çevrilib. “Yeni Tərtər” qəzetinin kollektivi çalışır ki, zamanın nəbzini tutaraq, mətbuatın informasiya daşıyıcısı xüsusiyyətindən operativ qaydada istifadə etsin və oxuculara hər bir xəbəri vaxtında, obyektiv olaraq çatdırsın. Bu prinsiplərin yerinə yetirilməsini təmin etmək məqsədilə “Yeni Tərtər” qəzeti özünün elektron saytını yaratmışdır. Bu sayt 3 il-dən çoxdur ki, fəaliyyət göstərir və hazırda 20 ölkədə 10 mindən çox izləyicisi vardır.
    Mən respublika və rayon qəzetlərini “Mətbuat və Jurnalistika günü” münasibətilə “Yeni Tərtər” qəzeti adından təbrik edirəm və əldə olunan uğurları həmişə sevinclə xalqımıza çatdırmağı arzulayıram.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:09

İsmarıclar bağlıdır.